“Azərbaycan Türk Dünyasının milli-mənəvi körpüsü, həmçinin düşüncə, iqtisadi, siyasi, mədəni mərkəzlərindən biridir. Azərbaycan Milli Məclisi Türk Birliyi üçün mühüm işlər görüb və inanıram ki, sentyabrın 1-nə təyin edilmiş seçkilərdən sonra da bu istiqamətdə işlər davam etdiriləcək”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Bakıda fəaliyyət göstərən Türk Dünyası Ağsaqqallar Birliyinin İdarə Heyətinin üzvü, Qarsın sabiq bələdiyyə başqanı Mürtəza Qaraçanta deyib.
O bildirib ki, Azərbaycan demokratik dəyərlərə önəm verən ölkədir: “Təsadüfi deyil ki, müsəlman Şərqində ilk parlamentli respublika da məhz qardaş Azərbaycanda qurulub. Buna görə də qarşıdan gələn seçkilərin də demokratik amallara, şəffaflıq prinsiplərinə uyğun keçiriləcəyinə şübhəm yoxdur”.
Mürtəza Qaraçanta qeyd edib ki, Milli Məclisə seçiləcək deputatların milli-ideoloji dəyərlərə sadiqliyi, Türk Dünyasının birliyinə, bütövlüyünə xidmət edən maraqlı təkliflər irəli sürmələri Azərbaycan parlamentinin dövlətin prioritet məqsədlərində ağırlığını ortaya qoyacaq.
Anar ƏLİ
XQ