Klaarın “xüsusi hal”ı, yaxud boşboğazlığı

post-img

Aİ-nin keçmiş xüsusi nümayəndəsinə nə olub?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar sərsəmlədi. Əlbəttə, onun indiyədək tam mənada obyektiv davrandığını söyləmək mümkünsüzdür. Amma Klaar diplomatikliyini qoruyur və hərdən buna görə erməni ictimai rəyinin təmsilçilərinin də qəzəbinə tuş gəlirdi. Ancaq görünür, sonacan dözə bilmədi. Ya da gethagetdə Klaara nəsə oldu. 

Əslində, fövqəladə heç nə baş vermədi. Sadəcə, Klaar təmsil etdiyi qurumun ermənipərəst çoxluğunun dilindən danışdı. Danışdı və Qarabağdan öz istəkləri ilə çıxmış hayların geriyə dönüşlərini “xüsusi hal” kimi dəyərləndirdi. İlk baxışdan bunu anlamaq mümkündür. O mənada ki, Qarabağ erməniləri hansı səmtdən yanaşsaq, vətəndaşı olduqları dövlətə qarşı çıxmış kütlədir. 

Prinsipcə, bu kütlənin böyük əksəriyyəti başıpozuq, asi və cinayətkardır. Bu kütlənin Xocalı soyqırımının törədilməsində rolu olub.  Ona görə də Klaar Qarabağ ermənilərinin bölgəyə geridönüşü naminə xüsusi şərtlər qondarır. Yeri gəlmişkən, bu, təkcə Aİ təmsilçisinin deyil, bütövlükdə, kollektiv Qərbin baxışıdır. Qərbdə yaxşı anlayırlar ki, Qarabağın erməni əhalisi içərisində azərbaycanlılara qarşı silah çevirmiş şəxslər kifayət qədərdir.  

Bəli, Qərbin istəyi Qarabağda məhz belə bir cinayətkar toplumu diri tutmaqdır. Vaxt var idi ki, Ermənistan hakimiyyəti həmin toplum üçün beynəlxalq təminat məsələsindən dəm vururdu. Bu, indi Klaarın haqqında söz açdığı “xüsusi hal” məntiqinin bir qədər fərqli formasıdır. Mahiyyət isə eynidir – Qarabağ ermənilərini imtiyazlı təbəqə kimi göstərmək. Elə isə Azərbaycan nə üçün Ermənistandan didərgin salınmış azərbaycanlıların geri dönüşü məsələsini qaldırmamalıdır? Qaldırır və mövqeyində haqlıdır. Bəs niyə Klaar və onun kimilər bu haqqı görməzdən gəlirlər? Nə səbəbdən məsələyə birtərəfli yanaşırlar?

Bu yerdə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Vasif Əliyevin vurğuladıqlarına diqqət yetirək. “Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir”, – deyən V.Əliyev onu da bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönmələri üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.

Əlbəttə, Qərbin ənənəvi ikili standartlar siyasətinin ədalətsiz təzahür formalarından söz açmaqdan uzağıq. Yalnız onu deyək ki, davamlı olaraq Qarabağ haylarının geriyə qayıtmaları məsələsini qabardıb Qərbi azərbaycanlıların yurd yerlərinə dönüşlərini hansısa şərtlərə bağlamaq riyakarlıqdır. Bəs bu riyakarlıq erməni cəmiyyətində necə qarşılanır? Yəni, Klaar və onun təmsil etdiyi qurumun ermənipərəstliyi lazımınca qiymətləndirilirmi? Əlbəttə ki, yox. Erməni cəmiyyəti diplomatikliyi anlamayacaq qədər rəzil durumdadır. Ona Klaardan daha çox Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrell kimi qatı ermənipərəstlər lazımdır. Yeri gəlmişkən, Klaar kimi Borrelin də səlahiyyət müddəti bitib. 

Bəli, səlahiyyət müddəti bitən Klaar Aİ-nin xüsusi nümayəndəsi vəzifəsində çalışarkən, təmsil etdiyi qurumun Azərbaycan–Ermənistan şərti sərhədindəki mülki müşahidə missiyasının fəaliyyətinin legitim qəbul olunması üçün əlindən gələni etdi. Klaar, eyni zamanda,  baş nazir Nikol Paşinyan hakimiyyətinin nüfuzunun saxlanılması, daha doğrusu, itməməsi üçün də hər şeyi həyata keçirdi. Ancaq erməni cəmiyyətinin müəyyən kəsimi belə hesab edir ki, Aİ-nin Rusiya sülhməramlılarının Qarabağdan çıxmalarındakı passivlik xidmətləri nə qədər böyükdürsə, bölgənin ermənisizləşdirilməsində də rolları bir o qədərdir. Bütün bunların fonunda Klaarın indi söylədiklərinə münasibət birmənalı deyil. Çünki o, vəzifəsindən uzaqlaşır. Erməni cəmiyyətinin təmsilçiləri bildirirlər ki, nə üçün bu adam əvvəl belə açıq fikirlər sələndirmirdi. Axı indi onun söylədiklərində rəsmilik kriteriyası bir o qədər aktual deyil. 

Ümumən, erməni politoloq və ekspert cameəsinin nümayəndələrinin fikrincə, Brüssel də Vaşinqton kimi dəfələrlə açıq şəkildə yalan danışıb. Hansı mənada? O anlamda ki, guya onlar Ermənistan–Azərbaycan danışıqlarının gündəliyinə qarışmırlar, sadəcə danışıq platforması təqdim edirlər. Onlar onu da bildirirlər ki, bütün əsas oyunçular Qarabağ ermənilərini ayrıca subyekt kimi tanımır. Belədə Klaarın dilə gətirdikləri boşboğazlıqdan başqa bir şey deyil. Klaarın bildirdikləri həm də o səbəbdən boşboğazlıqdır ki, o, Qarabağ ermənilərinin Bakı ilə danışıqlar aparmasından söz açır. Hər şeyi bir kənara qoyaq, hansı Qarabağ ermənisi belə bir cəsarət sahibi olacaq? “Cəsarətlilərin” hamısı Bakı həbsxanalarındadır. 

Bəli, Klaar və onun həmkarlarının fikrincə, Qarabağ ermənilərinin Azərbaycana mifik şəkildə qaytarılması məsələsi sülh danışıqlarının gündəliyindədir. Halbuki reallıq ölkəmizin XİN təmsilçisi V.Əliyevin diqqətə çatdırdığı kimidir: “Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməniəsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır. Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir”.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət