“Armenizm”in “andranikizm”, “tsexakronizm”, “erməni fədaizmi”, “erməni faşizmi” kimi “izmlər”i bəşəri təhlükə saçır
Hər bir cəmiyyətin öz milli kimliyinə söykənən bəlli bir ideologiyasını meydana gətirməsi, formalaşdırması üçün onun müəyyən mərhələlərdən keçməsi labüddür. Həmin ideologiyanı-siyasi və sosial bir təlim olaraq meydana gətirən səbəblər və siyasi - ictimai hərəkat kimi ortaya qoyduğu düşüncə, inanc və görüşlər sistemi sağlam olmalıdır. Əks–təqdirdə, o, bir cəmiyyətə, bir dövrə, ya da ictimai bir sinifə xas inanclar sistemi olaraq, özü ilə təməl problemlər yarada bilər. İlkin halda öz cəmiyyətinə, daha sonra isə bütün bəşəriyyətə ziyan yetirə bilər. Erməni düşüncə sisteminin ortaya çıxma və formalaşma mərhələlərini araşdırarkən qarşıya çıxan gerçəklik budur ki, bütün dövrlərdə o zərərli tendensiyaları ilə seçilmişdir. Millətlərin öz yaranma şərtləri və bir- biri ilə əlaqələrindən doğan həyat tərzləri ilə əlaqədar siyasi və ictimai dizaynların hamısını onun müəyyən zaman içində yaranmış ideologiyalarda axtarmağın doğru olmadığını iddia edənlər var. Onlar haqlı ola bilərlər, amma ayrılıqda götürülən toplumlarda müəyyən ideoloji düşüncə onun özünün xarakterindən asılı olur.
Bir də nəzərə almaq lazımdır ki, ideologiyanı həm də konkret şəxslər formalaşdırırlar. Tarixə baxsaq, ermənilərdə bu ideoloji hərəkatı aparan şəxslər daha çox cinayətkarlardır. Onlar hədəfə çatmaq vasitəsi kimi ölüm və qanı seçdiklərindən ortaya atdıqları milli təlim də bəlalar gətirmişdir. Bu mənada qədimdən bəri ideoloji hərəkat halına gətirilən armenizm (ermənilik) bəşəri ideologiya sayıla bilməz.
Armenizmi erməni tarixi və mədəniyyətindən fərqli düşünmək, xristian ideologiyasının ruhunun xaricində görmək olmaz. Ermənilərin, hətta dinlərini belə bəzən irqçi düşüncələrə qurban verdikləri zamanlar olmuşdur. “Ermənilik dindən əvvəldir”, – deyən Njde bu düşüncədə olmuşdur ki, xristian dini belə erməni ideallarının həyata keçirilməsində vasitədir.
Bəllidir ki, bilgi və inanclar sistemi kimi ermənilik də irqçi ideologiya ilə yüklü olmuşdur və özünü qoruma istiqamətində bütün tarixi dövrlərdə inkişaf yolu keçmişdir. Yəni, zaman irəlilədikcə onun mahiyyətində irqçilik, başqa xalqlara yuxarıdan aşağı baxmaq, hədəfə çatmaq üçün insanları terrorizə etmək, onları fiziki cəhətdən məhv etməyə meyillənmək özünü göstərmişdir. Ermənilərin yaratdıqları əksər siyasi və qeyri – siyasi təşkilatların mayasında bu vardır. Erməni tarixçilərinin özləri də bu cəhəti qeyd etməkdədirlər. Tarix boyunca bu ideologiyanı erməni millətinin dövlət anlayışı kimi formalaşdırmağa meyilli qüvvələr də olmuşdur və bu gün də vardır. Ermənilərin tarixdə heç bir dövrdə tam müstəqil dövlətləri olmadığından ideologiyalarını bu əsas üzərində–hər şeyi başqalarından mənimsəmə prinsipi üzərində qurmuşlar və millət olaraq öz milli kimliyini ayaqda tutmaq üçün yaratdıqları yeni düşüncə sistemlərini də bu əsas üzərində formalaşdırmışlar.
Ermənilikdən bəşəriyyət üçün çox təhlükəli olan “andranikizm”, “tsexakronizm”,“erməni fədaizmi”, “erməni faşizmi” və digər “izmlər” törəmişdir. Ermənistandakı irqçilər gendən gələn, keçmiş xüsusiyyətlərin bioloji olaraq insan davranışına hopmasına inanan kəslərdir. Erməni irqçilik doktrinası insanın daşıdığı qanın milli-etnik şəxsiyyətini təyin etdiyi iddiasındadır. Erməni faşizmində insan irqlərinin rəng və fiziki şəkilləri əsas alınaraq, bir-birindən üstünlüyünü öndə görən irqçilik fəlsəfəsini mənimsəmiş şəxslərə üstünlük verilir. Hayastanda bu gün başqa ölkələrdə terrorçu hesab olunan şəxslər – başda Andranik Ozanyan olmaqla, Stepan Şaumyan, Dro, Njde, Soğomon Tehleryan, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sislyan, Vazgen Sarkisyan və başqaları qəhrəman hesab olunur. İrqçi insanların göstərmiş olduğu bu tutuma isə “irqçilik” adı verilməkdədir ki, onlar özlərindən olmayanların fiziki məhvinə çalışmış və bunu göz qırpmadan, digərinin halına acımadan etmişlər.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan özü də həmin şovinist ruhlu sistemin içində yetişən adam, Azərbaycana qarşı yaradılmış “Qarabağ” Komitəsinin rəhbərlərindən olsa da sonralar ölkəsində irqçiliyin tüğyan etdiyini dəfələrlə qeyd etmiş və bunun erməni millətini məhvə aparacağını demişdi: “…Ermənilər inandılar ki, əgər Almaniya bir müharibə başlasa, o zaman bu mütləq Türkiyəyə qarşı da olacaq, Njdenin tək bir məqsədi var idi: Türkiyəyə qarşı nə isə etmək və ona qarşı döyüşəcək güclü tərəfin yanında olmaq. 1927-ci ildən bəri onun təlimində iki söz ortaya çıxdı: etnik ayrı–seçkilik və “Tsexakronizm–irqçilik” ... O deyir ki, çox təəssüf ki, biz bu məfhumların heç birindən imtina edə bilmirik. Çünki bunlar müasir Ermənistanın həyat tərzinə çevrilib.
Bugünkü Ermənistan Respublikasının rəsmi ideologiyası ermənilikdir. Onlar buna “hayutyun” deyirlər. Elmi ədəbiyyatda onu “armenizm” də adlandırırlar. Bir çox araşdırmaçılara görə ermənilik erməni toplumu üçün o qədər də mükəmməl ideologiya sayıla bilməz. İdeologiyanı konkret şəxslər formalaşdırır və sonra toplumun malı edirlər. Artıq Sivaslı Mxitar, Artsruni dövrü keçib. Ermənistan dövlətinin başında olan adamlar açıq deyirlər ki, bizim ideologiyamız Andranik Ozanyanın mübarizəsinə söykənir və Qaregin Njdenin yaratdığı təlimlə şəkillənir. Haqlıdırlar, uzun illər ermənilər andranikizm ideologiyası ilə nəfəs almışlar. Njdenin ötən əsrin 30-cu illərində yaratdığı və faşizmə söykədiyi “Tsexakronutyun” adlanan təliminin Ermənistan Respublikasının son 25-30 il rəsmi dövlət ideologiyası kimi qəbul edilməsi onu göstərdi ki, hələ erməni millətinin ciddi, bəşər humanizminə dayanan ideologiyası yoxdur. Bu iki şəxsin türk millətinə necə bir düşmənlik etdiklərini bütün dünya bilir. Deməli, “türk düşmənçiliyi” elə ideologiyanın da əsasıdır. Erməni təfəkkürü bu düşmənçiliyin gətirdiyi fəlsəfə ilə ideal seçir.
Ermənilər üçün “Vətənin xilaskarı”, bizim üçün isə bir faşist, türk düşməni olan Njde “Həbsdən məktublar”ında erməni millətinin mövqeyini müəyyənləşdirmişdi: “Kim Türkiyə ilə bərabərsə o mənim millətimin və tarixi ərazi haqqımızın düşmənidir. Elə bir düşməndir ki, heç bir Tanrı mənimlə onları barışdıra bilməz. Bu mənim siyasi mövqeyimdir”.
Bugünkü erməni cəmiyyəti bu prinsipi özünün həyat kredosu, mübarizə vasitəsi sayır. Bu, həm də, Ermənistan dövlətinin ideoloji xəttidir. Ermənilər həmin xətdən heç cür imtina edə bilmirlər. Çünki bəşəri dəyərləri özündə ehtiva edən ideyaya sahib deyillər. Belə bir ideya isə heç zaman olmamışdır. Artıq qeyd etdik ki, Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar partiyasının rəsmi ideologiyası Njdenin irəli sürdüyü təlim– “Tsexakronizm” idi. Partiyanın emblemi də tsexakronçularla faşistlərin ortaq emblemi idi. Ondan əvvəlki hakimiyyətlərin də hədəfindəki düşmən “türklər”, yəni Azərbaycanda, Türkiyədə və ya başqa bir yerlərdə yaşayan insanlar olmuşdur.
Buna görə də Ermənistanda təbliğat və rəsmi ideologiya səviyyəsində hökm sürən, belə demək mümkünsə, azərbaycanafobiya haqqında danışarkən, əsas tonun məmurlar tərəfindən qoyulduğuna diqqət çəkmək lazımdır: millət vəkilləri, dövlət adamları, ölkə prezidentinə qədər müxtəlif səviyyəli məmurlar Azərbaycana nifrət toxumlarını səpməkdə davam edirlər. Hər gün Ermənistan mətbuatı Azərbaycanı ləkələmək, onun yaxşı işini belə pisləməklə məşğuldur. Ermənistan alimləri, politoloqları Azərbaycanı ittiham etmək üçün yarışa durmuşlar.
Ermənistan adlı ölkədə, Azərbaycana nifrət hisslərinin əsas tədarükçüsü və qanunvericisi isə rəsmi dövlət orqanlarıdır, dövlətin yürütdüyü siyasətdir. Bunun özü isə ənənəvi tarixi düşmənçiliyə söykənən bir təbliğat vasitəsidir. O, artıq neçə əsrdir ki, dəyişmir. Maraqlıdır ki, onların zehinlərində və hərəkətlərində heç bir utanc hissi yoxdur – Azərbaycan və Türkiyəyə qarşı təcavüz və dözümsüzlüyü yayan insanlar burada ən hörmətli adamlar sayılır, “millətin qaymaqları” hesab edilirlər.
(ardı var)
Qafar ÇAXMAQLI,
“XQ”-nin Türkiyə müxbiri