Vətən müharibəsinin fəlsəfəsi

post-img

IV MƏQALƏ

Biz sülhdən faydalanmaq istəyiriksə, savaşmalıyıq.

SİSERON

Azərbaycan nümunəsi 

Mövzuya aid III məqalədə Vətən mü­haribəsinin bir neçə nümunəsinin müqa­yisəsi göstərir ki, azadlıq savaşı aparan dövlətlərin son məqsədləri fərqli ola bilər. Bu baxımdan II Qarabağ savaşı Azərbay­canın müasir dövrdə Vətən müharibəsi kimi onların hər birindən fərqlənir. 

Həmin anlayışın kökündə milli ideya dayanır: ərazi bütövlüyünü təmin etmək. Ölkənin və dövlətin bütün fəaliyyəti bu ideyanın həyata keçməsinə yönəldilmişdi. “Ərazi bütövlüyünü təmin etmək” həm də dövlətin bütün ərazisində suverenliyini təmin etməyi nəzərdə tuturdu. Azərbayan cəmiyyəti “Vətən müharibəsi anlayışı”nın mənası, mahiyyəti və məzmununu milli ideyanın semantik mənası və siyasi məqsə­di çərçivəsində qəbul edirdi. 

Ərazi bütövlüyünün təmini azərbay­canlılar üçün məğlub edəcəkləri ölkəni parçalamaq, onu dağıtmaq və üzərində hər hansı nəzarəti həyata keçirmək kimi məna­ları inkar edirdi. Bu, sırf müstəqillik, su­verenlik və mənəvi-ideoloji cəhətdən özü­nütəsdiq prosesi kimi təsəvvür olunurdu. 

Vurğulanan özəllik Vətən mühari­bəsinin Azərbaycan nümunəsini bütün digər müharibələrdən humanitarlıq və beynəlxalq hüquqa tam əməl etmək as­pektlərində fərqləndirir. Buna görədir ki, Azərbaycan Prezidenti Vətən müharibəsi­nin nəticəsini xarakterizə edərkən heç bir neqativ məqamı önə çəkməmişdir. 

İlham Əliyev Azərbaycanın üç vəzifə­ni yerinə yetirdiyini bəyan etmişdir: tarxi ədalət bərpa olunmuşdur, milli ləyaqət yenidən təsdiqini tapmışdır, beynəlxalq hüquq normaları təmin edilmişdir. 

Dövlət başçısı bu seçimi təsadüfən et­məmişdir. Onun təməlində çox ciddi siya­si mentalitet elementləri və dövlətçiliyin baza amilləri mövcuddur. Vətən müharibə­sinin fəlsəfəsini də həmin faktorların yarat­dıqları ümumi mənzərə təşkil edir. 

Burada Azərbaycan nümunəsinin sistemli və mürəkkəb xarakterinin əsas məqamlarına baş vurmağa yaxınlaşırıq. Bunlar bizim Vətən müharibəsi anlayışı­mızın dərin sosial, mental, psixoloji, siya­si, tarixi, mədəni, ideya qatlarında mövcud olan dəyərlərin nə dərəcədə humanitar, xilasedici, sülhsevər və qurucu olduğunu duymaq üçün olduqca vacib faktorlardır. 

Bizim mifoloji təfəkkürümüzdə bu məqamların əbədi “yuvaları”, “kodları”, “psixoloji və duyumsal memləri” vardır. Onları bir tezisdə aydın ifadə etmək olar – “Türk qövmü İlahi nizamı dünya nizamına proyeksiya etmək missiyasına məsuldur”. Vurğulanan aspektdə öncə liderin siyasi mentalitetinin II Qarabağ savaşındakı təza­hür formalarına baxaq.

Liderin siyasi mentaliteti 

İlk mərhələdə Heydər Əliyevin lider kimi siyasi mentaliteti həm milli ideyanın məzmun və məqsədinin müəyyənləşmə­sində, həm də onun həyata keçməsi pro­sesinin dinamikasında ifadəsini tapmışdır. Milli ideyanın “ərazi bütövlüyünü bərpa etmək” kimi müəyyənləşməsi faktiki ola­raq Vətən müharibəsinin strateji məqsədi­nin hərbi, siyasi, ideoloji və təhlükəsizlik hüdudlarını da aydın ortaya qoymuşdur. 

Belə ki, müstəqil Azərbaycan üçün Vətən müharibəsi yalnız ərazi bütövlüyü­nün təmini və bu əsasda suverenliyin tam təmini ilə sərhədlənirdi. Bu o deməkdir ki, Azərbaycan üçün müstəqillik mərhələsin­də “Vətən müharibəsi” anlayışı tarixdən, mədəniyyətdən, ənənədən gələn kodlar əsasında beynəlxalq hüquq normaları çər­çivəsində sırf özünümüdafiə mahiyyəti daşıyırdı. Bu həddin aşılması nə savaşa qə­dər, nə onun gedişində, nə də postmühari­bə mərhələsində Azərbaycan Respublikası dövlətinin siyasi-diplomatik və hərbi gün­dəmində olmamışdır. 

Burada “özünümüdafiə” anlayışı BMT Nizamnaməsinin uyğun maddələrinə söy­kənməklə müstəqil dövlətçiliyi müdafiə etməyi nəzərdə tutur. Bu anlamda ərazilə­rin işğaldan azad edilməsi geniş miqyasda müstəqil dövlət olmaq hüququnun hərb meydanına uğurlu proyeksiyasıdır. 

Sübutlar da vardır. Savaşın gedişində Azərbaycan Ordusu beynəlxalq hüquqa, müharibənin qanunlarına məhəl qoyma­yan, geridəqalmış savaş əxlaqına malik dövlətin və onun havadarlarının təxribatla­rına zərrə qədər də uymadı. 

Məsələn, Ermənistan Gəncəni, Min­gəçeviri, Bərdəni və savaş zonasından uzaqda olan bir neçə yaşayış məntəqəsini bombaladı, günahsız sivil insanlarımızı (uşaqları, qadınları, qocaları) məhv etdi. Azərbaycan Ermənistanda bir nəfər də ol­sun sivilə xətər yetirmədi, ancaq hərb mey­danında əlində silah olan erməni tərəfdən döyüşən əsgərləri məhv etdi, onlara aman vermədi. Bu, qədimdən gələn türk savaş əxlaqının müasir mərhələdə ən gözəl nü­munələrindən biridir. Azərbaycan “nöqtə əməliyyatları” ilə silahlı qulduru sivildən ayıra bildi – mülki şəxs sağ qaldı, silahlı təcavüzkar məhv oldu! 

Mülki əhaliyə qarşı həssaslıq

Bu özəllik müasir tarixi dönəmdə Azərbaycanın Vətən müharibəsi nümunə­sini digərlərindən fərqləndirən olduqca əhəmiyyətli keyfiyyətdir. Onu deyək ki, sivillərə qarşı eyni həssaslığı şanlı Türkiyə Ordusu Türkiyə ərazisində, İraq və Suri­yada apardığı antiterror əməliyyatlarında da göstərmişdir. Lakin Azərbaycan Ordu­su, dövlətin silahlı qüvvələri kimi, başqa ölkənin işğalçı ordusuna qarşı təkbaşına və mürəkkəb geosiyasi şəraitdə müharibənin klassik anlamında savaşdı. Belə şəraitdə ordunun müharibənin bütün qanunlarına dəqiq əməl etməsi və mülki insanlara zərrə qədər məhvedici zərbə endirməməsi dünya nümunəsidir.

Azərbaycandan başqa hansı ölkədə bu nümunə özünü göstərir? Ukrayna və Rusi­yadan sivillərin həlak olması ilə bağlı nə qədər informasiyalar gəlir? Və ya Qəzzada İsrailin, İsraildə HƏMAS-ın nə qədər sivili məhv etdiyi haqqında məlumatlar yayılır? Hər iki savaşda, hətta, mülki insanlardan hərbi məqsədlərlə süni istifadə nümunələri haqqında KİV-də məlumatlar gedir. 

İsrail–Fələstin və Rusiya–Ukrayna sa­vaşlarında liderlərin bəyanatlarında tez-tez “yerlə-yeksan edəcəyik”, “yer üzündən siləcəyik”, “filan qədər mülki insanı məhv etmişlər”, “sona qədər yox edəcəyik” kimi fikirlər yer alır. Hətta Qəzzada, Ukraynada və Rusiyada sosial obyektlər, mülki təşki­latlar, təhsil və sağlamlıq ocaqları bomba­lanır. Bunun əmrini verənlər vardır...

II Qarabağ savaşında isə Azərbaycan tərəfdən buna bənzər bir dəfə də olsun ad­dım atılmadı. Əksinə, Azərbaycan Ordusu qanunsuz düşmənin təxribatçı hərəkətlə­rinə qarşılıq bir sivilin burnunu belə qanat­madı (bəziləri öz günahlarından atəş altına düşmüşdülər). Azərbaycan Ordusunun bu cür davranmasının kökü haradadır? 

Birincisi, Ali Baş Komandanın lider si­yasi mentalitetinin mahiyyətindədir. İlham Əliyev, hətta, savaşın gedişində Vətəni müdafiə və ərazi bütövlüyünü təminetmə məntiqindən zərrə qədər də kənara çıxma­dı. Məhz Ali Baş Komandanın siyasi men­taliteti sayəsində ermənilərin mülki insan­larımıza qarşı etdikləri təxribatlara cavab olaraq, yalnız hərb meydanında qəhrəman­lıq göstərməyə istiqamətlənmiş səslənişlə­ri ərazi bütövlüyünü təmin etmək uğrunda aparılan savaşın tam ədalətli olmasını şərt­ləndirən faktorlardan oldu. İlham Əliyevin liderlik siyasi mentaliteti onun savaş za­manı xarici jurnalistlərin saysız-hesabsız qərəzli suallarına ədalətlilik, obyektivlik və hüquqilik məqamlarını ciddi gözləmək­lə cavab verməsini şərtləndirmişdir. 

Bu məqamda Ali Baş Komandanın timsalında dövlət başçısı və xalqın lideri olmağın ədalətlilik və humanitarlıq kon­tekstində bir nümunəsini görürük. Eyni zamanda, dövlətçilik və liderlik ənənəsi­nin müasirlikdə sintezinin təzahürü görü­nür. Bütün təxribatlara baxmayaraq, döv­lət başçısı, lider və Ali Baş Komandanın türk savaş qanunlarının təməl dəyərlərinə - ədalətə, mənəviyyata, hərbi qanunlara sayğıya, humanizmə və hüquqa tam əməl etməsini görürük. Prezident İlham Əliye­vin liderlik siyasi mentaliteti mahiyyətcə humanitardır ki, bu da II Qarabağ savaşı­nın ədalətli müharibə kimi humanitar xa­rakterli olmasını təmin etmişdir.

Ordunun döyüş əxlaqı

İkincisi, Ordunun humanitar davran­masının kökü tarixən Azərbaycan ordula­rında formalaşmış hərbi döyüş əxlaqında­dır. Azərbaycan əsgəri təcavüzkar deyildir. Azərbaycanda qəhrəman ailəsini, dostunu, yoldaşını, yurdunu, xalqını, Vətənini, şərə­fini, namusunu, anasını və bacısını qoru­mağı bacarandır! Bu, xalqın mentalitetində əsrlərdən gələn ənənənin dəyişməz kodları və sosial təşkilatlanma memləridir (“mem” anlayışı hər bir cəmiyyətə sosial-mədəni kontekstə aid olan və hamı tərəfindən qə­bul edilən standart dəyərlərdir). 

Buna görədir ki, Ermənistanda təca­vüzkarı, başqa irqə mənsub olanları aman­sız qətlə yetirənləri, özgə ərazisində terror törədənləri, qatı cinayətkarları “milli qəh­rəman” kimi təqdim edir, onlara heykəllər ucaldırlarsa, Azərbaycanda mübarizləri­mizə, poladlarımıza və minlərlə Vətən mü­dafiəçilərimizə Milli Qəhrəman adı verir və heykəllər ucaldırıq! Bu, azərbaycanlıla­rın tarixdən gələn hərb mədəniyyəti, dün­ya duyumu, Vətən anlayışı və “kişi kimi vuruşmaq” mənəvi dəyərdir! II Qarabağ savaşı bütün bunların gözəl nümunə mey­danı oldu! 

Azərbaycan Ordusunun hərbi döyüş əxlaqı dərin mənaya və əhəmiyyətə ma­lik keyfiyyətdir. Azərbaycan əsgəri Vətəni müdafiə etməyi müqəddəs borc kimi qəbul edir. II Qarabağ savaşı və 2023-cü ildə 23 saat 41 dəqiqəlik antiterror əməliyyatları zamanı göstərilən fövqəladə qəhrəmanlıq nümunələri Azərbaycan əsgərinin hər­bi döyüş əxlaqının təntənəsidir! Mövzu Vətən və müstəqillikdirsə, Azərbaycan Or­dusu həm fədakardır, həm şücaətlidir, həm də əxlaqlıdır. Azərbaycan Ordusu Ali Baş Komandanın, hərbi rəhbərliyin və əsgərlə­rin bütövləşmiş mənəvi və hərbi peşəkarlıq keyfiyyətlərinin vəhdətidir. 

Dövlətçilik mentaliteti və vətəndaş passionarlığı

Liderin siyasi mentaliteti, hərbi qa­nunlara sayğı və hərbi döyüş əxlaqı Vətən müharibəsinin Azərbaycan nümunəsi üçün xas olan başqa bir özəlliyi aktuallaşdırır. Biz, ərazi bütövlüyünü bərpa etmək uğrun­da aparılan savaşda vətəndaş passionarlığı­nın (məqsədə çatmaq üçün qarşısıalınmaz fədakarlıqla daxili canatma) sosial-mədə­ni, etnik, psixoloji və mənəvi-əxlaqi köklə­rini aydınlaşdırmağı nəzərdə tuturuq. 

Bu məsələnin bir tərəfi dövlətçilik mentaliteti kontekstində dövlətçilik şüu­runun özəllikləri ilə bağlıdır. Digər tərəfi isə dövlətçilik mentalitetinin atributu kimi vətəndaş passionarlığını motivə edən və ta­rixi dönəmin özəllikləri ilə bağlı olan fak­torlarla əlaqəlidir.

Özlüyündə dərin və geniş fəlsəfi prob­lemdir. Mövzu faktiki olaraq tarixi rakurs­da toplumun dövlətçilik ənənəsinin mərkə­zində dayanan dövlətçilik mentalitetinin kollektiv şüuri təcrübəsinin formalaşması prosesindən gedir. Burada biz məsələnin yalnız qəzet məqaləsi formatının imkan verdiyi çərçivədə izahı üzərində dayana bilərik. Çünki akademik elmi və fəlsəfi izah mürəkkəb terminoloji semantika ilə əsaslandırılmalıdır ki, oxucu üçün çətin anlaşılan mənzərə yaratsın. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət