Biz müşahidə missiyası olaraq Azərbaycandakı sabitliyi, təhlükəsiz şəraiti yüksək qiymətləndiririk. Azərbaycan bir nümunədir. Seçki prosesi çox məsuliyyətli prosesdir və Azərbaycan xalqının buna hazır olması bizi çox sevindirir. İnanırıq ki, parlament seçkiləri uğurla keçəcək və ölkənin tərəqqisinə təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri, qurumun Baş katibi Nuran Niyazəliyev avqustun 30-da MSK-nın sədri Məzahir Pənahovla görüşdə səsləndirib.
O bildirib ki, dünyada fəaliyyət göstərən nəhəng qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Bizim prinsipimiz seçki prosesinin şəffaf keçirilməsi, ölkənin daxili işlərinə qarışmamaq şərtilə bu prosesdə neytrallığı, obyektivliyi qorumaqdır.
Nuran Niyazəliyev seçki prosesinə hazırlıq prosesi ilə ətraflı tanış olduqlarını deyib və prosesdən razı qaldıqlarını vurğulayıb.