Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Makron fransızların demokratik dəyərlərini məhv edir
“Telegram”ın yaradıcısı Pavel Durovun Paris Hava Limanında saxlanılması Emmanuel Makron komandasının irticaçı addımlarını yenidən gündəmə gətirib. Fransa hüquq-mühafizə orqanları Durovu “Telegram” sosial şəbəkə platformasında cinayətkar istifadənin qarşısını almaq üçün zəruri addımlar atmamaqda ittiham edirlər.
Onların istinad etdikləri yeganə mənbə “Onlayn resurslarda nifrət nitqi haqqında” Qanundur. Fransada 2020-ci ilin may ayında qəbul edilmiş bu qanun sosial şəbəkə adminləri qarşısında tələb qoyur ki, saxta, qanundankənar informasiyaları, nifrət doğuran məlumatı müəyyən etmək üçün mexanizmlər qursunlar. Həmçinin, qeydə alınmış dezinformasiya və ya nifrət nitqini 24 saat ərzində silib dövriyyədən çıxarsınlar.
Məsələ ondadır ki, bu qanunun tələbləri Durovun həbsi üçün yetərli səbəb deyil. Çünki “Telegram” beynəlxalq statuslu sosial şəbəkə platformasıdır. “Onlayn resurslarda nifrət nitqi haqqında” Qanun isə lokaldır, yalnız Fransa ərazisi üçün keçərlidir. Qanun bu platformanın yalnız yerli seqmentinə tətbiq edilə bilər. Əlavə olaraq, qanun tələbləri pozan sosial şəbəkə platformaları üçün həbsdən öncə cərimə prosedurlarını nəzərdə tutub. Qanunu pozanlar 1,25 milyon avro (1,36 milyon dollar) məbləğində cərimələnə bilərlər ( https://edition.cnn.com/2020/05/13/tech/french-hate-speech-social-media-law/index.html ). Fransa hüquq-mühafizə orqanlarının imkanı var idi ki, qanunun bu maddəsinə istinad edib “Telegram”a cərimə tətbiq etsinlər. Amma onlar birbaşa platformanın qurucusunu həbsə almaqla müəmmalı davranıblar.
Bu, başqa məsələdir ki, Fransada qəbul edilmiş “Onlayn resurslarda nifrət nitqi haqqında” Qanun özü mübahisəlidir. Onun əksər prinsiplərinin Avropa İttifaqının qəbul etdiyi “Rəqəmsal Xidmətlər Aktı” ilə ziddiyyət təşkil etdiyi bildirilir. Bu ziddiyyətlərə görə, Fransa Avropanın özündə ciddi tənqidlərə məruz qalır.
Analitik mərkəzlər iddia edirdilər ki, həm 2020-ci ildə qəbul edilmiş “Onlayn resurslarda nifrət nitqi haqqında” Qanun, həm də 2018-ci ildə qəbul edilmiş “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı Qanun” Fransada demokratiya üçün təhlükə yaradır. Bu qanunlar ifadə azadlığını boğur, mətbuatda senzuraya yol açır. “Evroneus” yazır ki, “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı Qanun” hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” dərhal silmək üçün səlahiyyət verməklə ifadə azadlığını pozur, tənqidi səsləri susdurmağa şərait yaradır. Çünki qanun “saxta xəbərlə” “tənqidi fikri” fərqləndirmək üçün yetərli anlayış vermir. Hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirməyə kömək etmir: “Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də tənqidi fikirlər dövriyyədən çıxarılsın” ( https://www.euronews.com/2018/11/22/france-passes-controversial-fake-news-law ). Eyni təzad “Onlayn resurslarda nifrət nitqi haqqında” Qanuna da şamil edilir. Makron komandası dezinformasiya və nifrət nitqi anlayışları adı altında özünə və komandasına qarşı yönəlmiş tənqidləri susdurmaq istəyir.
Adıçəkilən qanunlarda ən önəmli məqam budur ki, onlar sosial şəbəkə platformaları qarşısında öhdəliklər yaradırlar. Fransa hüquq-mühafizə orqanlarına səlahiyyət verilir ki, sosial şəbəkə platformalarının yerli seqmentinə müdaxilə edə bilsinlər. Bu müdaxilələri qəbul etməyən platformalar yüksək məbləğdə cərimələnirlər. Fransa “Telegram”dan əvvəl “Youtube” və “Twitter”lə (X) də eyni kontekstdə mübahisə yaradıb. Amma “Telegram”dan fərqli olaraq “Youtube” və “Twitter” adminləri haqqında həbs qərarı çıxarmağa cürət etməyib. Makronun “X” və “Meta” rəhbərliyinə qarşı həbs qərarı çıxarmağa da cürəti çatmaz. Onun komandası öz hikkəsini Durovun üzərinə tökə bilib. Saxta maddələrlə cinayət işi açıb. Əsl səbəb Makronun Durovdan “Telegram”ın məxfi şifrələrini istəməsidir. Məlumdur ki, “Telegram” Rusiya və MDB ölkələrində ən məşhur sosial şəbəkə platformasıdır. Məhz bu səbəbdən Durovu sıxışdırıb “Telegram”a giriş kodlarını almaq istəyirlər.
Maraqlıdır ki, gecə-gündüz dünyada ədalətdən, demokratiyadan, söz və ifadə azadlığından dəm vuran ölkələr Fransa hakimiyyətinin son qərarına göz yumurlar. Hansı ki, 2018-ci ildə Rusiya məhkəməsi “Telegram”la bağlı işə baxanda “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Jurnalistləri Müdafiə Komitəsi” daxil olmaqla 26 beynəlxalq təşkilat bəyanat verərək, faktı pisləmişdilər. Rusiyanı ifadə azadlığını pozmaqda ittiham etmişdilər. İndi Fransa hökuməti daha sərt addım atıb, “Telegram”ın qurucusunu həbs edib. “Beynəlxalq QHT-lər” niyə susurlar? Avropa İttifaqı, ABŞ Dövlət Departamenti bəyanat vermək üçün niyə gecikirlər? Qərb özünün bəyan etdiyi prinsiplərə niyə etinasız yanaşır?
Yeri gəlmişkən qeyd edək ki, 2017-ci ildən, yəni Emmanuel Makronun hakimiyyətə gəldiyi ildən etibarən, Fransada mürtəce xarakterli qanunların qəbul edilməsi sistemli hal alıb. 2018-ci ildə “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” (Təkliflər paketi) Milli Assambleyada müzakirəyə çıxarılıb. Bu təkliflər ölkədə informasiya dövriyyəsinə aidiyyatı olan qanunların dəyişdirilməsini nəzərdə tutur. “Rabitə haqqında 1986-cı il tarixli Qanun”, “Rəqəmsal iqtisadiyyat haqqında 2004-cü il tarixli Qanun”, “Audiovizual yayım haqqında Qanun”, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli qanun”, “Seçki Məcəlləsi” və digər hüquqi aktlar bu təkliflər paketinə uyğun olaraq dəyişdirilib və mürtəce hala salınıb. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirilərək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, “seçki prosesində dezinformasiya xarakterli məlumatların yayılmasına görə bir il həbs və ya 75.000 avro məbləğində cərimə ilə cəzalandırma” nəzərdə tutulur. Amma yuxarıda qeyd etdiyimiz kimi, dəyişdirilən qanunlarda “dezinformasiya” ilə “tənqidi fikrin” sərhədləri müəyyən edilməyib. Makron komandası özünə qarşı yönələn ciddi tənqidləri “dezinformasiya” və ya “nifrət nitqi” adı altında dövriyyədən çıxarmaq üçün səlahiyyət qazanıb. O, fransızların son 250 ildə qazandığı demokratik dəyərləri yox edir, başqa sözlə, Fransanı antidemokratik, kolonist dövlətə çevirir.