Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə iyulun 30-da Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.
Ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışan Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş qeyd edib: “2030-cu ilədək istixana qazı emissiyalarını 45,5 faiz azaltmağı hədəfləyən Mərakeş yüksək nəticələr göstərən ölkələr sırasında yer alır. Buna görə də Mərakeş Bakıda uğurlu COP29-u səbirsizliklə gözləyir və Azərbaycana uğurlar arzulayır”.
Ölkələrimizin müxtəlif beynəlxalq forumlarda bir-birini ardıcıl olaraq dəstəklədiklərini, həmrəyliklərini, sülh və sabitliyə ortaq baxışlarını nümayiş etdirdiklərini vurğulayan diplomat Sahara məsələsində Mərakeşin ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Sonra çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verdiyini, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu söyləyib.
Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin 1991-ci ildə Mərakeşin ölkəmizin müstəqilliyini tanıması ilə başladığını və 1992-ci ildə diplomatik əlaqələr qurulduğunu xatırladan A.Kərimli diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Mərakeşə səfəri zamanı Kral Əlahəzrət II Həsən ilə keçirdiyi görüş iki ölkə arasında möhkəm qardaşlıq bağlarının əsasını qoyub.
Nazir qeyd edib ki, bu dostluq əlaqələri bu gün iki ölkənin liderləri tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəlib.
“Azərbaycan və Mərakeş beynəlxalq hüququn təməli kimi hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu gün ölkələrimiz arasında əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir”, - deyə A.Kərimli əlavə edib.
Tədbir ziyafətlə davam edib.