Mərkəzi Seçki Komissiyasının sədri TÜRKPA nümayəndə heyəti ilə görüşüb

post-img

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan TÜRKPA-nın nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilçinin başçılıq etdiyi heyətlə görüşüb.

Görüşdə MSK sədri M.Pənahov Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

O diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini vurğulayıb. Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. O, həmçinin 2471 məntəqədə əlillər üçün pandus quraşdırıldığını bildirib. Bundan əlavə, M.Pənahov Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün üç təşkilatın müraciət etdiyini vurğulayıb.

O, parlamentə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib. MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb.

Qonaq öz növbəsində MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu deyərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri A.Zenbilçi növbədənkənar parlament seçkilərinin ilk dəfə işğaldan azad edilmiş ərazilərdə keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycanın bütün dünyaya demokratiya nümayiş etdirdiyini diqqətə çatdıraraq seçkilərin ən yaxşı şəkildə keçiriləcəyindən əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Siyasət