Hollivudun məşhur aktrisası Ancelina Colinin baş rolu ifa etdiyi və tanınmış türk aktyoru Haluk Bilginerin də əsas obrazlardan birini canlandırdığı “Mariya” filmi Venesiya kinofestivalında iştirakçılar tərəfindən 8 dəqiqə ərzində ayaq üstə alqışlarla qarşılanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu ekran əsəri dünyanın ən məşhur opera müğənnilərindən biri – Mariya Kallasın həyatından bəhs edir. Kino tənqidçiləri Ancelina Colinin baş rolu ifa etdiyi bu filmin Oskar mükafatı alacağını proqnozlaşdırırlar. Aktrisa bildirib ki, Mariya Kallasın obrazını daha inandırıcı canlandırmaq üçün yeddi ay ərzində opera sənəti dərslərinə qatılıb.
Filmdə yunanəsilli sahibkar, dünyanın ən varlı adamlarından biri olmuş Aristotel Onassisi canlandıran türk aktyor Haluk Bilginer isə festivalın açılışında iştirak etməyib.