Ukraynada isteriya: anti-Azərbaycan motivləri

post-img

Yaxud timsahın göz yaşları

Prezident İlham Əliyevin Ukray­nanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə Prezident Volodimir Zelenskiyə ünvanladığı səmimi ruhlu təbrik məktubundan sonra belə düşünmək olardı ki, bu ölkənin media orqanlarında və sosial şəbəkə seqmentində başlanmış çirkin anti-Azərbaycan kampaniyası ara verəcək. Yəni, sözügedən kam­paniyanın birdəfəlik dayanacağına ümid edirdik, hətta əmin idik də. Təəssüf ki, gözləntimiz özünü doğ­rultmadı. Çünki kampaniyaya start verənlərin, obrazlı desək, düymələri çox yuxarılardan basılıb. 

Ukraynada Azərbaycanın bu ölkə üçün hansı önəm daşıdığını bilməmiş deyillər. Heç şübhə­siz, haqsızlığın fərqindədirlər. Ancaq maskaları­nı taxıb hərəkətə keçənlər öndədirlər. Görünür, düymələri basanlardan maskaları çıxarmaq əmri almayıblar və nalayiq hərəkətləri ilə durumu daha da dramatikləşdirmək yolunu tutur, sanki bütün “qırmızı cizgiləri” keçmək əzmini nümayiş etdi­rirlər. Nə deyək? Əllərindən gələni əsirgəməsin­lər.

Aydındır ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Qərb dairələrinin “gözünə girib”. Təsəvvür edin, Ukrayna ordusu Kursk istiqamətində uğur­lar qazanır, bu fonda dünyada anti-Rusiya təmayülü güclənir, Moskvanın mövqeləri­ni əldən verəcəyinə dair ənənəvi tezislərin pafosu tündləşir və bu an Kreml rəhbəri Bakıya gəlir. Əlbəttə, qıcıqlandırıcı du­rumdur. 

Bəli, kimlərsə qıcıqlanıb və Ukrayna­nın ictimai sektorunu üstümüzə salıb. Bu sektorun fəaliyyəti isə ölkə mediası və icti­mai rəyi adına son dərəcə miskin mənzərə formalaşdırır. Axı Ukraynada qabardılan anti-Azərbaycan tezislər bu ölkə xalqının mövqeyini əks etdirmir. Çünki Azərbaycan və Ukrayna xalqları həmişə bir-birinə isti və səmimi münasibətdə olublar. Bu mü­nasibət illərlə qazanılan son dərəcə böyük nemətdir və zamanın sınaqlarından keçib. Ortada olan durum isə onu deməyə əsas verir ki, Ukrayna mediası və sosial şəbəkə seqmentinin ayrı-ayrı hissəcikləri bir an­daca əldə edilmişlərin üzərindən xətt çək­məyə hazırdırlar. Miskin mənzərəni şərt­ləndirən də elə budur. 

Hazırda bütün dünya Ukraynaya dəstəyə köklənib. Hər halda, belə bir gö­rüntü var. Söhbət saxta görüntüdən gedir. Məgər hazırda Ukrayna xüsusunda ağzı­köpüklü bəyanatlar sıralayan Qərb ölkələ­ri Rusiyanın vacib xammalından imtina edirlər? Əlbəttə ki, yox. Bəlkə Avropaya rus ixracı dayandırılıb? Xeyr! Görəsən, Ukraynada hayların baş nazirinin həyat yoldaşına qucaq açılmış Ermənistanın son illərdəki iqtisadi inkişaf tempinin nə­yin bahasına olduğunun fərqindədirlər? …Ermənistan Rusiyanın sanksiya altına düşmüş mallarının Avropaya daşınmasının qeyri-rəsmi tranziti ilə məşğuldur. Eləcə də əks istiqamətə daşımalarda həlledici rol oynayır. Nəticədə Ermənistanda, guya ki, demokratik olan quruluş xalqı xoşbəxt gələcəyə və tərəqqiyə aparır. Belə çıxır ki, Qərbin təəssübkeşliyi Ukraynanın şəhər və kəndlərinin viran olmasına, əhalisinin məhvinə, acınacaqlı duruma düşməsinə, Ermənistanın isə çiçəklənməsinə xidmət edir. Görəsən, niyə kimsənin səsi çıxmır? Səbəb sadədir: Düymə basılmayıb. 

***

Bəli, Qərb aləmi hər fürsətdən an­ti-Azərbaycan kampaniyası aparmaq üçün “faydalanır”. Həmişə belə olub. Təəssüf doğuran hal budur ki, Ukrayna ictimai rə­yini formalaşdırmağa mükəlləf institutlar bu kampaniyada iştiraka razılıq verir, bü­tün dəyərləri tapdalamaq əzmlərini göstə­rirlər. Əslində, belələrinə nəyisə, nələrisə xatırlatmağın faydası yoxdur. Ancaq bir sıra məqamları açıqlamaq lazımdır ki, Ukrayna xalqının onlara müqaviməti ya­ransın. Bu yerdə Prezident İlham Əliyevin Prezident V.Zelenskiyə müstəqillik günü ilə əlaqədar təbrik məktubundan söz açaq. Daha doğrusu, sənədin məzmunundan.

“Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri bir­ləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərara­sı münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur” kimi fikirlərin yer aldığı məktubda ölkəmizin dost Ukrayna xalqına bundan sonra da lazımi humani­tar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyəti ifadə olunub: “Əminəm ki, Azərbaycan-Ukrayna dostlu­ğunun və etibarlı tərəfdaşlığının möhkəm­ləndirilməsi, əməkdaşlığımızın genişləndi­rilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Göründüyü kimi, dövlətimizin başçısı­nın fikirləri son dövrlərin gərginlik ab-ha­vasını aradan qaldırmağa köklənib. Mək­tubda yer alanlar həm də mesajdır. Mesaj qəflət yuxusunda olanları ayıltmalıdır. Ancaq onlar həm ayılmırlar, həm də mə­dəni ritorikadan heç nə anlamayacaq qədər iflic durumdadırlar. Qınadıqları SOCAR belələrinə psixoloji dispanserini inşa etdir­sin? Bəlkə bunu istəyirlər? Əlqərəz, ukray­nalı “başbilənlərin” hazırkı “fəaliyyətləri­ni” nəzərə alaraq, bəzi digər məqamları da xatırlatmaq məcburiyyətindəyik.

Xatırladaq və görək ki, Qərbin saxta Ukrayna təəssübkeşliyi fonunda ortaya hansı maraqlı nüanslar çıxır. Belə bir su­ala cavab tapaq: Ukrayna xalqının faciəsi iki il əvvəlmi başlamışdı? Əlbəttə ki, yox. Faciənin əsası 2014-cü ildə qoyulmuşdu – Rusiya Krımı ələ keçirəndə və Donbasda hərbi qarşıdurma yarananda. Həmin vaxt minlərlə ukraynalı həyatını itirmişdi. 

Bəs sonra nə oldu? Nə üçün həmin vaxt Qərb dairələri Rusiya ilə əlaqəni kəsmə­dilər? Necə oldu ki, həmin dairələr gedib Rusiya Prezidenti ilə əl sıxdılar? Məgər o zaman Putin Rusiyası günahkar hesab edilmirdi? Hansı səbəbdən Ukraynanın üzləşdiyi faciəyə indiki qlobal görkəm verilmədi? Çünki o zaman durum fərq­li idi. Anti-Rusiya planları indiki qədər aktual deyildi. Deməli, məqsəd və məna­felər amili dövriyyəyə girdi və onlara görə məhv olan insan həyatları heçə sayıldı? Yəni ki, indi durub Azərbaycanda Putinin əlinin sıxılmasını fərqli təqdim etməyə eh­tiyac yoxdur. Biz nə vaxt kimin əlinin nə məqsədlə sıxıldığından gözəl xəbərdarıq. 

***

Azərbaycan otuz ilə yaxın müddət­də işğaldan əziyyət çəkib. Torpaqlarımız qəsb ediləndə minlərlə şəhidimiz olub. Heç bir dövlət rəsmimiz həmin müddətdə, Bakı-İrəvan münasibətlərinin nizamlama prosesindən xaric, hansısa Ermənistan li­deri və rəsmisi ilə əlaqədə olmayıb. Biz işğalçı Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın Kiyevdə böyük hərarətlə qarşılanmasını bir kənara qoyuruq. Heç zamanında da bununla bağlı irad bildir­məmişdik. Amma nəzərə alaq ki, 2022-ci ilədək Putinlə görüşüb əl sıxanlar sırasında Ukraynanın dövlət başçıları da olub. Özü də onlar Rusiyaya münasibətdə 2014-cü ildə yaşanmış faciələr, Krım məsələsi yad­dan çıxıbmış kimi davranıblar. Görəsən, nəyə görə Ukrayna 2022-ci ilədək Rusiya ilə nəinki diplomatik əlaqələri davam etdi­rirdi, eyni zamanda, onunla iqtisadi əmək­daşlığı da reallaşdırırdı? Biz məsələni kateqorik qoyur və buna görə hesab edirik ki, Ukraynada heç kəsin ölkənin hazırda düşdüyü durumu əsas gətirib Azərbaycana moizə oxumağa, dərs keçməyə haqqı yox­dur. Kimsə bu haqqı özünə rəva bilirsə, bu­yursun yuxarıda göstərilən suallara cavab versin. Əminik ki, cavab tapılmayacaq. 

Suallar isə yetərincə çoxdur və onla­rın hamısını ünvanlamadan digər məqama keçid alaq. Hazırda belə təəssürat var ki, Ukraynadakı bəzi dairələr özlərini, sanki, dünyada hər kəsin ölkələrinə borcu varmış kimi aparırlar. Hamıdan Rusiya ilə müba­rizənin mükafatını istəyirlərmiş kimi dav­ranırlar. Belələri Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünün fərqində de­yillər. Yaddan çıxarırlar ki, ölkəmizin döv­lət maraqları bu maraqları nəzərə alan hər kəslə, o cümlədən, Rusiya ilə də normal münasibətlərin saxlanılmasını diktə edir. 

Ancaq biz məsələləri bir-birindən ayırd edə bilirik. Bu gün Ukrayna mediasının və sosial şəbəkə seqmentinin hədəfinə çevril­miş SOCAR Ukraynaya müharibə səbəbi ilə humanitar yardım göstərəndə də ayırd edirdik. O zaman Rusiyadakı bəzi ermə­nipərəst dairələr ayağa qalxıb ölkəmizi qınamaq yolunu tutmuşdular. Bakı mövqe­yindən döndümü? Yox! Ona görə yox ki, ölkəmiz özünü Ukraynaya borclu sayırdı. Yaxud da, Qərbdə kimlərinsə xoşuna gəl­məyi ağlımızdan keçirirdik. Düşünürdük ki, dostumuz dar gündədir. Bu gün də eyni fikirdəyik. Amma heç kəs öz dar gününə görə bizi müqəssir bilməməlidir. 

***

Onu da vurğulayaq ki, ukraynalılar mü­haribəyə görə Rusiyanı günahlandırırlar. Özləri bilərlər, amma onu da unutmamalı­dırlar ki, müharibə fəlakətini onların başı­na açan həm də Qərbdir. O Qərb ki, bu gün Ukraynadakı ermənipərəst tör-töküntüləri Azərbaycana qarşı çirkin kampaniyada is­tifadə edir. Bu kampaniyada “Qazprom”la yeni razılaşmaya malik SOCAR-dan imti­na edilirsə, belə çıxır ki, dövlət qurumumuz dağıdılmış, yerlə-yeksan edilmiş Ukrayna şəhəri İrpenin bərpasından uzaqlaşdırılma­lıdır? Bu, kimə sərfəlidir? Əlbəttə ki, Qər­bə. Axı ona anti-Rusiya cəbhəsində viran qalmış mənzərələr lazımdır! Dağıdılmış şəhərlərin, qəsəbələrin, puç olmuş insan talelərinin mövcudluğu Qərb mediasının saxta sentimentallığa əsaslanmış təqdimat­larının daha təsirli alınması üçün vacibdir. Axı timsahlar göz yaşlarını axıtmalıdırlar. Ortada Ukrayna kimi yağlı tikə var. 

***

Digər məqama keçid alaq. Azərbay­can postsovet məkanında Ukraynaya mü­haribə səbəbilə ən çox yardım göstərən, quruculuq işləri gerçəkləşdirən ölkədir. Ancaq Ukraynanın bəzi dairələri ortaya belə bir sərsəm tezis atırlar: “Qazprom”un SOCAR-la razılaşmaya görə əldə edəcəyi gəlir Rusiyaya güclənib həmin qurucu­luğu heçə endirmək, yenidən dağıntılar törətmək imkanı verəcək. Bu fikir sərsəm olduğu qədər də absurddur. Əvvəla, hadisə və proseslərə bu cür primitiv aspektdən ya­naşmaq doğru deyil. Çünki bir razılaşma o boyda Rusiyanı gücləndirəcək amil ola bilməz. 

İkinci bir tərəfdən, Rusiya ilə müha­ribə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayan və buna görə qazanc əldə edən Ukraynadır. Təsəvvür edin ki, Kursk ərazisindəki Sudja qazölçmə stansiyası ukraynalıların nəzarə­tinə keçəndən sonra da qaz nəqli davam edir. Bu təcrübəyə heç bir müharibədə rast gəlinməyib. 

Sual olunur: Ukrayna ərazisindən keçən Rusiya qazı hara gedir? Əlbəttə ki, Avropaya. O Avropaya ki, orada anti-Ru­siya ritorikası hakimdir. Deməli, “köhnə qitə”nin ölkələri də normal yaşamlarını sürdürürlər, Rusiya da qazancını götürür. Əzab çəkən, faciələrlə üzləşən, məşəqqət­lərə düçar olan isə ukraynalılardır. Belə ya­ramaz ssenarini Ukraynanın başına gətirən Azərbaycandırmı? Yox! Elə isə nə üçün ölkəmizin düşmən obrazı formalaşdırılır?

Bütün bunlardan sonra Ukraynada SOCAR-ı boykot etmək çağırışları varsa, buyursunlar. Görək, itirən kim olacaq? Hər halda, Ukrayna bazarı SOCAR üçün bir elə önəmli deyil. Təkrarən deyək ki, Azər­baycan Ukrayna ilə bağlı öz üzərinə düşən bəşəri missiyanı yerinə yetirir və təmənna güdmür. Ancaq ölkəmiz absurd ittihamlara dözmək niyyətindən də uzaqdır. O cüm­lədən, Ukrayna hakimiyyətinin bu iyrənc kampaniyanı sakit izləməsinə də laqeyd qala bilmərik. Axı hazırda ölkədə aparılan anti-Azərbaycan təbliğatı heç də media­nın və ictimai sektorun demokratizm zən­gulələrindən doğan rahatlığının məhsulu deyil. Hərbi şəraitdə Ukrayna mediasının haradək azad olduğu barədə də təsəvvürü­müz yetərincədir. Ona görə şübhələrimiz yaranır və yaranmaqda haqlıdır. Şübhələr fonunda isə ortaya daha böyük sual çıxır: bəlkə Azərbaycana qarşı çirkin kampani­yanı başladan elə Ukrayna hakimiyyətinin özüdür? 

Əlbəttə, dərhal bu fikri ağlımız­dan çıxarırıq. Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunun ovqatına köklənirik. Çünki “körpüləri yandırmaq” istəmirik. Anlayırıq ki, qazanılmışları bir andaca məhv etmək mümkündür. Əsas olan əldə edilmişləri qo­ruyub saxlamaqdır. Yaxşı olar ki, bu barədə Ukrayna iqtidarı da düşünsün. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət