Müasir mərhələdə dövlət–elm münasibətləri

post-img

III  məqalə

Bütün elmlərin həqiqi və qanuni məqsədi ondan ibarətdir ki, insan həyatını yeni ixtira və kəşflərlə bəzəsin.

Frensis Bekon

Dövlət–elm münasibətləri və dövlətçilik

Dövlət-elm münasibətlərində dövlətçiliyə xidmətin aparıcı yer tutması sovet dönəmindən sonrakı mərhələdə öz bəhrəsini verdi. Hər şeydən öncə, Heydər Əliyev müstəqillik mərhələsində həmin tendensiyanı daha da gücləndirdi. O cümlədən, AMEA-nın bu prosesdə yeri və rolunu yeni səviyyəyə yüksəltdi. Çoxsaylı görüşlərində və müxtəlif tədbirlərdə Ulu öndər AMEA-nın dövlətin müstəqilliyi üçün çalışmalı olduğunu nəzərə çatdırırdı. Eyni zamanda, akademiyanın inkişafı naminə konkret tədbirlər həyata keçirirdi. Bütün bunların nəticəsi olaraq, Heydər Əliyev AMEA-nı ölkənin milli sərvəti elan etdi. 

Ancaq əsas məsələ ondan ibarətdir ki, XXI əsrdə dövlət-elm münasibətləri daha incə, mürəkkəb və sürətlə dəyişən geosiyasi şərtlər daxilində öz faydalılığını saxlamalıdır. Başqa sözlə, Azərbaycanda yeni mərhələdə bu münasibətlər də yeni çalarlar almalıdır. Prezident İlham Əliyev bu istiqamətdə davamlı addımlar atmışdır. 

Həmin kontekstdə 2008-ci ildə Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət başçısının xüsusi sərəncam imzalaması olduqca əhəmiyyətlidir. Sərəncamın giriş hissəsində yazlmışdır: “Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsinin zəngin ənənələri vardır. Yüzillər boyu mütəfəkkir sənətkarlarımız tərəfindən yaradılan və bədii-estetik düşüncə tariximizin incilərinə çevrilən əsərlərdə elmi-fəlsəfi fikirlər parlaq təcəssümünü tapmışdır. Bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak etmişlər. Onlar elmi təfəkkürün ən müxtəlif sahələrində sanballı əsərlər meydana gətirməklə İslam aləminin mədəni intibahına müstəsna xidmətlər göstərmişlər. Dünya elmi fikir tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Azərbaycanda bütün bu dövrlərdə elm özünün yüksək səviyyəsi ilə seçilmişdir”. 

Buradan aydın görünür ki, Prezident siyasi varisliyə sadiq qalaraq, ölkənin inkişafında elmin yeri və rolunu çox yüksək qiymətləndirir. Buna görə də XXI əsrin tələblərinə uyğun elmin Azərbaycanda inkişaf etməsini zəruri hesab edir. Həmin əsasda İlham Əliyev “aparılan elmi tədqiqatlar səviyyə etibarilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri” qaldığını da vurğulamışdır. Bütün bunlardan olduqca əhəmiyyətli bir vəzifənin yerinə yetirilməsini Azərbaycan Prezidenti müəyyən etmişdir. Bu məqam aşağıdakı cümlədə ifadə olunmuşdur: “Milli müstəqillik dövrü xalqımıza məxsus mədəni-mənəvi dəyərlərlə bağlı olan istiqamətlərdə bir çox məsələlərin yenidən, azərbaycançılıq məfkurəsi mövqeyindən işıqlandırılmasını aktuallaşdırmışdır”.

Elmdə vacib olan islahatlar kontekstində Prezidentin ayrıca azərbaycançılıq məfkurəsini vurğulaması Heydər Əliyevin XX əsin 70-80-ci illərində və sonra müstəqillik dövrünün 1993-2003-cü illərində həyata keçirdiyi elm siyasətinin inkişafını ifadə edir.

Burada sosio-humaitar elmlərdə azərbaycançılıq məfkurəsinin mərkəzi rol oynaması strateji məqsəd daşıyır. Məsələ onunla bağlıdır ki, XXI əsrdə sosio-humanitar elmlərin aktuallığı daha da artmışdır. Cəmiyyətin yeniləşməsi və inkişafında bu faktor ciddi rol oynayır. Həmin səbəbdən də, Azərbaycanda elmi islahatların aparılması bir tərəfdən, sovet ideologiyasının qalıqlarından azad olmağı, digər tərəfdən isə azərbaycançılığın dövlət quruculuğunda rolunun tam elmi əsasda yenidən aktuallaşmasını nəzərdə tutmalıdır. 

Sərəncamdan sonra Azərbaycanda elmin inkşaf strategiyası hazırlandı və onun həyata keçirilməsi prosesinə start verildi. Bu kontekstdə dövlət-elm münasibətləri yeni məzmun çalarları aldı. Onların üzərində dayanmaq faydalı olardı.

Elm və təhsilin inteqrasiyası

Bu məsələ XXI əsrdə hər bir müstəqil dövlət üçün çox aktuallıq kəsb etməkdədir. Bunun səbəbi isə elmi kəşflərin sürətlə poraktikaya tətbiqi ilə bağlıdır. Nəticədə cəmiyyəti faktiki olaraq elm formalaşdırmış olur. Buna görə də yüksək səviyyəli mütəxəssis hazırlığı dövlətçilik baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın strateji inkişafı ilə bağlı hazırlanmış sənədlərdə məsələnin bu tərəfi xüsusi vurğulanır. Məsələn, həmin məqamı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” adlı sənəddə görə bilərik. Orada ayrıca akademiya ilə bağlı bəndlər vardır. Həmin bəndlərdə cəmiyyətin yeniləşməsi və inkişafında AMEA-nın icracı dövlət strukturu kimi əhəmiyyətli rolu xüsusi vuğrulanır. Burada azərbaycançılıq məfkurəsinin nəzəri araşdırılması ilə yanaşı, cəmiyyətə tətbiqinin məsuliyyəti də vurğulanmışdır. Deməli, ölkənin XXI əsrdə strateji inkişafının iki özəlliyini ayırmaq olar.

Birincisi, Azərbaycanın strateji inkişafı qlobal trendlər kontekstində müəyyən edilmişdir. İkincisi, strateji inkişaf elmmərkəzli proses olmalıdır. Burada müasir elmin nailiyyətləri və yüksək texnologiyaların tətbiqi başlıca yer tutmalıdır. İndiki tarixi mərhələdə bu özəllik dövlət-elm münasibətlərinin nüvəsini təşkil edir. 

Ancaq bu iki şərtin səmərəli ödənməsi üçün elmlə təhsilin müasir tələblər səviyyəsində inteqrasiyası vacibdir. Buna görə də XXI əsrdə dövlət-elm münasibətlərində təhsilin rolunun artması yeni əlamətdir.

Elmi fəaliyyətin yenidən qurulması

İstənilən dövlət üçün elmi fəaliyyətin qurulması indi prinsipial əhəmiyyət daşıyır. AMEA yeniləşmə kursunda bu məqamı çox ciddi nəzərə alır. Məsələ ondan ibarətdir ki, hazırda müxtəlif elmlərin qarşılıqlı əlaqəsi aparıcı rol oynayır. Ona görə də fənlərarası sahədə araşdırma aparmağın önəmi dəfələrlə artır. 

Təsadüfi deyil ki, Qərbin elm sahəsində inkişaf etmiş dövlətlərində uşaqları kiçik yaşlarından necə inteqrativ düşündürməyin mümkün olduğunu intensiv araşdırırlar. Meydana çox maraqlı məqamlar çıxır. Məsələn, vahid komanda formasında araşdırma aparmağın insanların intellektini inkişaf etdirdiyi nəticəsi alınmışdır. Bu əsasda universitetlərdə fənlərarası yanaşma üzərində təhsil vermək modeli getdikcə daha da aktuallaşır. 

Azərbaycan bu prosesdən kənarda qalmamışdır. AMEA fəaliyyətində fənlərarası yaradıcılıq üsulundan getdikcə daha geniş istifadə edir. Əslində, bu məqam AMEA-nın yeniləşməsinin konseptual və metodoloji aspektlərdə əsas faktorlarından birini təşkil edir. 

Rəqəmsallıq və elektronlaşma

Hazırda dünya miqyasında elmi fəaliyyətin elektronlaşması və rəqəmsallaşması strateji xarakterli məsələ kimi qəbul edilir. Dünyanın aparıcı elmi mərkəzləri, universitetləri bu istiqamətdə çox ciddi irəliləyiş əldə etmişlər. Onlar təşkilatdaxili və beynəlxalq miqyaslarda elmi fəaliyyətlərini maksimum dərəcədə elektronlaşdırmışlar. Bu, həm yaradıcılığın təşkilində və tədqiqatın aparılmasında, həm də alınan nəticələrin qiymətləndirilməsində öz ifadəsini tapır. O cümlədən, qlobal şəbəkə olan indeksli jurnallar şəbəkəsi indi elmi nailiyyətlərin əsas müzakirə edildiyi sistemə çevrilmişdir.   

Həm Azərbaycan universitetləri, həm də AMEA bu istiqamətdə müvafiq addımlar atırlar. AMEA-da 2023-cü ilin yanvar ayında “Elektron Akademiya” yaradılmışdır. Bu, AMEA Rəyasət Heyətinin tərkibində yeni şöbədir. Keçən müddət ərzində “Elektron Akademiya” həm təşkilatdaxili mühitin yeniləşmsində, həm də ölkənin ali elmi təşkilatının beynəlxalq əməkdaşlığının müasir tələblər çərçivəsində genişlənməsində müəyyən rol oynayır. Artıq demək olar ki, elektronlaşma və rəqəmsallaşma AMEA-nın elmi həyatına əbədi daxil olmuşdur. 

Beynəlxalq əməkdaşlığın yeni üfüqləri 

Azərbaycan alimlərinin beynəlxalq miqyasa çıxışları sürətlə genişlənir. Dünyanın müxtəlif ölkələrində nəşr olunan aparıcı elmi jurnallarda məqalələrin ­dərci və keçirilən mötəbər elmi tədbirlərdə iştirakın miqyası genişlənir. Bu prosesdə AMEA-nın 2023-cü ildə Beynəlxalq Elmi Şuraya (İSC) üzv seçilməsi, TÜBİTAK-la əməkdaşlığı yeni əsasda qurması, Çin Elmlər Akademiyası və bir sıra nüfuzlu universitetlərlə əməkdaşlıq qurması, Avropa və ABŞ-nin müxtəlif elmi mərkəzləri ilə əlaqələri gücləndirməsi təsirli rol oynamışdır. Bunlarla yanaşı, AMEA dünyanın tanınmış alimləri ilə təcrübə mübadiləsinə də yeni nəfəs vermişdir. Bu kontekstdə Nobel mükafatı laureatı (kimya üzrə) Əziz Səncərlə AMEA-da görüşün təşkil edilməsi əhəmiyyətli hadisə olmuşdur. 

Məsələnin üzərində detallı və əhatəli dayanmağa məqalə formatı imkan vermir. Lakin qısa toxunulan məsələrdən də aydın olur ki, Azrbaycanda dövlət-elm münasibətləri faktiki olaraq yeni səviyyəyə yüksəlmişdir. Burada AMEA-nın ayrıca rolu və yeri vardır. Çünki bu ali elm məbədində həyata keçirilən yeniləşmə kursu elmin dövlətçiliyə xidməti aspektində faydalı təcrübə ortaya qoyur. Bu prosesdə özünü göstərən bir sıra aktual məqamlar da bunu sübut edir. 

Öncə onu vurğulamaq yerinə düşərdi ki, artıq Azərbaycanda dövlət-elm münasibətləri tam olaraq dövlətçiliyə xidmət “sahəsi”nə oturuşmuşdur. Bu prosesdə azərbaycançılıq əsas yer tutur. 

Bundan başqa, dövlət-elm münasibətlərində dünyanın aparıcı elmi dairələri ilə sıx əməkdaşlıq xüsusi yer almışdır. Burada əsas məqsəd Azərbaycan alimlərinin ən yeni elmi nailiyyətlərlə çevik tanış olmasını təmin etməkdən ibarətdir. Eyni zamanda, Azərbaycan alimləri müasir aparıcı elmi araşdırma metodlarına da yiyələnməlidirlər. Bu məqsədə çatmaqda “Elektron Akademiya” nümunəsi mühüm rol oynaya bilər. 

Müasir mərhələdə dövlət-elm münasibətlərində elmin ölkənin strateji inkişaf kursuna xidmət etməsi ilk sırada yer almışdır. Daha konkret desək, Azərbaycan elmi birbaşa ölkənin strateji inkişafına fokuslanmışdır. Bu məqam indiki mərhələdə dövlət-elm münasibətlərinin ana xəttini təşkil edir.

Dövlət tərəfindən alimlər qarşısına qoyulan vəzifələr sırasında XXI əsrin kreativ (yaradıcı və innovativ) cəmiyyətinin formalaşdırılması xüsusi yer tutur. Bu, faktiki olaraq, sosial həyatn həm texniki-texnoloji, həm də sosio-humanitar aspektlərini eyni dərəcədə əhatə edir. Bura həm də azərbaycançılıq ideologiyası çərçivəsində milli ruhlu gənc nəslin tərbiyəsi məsələləri də daxildir. 

Dövlət-elm münasibələri aspektində ən böyük anlamı isə intellektin geniş mənada dövlətin və ölkənin inkişafının mərkəzinə gətirilməsi ilə bağlıdır. Düşünürük ki, intellektin bu funksiyası, bütövlükdə, Azərbaycanda dövlət-elm münasibətlərinin uğurlu transformasiyalarını təmin edəcəkdir. Azərbaycan həm dövlət, həm də cəmiyyət kimi XXI əsrin ən inkişaf etmiş məkanlarından olacaqdır!  

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət