Qərb Tbilisidən bu cəsarəti gözləmirdi

post-img

Gürcüstanda Qərbin agent və casus şəbəkəsi iflic vəziyyətinə düşür

Qonşu Gürcüstanda maraqlı hadisələr silsiləsi davam edir. “Xarici agentlər haqqında” qanunun parlamentdə qəbulundan sonra Qərbin bütün müstəvilərdə Gürcüstana münasibəti 180 dərəcə dəyişib. Hazırda beynəlxalq sanksiyalarla təhdid olunan rəsmi Tbilisi ABŞ və Avropa İttifaqının (Aİ) ən sərt təzyiqləri qarşısında duruş gətirmək məcburiyyətindədir. Bu arada avrokomissarın Gürcüstan Baş nazirinə qarşı sui-qəsd barədə xəbərdarlığı qarşılıqlı münasibətlərdə diplomatik etiket və çərçivələrin gözlənilmədiyi mənasına gəlir...

Əvvəlcə onu deməliyik ki, həm ABŞ-nin, həm də Qərbin Cənubi Qafqaz siyasəti  iflasa uğramış vəziyyətdədir. Bakının Vaşinqton və Aİ ilə münasibətlərinin “istidən soyuğa” doğru getməsinin səbəbləri barədə yazmışıq. Bölgədə onlara loyal yeganə ölkə Ermənistandır. Fəqət, özlərinin regiona nəzarət planlarından əl çəkməyən Brüssel və Vaşinqton indi, sadəcə, ciddi geosiyasi önəm daşımayan Ermənistanla kifayətlənməyə məcbur olublar. Amma onu da qeyd etməliyik ki, kollektiv Qərbin Ermənistana təsir imkanlarının nə vaxta qədər qüvvədə olacağı sualı hələ açıqdır. Mövcud şəraitin uzun müddət dəyişməyəcəyi də inandırıcı görünmür. Görünən odur ki, kollektiv Qərbdən gözləntiləri “daşa dirənəcək” Paşinyan iqtidarının da xarici siyasət vektoru əks istiqamətə dəyişə bilər.

Reallıq onu deyir ki, yaranmış mürəkkəb durumda ABŞ və Qərb Gürcüstanı tamamilə itirmək təhlükəsi ilə üzləşiblər. Uzun müddət Qafqazın qərbyönümlü ölkəsi kimi qəbul edilən Gürcüstanın həm Aİ, həm də Ağ evlə qarşılıqlı münasibətlərində “qara zolaq” mərhələsi başlanıb. Bu mərhələnin startı Qərbin rəsmi Tbilisinin “Xarici agentlər haqqında” Qanunu qəbul etməsindən sonra verildi. 

Parlamentin məlum qanunun qəbuluna kəskin reaksiya verən Qərb Gürcüstan hakimiyyətinə demək istəyirdi ki, “bizim oradakı agentlərimizə toxunmayın”. Əslində, onlar bunu tələb edirdilər. Tələbləri rədd ediləndə isə Vaşinqton, onun ardınca Brüssel diktəyə boyun əyməyən, Qafqaz xarakteri göstərən Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəldilər. Bu barədə açıqlama verən ABŞ-nin Dövlət katibi Antoni Blinken rəsmi Tbilisinin davranışlarının Ağ evin bu ölkəyə münasibətinin ciddi şəkildə dəyişdiyini açıq şəkildə bildirdi. O, vəziyyətin belə davam edəcəyi təqdirdə rəsmi Vaşinqtonun Tbilisi ilə əməkdaşlığı məhdudlaşdırmaq məcburiyyətində qalacağını, ikitərəfli münasibətin pozulacağını dedi. ABŞ-nin baş diplomatının  bu açıqlaması Ağ evin Gürcüstan hökumətinə siyasi ultimatumu sayıla bilər.

Məsələnin maraqlı tərəfi odur ki, Aİ-nin Tbilisiyə reaksiyası ilə ABŞ-nin mövqeyi üst-üstə düşür. Aİ-nin xarici siyasət məsələləri üzrə sözçüsü Peter Stano bildirib ki, birlik “Xarici agentlər haqqında” Qanun qüvvəyə minəndən sonra Gürcüstana bütün maliyyə yardımını dayandırmaq variantını nəzərdən keçirir. Stano “Europa Press”-ə müsahibəsində deyib: “Aİ Gürcüstandakı hadisələrdən ciddi şəkildə narahatdır. Bundan əvvəl Aİ Gürcüstana ölkənin müdafiəsini gücləndirmək üçün istifadə ediləcəyi planlaşdırılan 30 milyon avronun ayrılmasını dondurmuşdu. Bu pullar Gürcüstanın qeyri-hökumət təşkilatlarına yönəldiləcək. Stano, həmçinin xatırladıb ki, Aİ “mövcud vəziyyətdən çıxış yolu tapmağa yönəlmiş əlaqələr istisna olmaqla” Gürcüstan hakimiyyəti ilə siyasi təmasları minimuma endirib. Brüsselin qərarı ilə Gürcüstanın Aİ-yə inteqrasiya prosesi də dayandırılıb.

* * *

İndi bu sual hər iki tərəfi maraqlandırır: proses necə bitəcək? Gürcüstanın kollektiv Qərblə münasibətlərində soyuqluq davam edəcəkmi? Bu, son nəticədə Gürcüstandakı mövcud iqtidarın xarici siyasət kursuna korrektələr etməsinə, ölkənin inkişafının qərbyönlü vektorundan tamamilə imtinasına gətirib çıxara bilərmi? 

Oxucuların diqqətinə əvvəlcə gürcü ekspertlərin suallara cavablarını çatdırırıq. Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Axaidze deyir ki, əslində, Aİ-nin qərarı təmiz taftologiyadır: “Onlar Bayden Administrasiyasının Gürcüstanda müxtəlif mülki qurumlara ayırdığı 95 milyon dolları artıq dondurduqlarını təkrarlayırlar. Bu məsələyə daha yaxından nəzər salmağa dəyər. Aydındır ki, Piter Stano Gürcüstanın, guya, demokratiya prinsiplərindən uzaqlaşdığını, avroatlantikləşmə və avrointeqrasiya kursundan əl çəkdiyini bəyan edən Aİ-nin yeganə rəsmisi deyil. Onları demokratiya və insan hüquqları və vətəndaş cəmiyyətinin güman edilən faydası üçün həyata keçirilən islahatlar maraqlandırır. Bütün bunları ağılsızlıq adlandırmaq olar. Əslində, bu “ssenarilərin” müəllifi Antoni Blinken, həmçinin Bayden Administrasiyasının digər üzvləri və bəzi senatorlardır. Misal üçün, senator Ben Kardin bütün Qərb strukturlarını – ABŞ və Aİ-ni Gürcüstana yardımı dayandırmağa, bütün tranşları, qrantları kəsməyə çağırıb. Onlar bu yolla bizi cəzalandırdıqlarını düşünürlər”. 

Amma bu diplomatik demarşın bir məntiqi cavabı olduğunu deyən direktorun fikrincə, əgər onlar paritet əsasda, beynəlxalq hüquqa uyğun əməkdaşlıq etmək istəmirlərsə, yəni Gürcüstana vassal ölkə kimi baxırlarsa, deməli, bizim də heç bir yardıma və Avropaya inteqrasiyaya ehtiyacımız yoxdur: “Əslində, Gürcüstan rəsmiləri, parlamentin başçısı Papuaşvili və baş nazir Kobaxidze açıq şəkildə bildirdilər ki, amerikalıların ayırdığı 95 milyon dollar və Aİ-nin ayırdığı 30 milyon dollar, faktiki olaraq, ölkə büdcəsinə daxil olmayıb. Biz suveren ölkəyik və büdcəmiz Gürcüstan daxilində toplanan vergilərdən formalaşır. Qəribədir ki, onlar bizim kimdənsə asılı olduğumuzu və ya onların pullarının dövlət aparatını saxlamağa getdiyini düşünürlər. Əlbəttə, elə deyil. Onların pulları birbaşa QHT-lərə gedirdi ki, onların maraqlarına uyğun siyasi prosesləri qızışdırsınlar. Yəni, ölkəyə maliyyə axınının dayandırılması bizə mənfi təsir göstərməyəcək. Əksinə, ABŞ və Aİ-nin maraqlarına uyğun dövlətimizə və konstitusiya quruluşuna qarşı oynayan təxribatçı təşkilatlarının daha da azacağı mənasında müsbət təsiri olacaq”. 

Sözünün sonunda Axaidze ritorik sual verir: “Əgər onlar bizə münasibətində qaydalara riayət etmək istəmirlərsə, o zaman belə bir kurs bizim nəyimizə lazımdır və bizə nə vəd edir?” 

* * * 

“SIKHA Foundation” tədqiqat mərkəzinin təsisçisi, politoloq Arçil Sixarulidze hesab edir ki, Aİ və ABŞ-nin qərarlarının Gürcüstanda demokratiyanın inkişaf səviyyəsi ilə heç bir əlaqəsi yoxdur: “Mənə elə gəlir ki, hətta Qərblə əlaqəsi olan gürcülər belə Moldova və Ukraynanın demokratik göstəricilərə görə, guya, Gürcüstanı qabaqladığını eşitməkdən çox da məmnun deyillər. Bütün bunlar seçki kampaniyasının tərkib hissəsidir. Aİ və amerikalılar Gürcüstanda seçicilərə təzyiq göstərmək və onlara xəbərdarlıq etmək istəyirlər ki,  özünüzü düzgün aparmasanız Aİ-nin bəyənmədiyi (əvvəllər bəyəndiyi) hökumətə səs versələr, bunun ağır nəticələri olacaq”.

Ekspert Sixarulidzeyə görə, problem ondadır ki, onların ayırdığı kapital Gürcüstanı, həqiqətən, asılı vəziyyətə salacaq, ona ağır zərbə vura biləcək və ya onlarsız mövcudluğunu dayandıracaq səviyyədə deyil: “Gürcüstan Aİ və ABŞ-nin  bizim QHT-lərə köçürmək barədə danışdıqları on milyonlarla dolları asanlıqla diversifikasiya edə və ala bilər. Yəni, amerikalı və avropalı tərəfdaşların köməyi olmadan Gürcüstanın ölkə kimi dağılacağı fikri, sadəcə olaraq, reallıqdan uzaqdır. Bütün bunlar simvolik addımlardır. Bidzina İvanişvili özü bu xərcləri bir anda öz vəsaiti hesabına qarşılaya bilər. Eyni məbləği Türkiyədən, Çindən, ərəb ölkələrindən ala bilərik. Yəni alternativlər var”. 

Qərb Ukraynanın Gürcüstandan daha demokrat ölkə olmasından nə qədər çox danışsa, insanları bir o qədər qıcıqlandıracağını bildirən politoloq bu zaman haqsızlıq hissinin daha da artacağını deyir: “Çünki Gürcüstan digər postsovet ölkələrindən çox islahatlar aparıb. İndi bəzi məsələlərə yenidən baxmaq istəmədiyi üçün tənqid olunur. Bu hiss cəmiyyətdə daha da güclənəcək və bu yolla Qərb ancaq anti-Qərb əhval-ruhiyyəsinə kömək edəcək. Qərbsiz Gürcüstan heç nə itirilməyəcək. Bu cür ritorikadan nə qədər çox istifadə edilərsə, Gürcüstanın xarici siyasətini şaxələndirmək istəyi bir o qədər artacaq”.

* * * 

“Qərbin Cənubi Qafqaza baxışı həmişə özünəməxsus tərzdə olub. Avropaya inteqrasiya prosesində hər üç ölkənin həmahəng olmasını istəyirdilər. Bu, yalnış yanaşmadır. Belə cəhdlər yüz il əvvəl də edilib”.  Bu fikirlərin müəllifi siyasi icmalçı Tofiq Abbasov kollektiv Qərbin Qafqaza münasibətinin dəyişmədiyinə, onların hələ də qəyyumluq, hamilik meyillərindən qurtulmadığına diqqəti yönəltdi: “Qərb Cənubi Qafqazı açar-bölgə kimi qəbul edir. Üstəlik, Mərkəzi Asiyada konturları görünən planlarından əl çəkmək istəmir. Gürcüstana gəldikdə isə bu ölkənin Qərbin tərkib hissəsi olması fikri ilə o qədər də razı deyiləm. Qonşularımız bir şeyi unudurlar ki, Qərb istədiyini aldıqdan sonra keçmiş patnyoruna marağını itirir, vədinə də əməl etmir. Bunun dəfələrlə şahidi olmuşuq. Dünyanın güc mərkəzlərindən biri sayılan Qərb qarşısına qoyduğu məqsədinə çatmaqdan ötrü bütün üsullardan istifadə edir. Yəni, öz niyyətindən, məramından heç vaxt dönmür. Bu, həm də Qafqaz bölgəsinə aiddir. Əlbəttə, onlar Gürcüstanın timsalında özlərinin növbəti satellitini görürdülər. Amma gördük ki, Gürcüstan hakimiyyəti, nəhayət, praqmatik tərpəndi və Rusiyaya qarşı platsdarm olmaqdan imtina etdi. ­Bidzina İvanişvilinin partiyası, yeni hökumət Qərbin ölkələrinə yekəxana müdaxiləsinin qarşısını aldı. Bəli, Qərb hamıya yuxarıdan-aşağı baxır. Bəzi ölkələri “şər qovşağının halqaları” adlandıran həmin Qərbin özü ən böyük Şər qüvvədir. Mal və pul dövriyyəsi tamamən onların tabeliyindədir. Əgər İrəvanın da Bakı və Tiflis kimi ağıllı siyasi kursu olsaydı, bütün problemlərdən qarşılıqlı razılaşma ilə çıxa bilərdik”.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin fərqli olduğunu qeyd edən politoloq iki ölkə liderinin bu yöndə böyük rol oynadığını bildirdi: “Vaxtilə həm ­Heydər Əliyev, həm də Eduard Şevardnadze anladılar ki, ilk növbədə, iqtisadi zəmində özlərini sığortalamadırlar. Sonra Azərbaycanın hesabına Gürcüstan da qazandı. O vaxt Petrosyana, Koçaryana neft kəmərlərindən birinin Ermənistandan keçməsi təklif olunmuşdu. İstəmədilər. Rusiyanın təsiri altında olan İrəvan özünü “üçlük”dən kənara qoydu. İndi özü Qərbin diktəsi ilə oynayır. Gürcüstan isə məlum qanunla bağlı haqlı olaraq kollektiv Qərbə güzəştə getmədi”.              

Beləliklə, ABŞ və Aİ rəsmi Tbilisinin belə cürətli mövqeyindən və “Xarici agentlər haqqında” qanunundan ciddi şəkildə əndişələniblər. Çünki anlayırlar ki, bu qanunun tətbiqi Gürcüstanda onlara xidmət göstərən agent və casusların fəaliyyətini əməlli-başlı məhdudlaşdıracaq. Qərbin rəsmi Tbilisiyə təzyiqi məhz “qrant agenturası”nı qorumaq cəhdləri ilə bağlıdır. Bundan ötrü ən radikal addımlara hazır olduğunu sezdirir. 

İmran BƏDİRXANLI  
XQ

 











Siyasət