Müasir mərhələdə dövlət–elm münasibətləri

post-img

II   məqalə

Azərbaycan Milli Elmlər ­Akademiyası xalqın ümumi ­zəkasını, ağlını birləşdirən böyük bir sərvətdir.

Heydər Əliyev,

Ümummilli lider

Strateji məqsəd

Ulu öndərin yetmişinci illərdə elmlə bağlı atdığı addımlar aydın göstərir ki, Heydər Əliyev qarşısına respublikanın inkişafında və yeniləşməsində elmin əsaslı rol oynamasını həyata keçirmək məqsədini qoymuşdu. Həmin mərhələdə Azərbaycan SSR üçün neft, kimya, texnika, sənaye, kənd təsərrüfatı istiqamətləri həlledici rol oynayırdı. Çünki bir sıra dairələrin Azərbaycana qarşı tutduğu qərəzli mövqe ilə respublikanın sərbəst, uğurlu idarə edilməsinə və inkişaf edə biləcəyinə şübhələr oyatmağa çalışırdılar. 

Heydər Əliyev buna qarşılıq, bütövlükdə, Azərbaycan SSR-in elmi əsasda inkişaf etdirilməsi kursunu seçmiş və bunun üçün ilk növbədə Elmlər Akademiyasının fəaliyyətini həmin məcraya yönəltmişdir. Neft, kimya, iqtisadiyyat üzrə apardığı yenidən təşkilatlanma və funksionallaşma buna xidmət edirdi. Çox qısa müddətdə bu istiqamətdə ciddi uğurlar əldə edildi. Və I məqalədə vurğuladığımız kimi, dövlət-elm münasibətləri konsepsiya səviyyəsinə yüksəldildi ki, burada mərkəzi yeri azərbaycançılıq tuturdu.

Dövlət və cəmiyyətin elmi təməli

Ən böyük uğur isə Elmlər Akademiyasının Azərbaycan Respublikası və cəmiyyətinin inkişafında aparıcı rol oynaması əsasında ölkənin tərəqqisinin elmi məcrada aparılmasına nail olmaqdan ibarət idi. AMEA-nın keçmiş prezidentlərindən olan, akademik Mahmud Kərimov yazırdı ki, Heydər Əliyevin müdrik siyasətinin dərinliyi elmi prinsiplərə əsaslanması və intellektual potensiala arxalanmasında idi. “O, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektdə görürdü”. Buna görədir ki, Ulu öndər ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə gələndə Bakıda ilk görüş yeri kimi AMEA-nı seçdi. Bu, sovet dönəmindən başlayaraq dövlət və cəmiyyətin inkişafının sütunu kimi elmi görməsi ilə bağlı idi. 

Bunlara görədir ki, Elmlər Akademiyası struktur cəhətdən və funksional olaraq daha da təkmilləşdi, araşdırmalar daha fokuslanmış şəkil və məqsədyönlü xarakter aldı. EA-nın cəmiyyətdə statusu isə ən yüksək səviyyəyə qalxdı. Baş elmi strukturun əməkdaşlarına xüsusi hörmət və qayğı yarandı. Heydər Əliyevin gərgin zəhməti və məharətli strateji kursu ilə Azərbaycanda inkişafı tam olaraq elmi rels üzərinə keçirildi. Bu kontekstdə Heydər Əliyevin dövlət–elm münasibətlərinin müasir tələblərə uyğun formalaşdırılmasında özünü göstərən iki mühüm məqamı da vurğulamaq lazımdır. 

Dövlət–elm münasibətlərinin 2 amili

Onlardan biri Ulu öndərin həmin dövrdə ictimai və humanitar elmlərin inkişafına Azərbaycana xidmət istiqamətində böyük diqqət yetirməsidir. Digəri isə Elmlər Akademiyasının sovetlərin verdiyi imkanlar daxilində beynəlxalq elmi dairələrlə əlaqəsini genişləndirmək, onu gücləndirmək və faktiki olaraq Azərbaycanın maraqlarına uyğun yenidən təşkilatlandırmaq idi. 

Humanitar və ictimai elmlərin inkişafını Heydər Əliyev birbaşa azərbaycançılığın təmin edilməsinə yönəltmişdi. Bunu, təbii ki, üstüörtülü edirdi və belə də olmalı idi. Heydər Əliyev Elmlər Akdemiyasına bu prosesdə ayrıca yer vermişdi. Nümunə kimi, 1969-cu ildə Heydər Əliyevin "Azərbaycanda tarix və mədəniyyət abidələrinin SSRİ-nin əsas muzeyləri vasitəsilə təbliğ edilməsinin yaxşılaşdırılması tədbirləri haqqında" və 1972-ci ildə "Respublikada toponimiya tədqiqatlarının inkişaf etdirilməsi haqqında" verdiyi sərəncamları göstərə bilərik. 

Bundan başqa, Ulu öndər görkəmli Azərbaycan şair, yazıçı və elm xadimlərinin yubileylərinin mütəmadi keçirilməsi ilə bağlı sərəncamlar vermişdir. Həmin sırada müxtəlif elm sahələrində çalışmış Azərbaycan alimlərinin yubileyləri təşkil edilmişdir. Bu proses qısa zamanda Azərbaycanda müxtəlif elm sahələrində məktəblərin yaranmasına gətirib çıxarmışdır. Bütün bunlar yekun olaraq isə sovetlərin sərt məhdudiyyətləri şəraitində “akademik elmin azərbaycançılıq istiqamətində səfərbər olmasına şərait yaratmışdır” (İsa Həbibbəyli).

İkinci məqam EA-nın beynəlxalq əlaqələrinin müstəqil şəkildə həyata keçirilməsi ilə bağlıdır. 1973-cü il sentyabrın 25-də "Xarici ölkələrlə elmi-texniki nailiyyətlərin mübadiləsinin genişləndirilməsi haqqında" qərar çıxarılmışdır. Həmin sənəd əsasında 1974-cü ildə EA-da xarici əlaqələr şöbəsi yaradılmışdır. Bununla iki imkan meydana gəlmişdir. Birincisi, Azərbaycan EA-nın Moskva vasitəsilə xaricə çıxış etmək asılılığına son qoyulmuşdur. İkincisi, Azərbaycan ən yeni elmi nailiyyətlərlə tanış olmaq üçün birbaşa mexanizmə sahib olmuşdur. 

Bu bağlılıqda 1974-cü il avqustun 1-də Heydər Əliyev Azərbaycan KP MK və Nazirlər Sovetinin iclasında "Molekulyar biologiya və molekulyar genetikanın inkişafının sürətləndirilməsi və nailiyyətlərindən xalq təsərrüfatında istifadə edilməsi tədbirləri haqqında" qərarının qəbul edilməsinə nail olması mühüm faktdır. Bununla Azərbaycan EA Qərbdə çox aktual sayılan yeni elmi araşdırmalara çıxış əldə etmişdir.

Eyni zamanda, Elmlər Akademiyasının Fizika İnstitutundakı Biofizika laboratoriyasının nəzdində Molekulyar biologiya və molekulyar genetika sektoru yaradılmışdır. Bu işlərin davamı olaraq 1978-ci il martın 25-də "Azərbaycan SSR Elmlər Akademiyasında təbii resursların, kosmik tədqiqatlar sahəsində işlərin daha da inkişaf etdirilməsi haqqında" qərar qəbul edilməsi ilə radiofizika, radiotexnika istiqamətləri üzrə elmi araşdırmaların yolu açılmışdır. 

Kosmik fəzanın tədqiqi 

Elmin cəmiyyətin və dövlətin inkişafına xidmət etməsi istiqamətində Heydər Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər sırasında EA-da kosmik tədqiqatlara və hərbi-sənaye kompleksinin inkişafına istiqamətlənmiş addımların atılması xüsusi yer tutur. Çünki keçən əsrin 70–80-ci illərində kosmik fəzanın tədqiqi, peyklərin hazırlanması və orbitə çıxarılması və s. aspektlər üzrə dünyada böyük bir yarış gedirdi. Bu kontekstdə Heydər Əliyevin kosmos və hərbi-sənaye ilə əlaqədar həyata keçirdiyi planlar Azərbaycan SSR-in dünyanın aparıcı elmi proseslərindən uzaq düşməməsini təmin edirdi.

Bu, tarixi və strateji mənası çox yüksək olan bir proses idi. Bunların fonunda 1976-cı il yanvarın 23-də "Azərbaycan SSR Elmlər Akademiyasının elmi-tədqiqatlarının səmərəliliyinin artırılması və onların nəticələrinin milli iqtisadiyyatda tətbiqi üzrə işlərin genişləndirilməsi haqqında" mövzusunda məsələnin müzakirə olunaraq, konkret qərarlar qəbul edilməsi tamamilə məntiqi bir hadisə təsiri bağışlayır. Çünki Heydər Əliyev elmin ayrıca sahə kimi inkişafı ilə alınan elmi nəticələrin cəmiyyətə tətbiqi arasında sıx əlaqə yaradılmasına böyük əhəmiyyət verirdi. 

Yeni mərhələyə hazırlıq

Bu faktlar onu göstərir ki, Heydər ­Əliyev 1970–1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasını yenidən strukturlaşdıraraq onun funksional imkanlarını daha da genişləndirmişdir. Yeni yaradılan tədqiqat şöbələri faktiki olaraq Azərbaycan Elmlər Akademiyasının dünyanın aparıcı elmi araşdırmalara birbaşa çıxışını təmin etmişdir. Bu proseslərin başlıca məqsədi isə elmi Azərbaycan dövlətçiliyi və cəmiyyətinin inkişafına xidmət etməyə istiqamətləndirməkdən ibarət olmuşdur. 

Ulu öndər buna yüksək səviyyədə nail olmuşdur. Bu tezisi Azərbaycan Respublikasının müstəqillik dövründə AMEA-nın fəaliyyətinə verdiyi qiymət və onun əldə etdiyi elmi nailiyyətlərin dövlətçiliyə xidmətin təminatı təsdiq edir. O cümlədən, indiki mərhələdə AMEA-nın Azərbaycanın strateji inkişaf kursunda mühüm rol oynamasının ciddi ənənəyə malik olduğunu görürük.

Heydər Əliyevin dövlət–elm münasibətlərini konsepsiya səviyyəsinə yüksəltməsi bir sıra yeni prinsiplərin həyata keçirilməsi baxımından da çox əhəmiyyətli idi. Yuxarıdakı təsvirdən aydın olur ki, Ulu öndər elmi Azərbaycan dövlətçiliyi, cəmiyyəti, mənəvi-əxlaqi dəyərlərinin bünövrəsi kimi görürdü. Bu zaman elmin dövlətçiliyə xidməti ön plana çıxarılırdı. Onun reallaşması mexanizmi kimi isə azərbaycançılıq aparıcı rol oynamalı idi. Yəni elmi tədqiqatlar Azərbaycan iqtisadiyyatı, sosial mühiti və mədəni həyatının inkişafına xidmət etməli idi. 

Bu məqsədə nail olmaqda Ulu öndər EA-ya böyük önəm verirdi. Bu məqsədlə dövlətçilik kontekstində ölkənin ali təşkilatında struktur yenilikləri edilirdi. Bunun fonunda elmi fəaliyyətin təşkili və səmərəliyi məsələsi aktuallaşdırılırdı. Nəhayət, alınan nəticələrin praktikaya tətbiqinə ciddi əhəmiyyət verilirdi. Bütün bunların fonunda Heydər Əliyevin sovet dönəmində indki AMEA-nın beynəlxalq əməkdaşlıq sistemini qurması böyük önəm kəsb edirdi.  

Vurğulanan məqamları ümumiləşdirsək, maraqlı mənzərə alınır. Sovet dönəmində Heydər Əliyev dövlət–elm münasibətlərini həm yaşadığı mərhələdə respublikanın inkişafına xidmət edən, həm də müstəqil dövlət olanda onun inkişafı üçün elmi əsasları yarada bilən dinamik sistem səviyyəsində qurmuşdur. Bu sistemin mərkəzində elmin azərbaycançılığa xidməti dayanırdı. Başlıca icraedici təşkilat kimi indiki AMEA görülürdü. Qarşıya qoyulan məqsədə çatmaq üçün isə Elmlər Akademiyasında struktur dəyişikliyi edilir və paralel olaraq, elmi fəaliyyətin təşkili yeniləşirdi. 

Aydın hiss olunur ki, bütün bunlar Heydər Əliyevin uzaqgörən elm siyasətinin konkret mərhələsini təşkil edir. Sovet dönəmində Azərbaycan elminin dövlətçiliyə və azərbaycançılığa xidmət istiqamətinə yönəldilməsi stratejidə müstəqil dövlət quruculuğunun tam olaraq elmi əsasa söykənməsinin şərtlərindən biri idi. Bu da faktiki olaraq, Azərbaycan dövlətçiliyi və elm münasibətlərində yeni mərhələnin təməlinin qoyulması deməkdir. 

Müasirlik baxımından burada Heydər Əliyevin dövlət–elm münasibətləri konsepsiyasının çox əhəmiyyətli bir özəlliyini vurğulamaq gərəkdir. Ulu öndər dövlətin elmə və elm adamlarına daim böyük diqqət və qayğı göstərməsinin zəruriliyini vurğulayırdı. Məhz bunun nəticəsində Azərbaycanda elmə və elm adamlarına böyük sayğılı münasibət formalaşmışdı. Heydər Əliyev elm adamlarını ciddi surətdə qoruyur, onlara böyük şanslar verirdi. İndiki AMEA dövlətin strateji orqanı kimi diqqət mərkəzində idi. Onun maliyyələşməsi o dövrdə ən yüksək səviyyədə təşkil olunurdu. Alimlər birmənalı olaraq cəmiyyətin elitası idi. 

 Bu həqiqətlər Heydər Əliyevin dövlət–elm münasibətlərinə həm də sosial müstəvidə yeni məna və məzmun verdiyini təsdiq edir. Bununla Ulu öndər sovet dönəmində dövlət–elm münasibətlərini yaradıcılıq, təşkilatçılıq və sosial-mədəni mühitlə sıx əlaqələrin sintezində qura bilmişdir. Məsələnin digər aspekti isə indiki AMEA-nın beynəlxalq əlaqələrinin dövrə görə, geniş miqyasda qurulması ilə bağlıdır. Bütün bunlar sistem halında Heydər Əliyevin faktiki olaraq dövlət–elm münasibətlərini yeni mərhələyə hazırladığı anlamına gəlir.

(ardı var)       

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət