Astanada ŞƏT-in 24-cü sammiti öz işinə başlayıb

post-img

Qazaxıstanın sədrliyi ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin 24-cü sammiti işə başlayıb. Sammit 16 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ŞƏT+ formatında keçirilir. Məlumatı “Anadolu” verib.

Türkiyəni sammitdə Prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir. Tədbirdə həmçinin müşahidəçi və dialoq tərəfdaşı qismində Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ və Türkmənistan liderləri iştirak edirlər.

Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Komissiyası da ŞƏT-də yüksək səviyyədə təmsil olunur.

“Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişafa səy” devizi altında keçirilən sammitin əsas gündəliyi aktual beynəlxalq və regional problemlərin həllində ŞƏT-in rolunun gücləndirilməsi olacaq.

Liderlər sabitliyi təmin etmək üçün ilk növbədə beynəlxalq ticarətə və iqtisadiyyata diqqət yetirmək niyyətindədirlər. Sammitdə həmçinin regional təhlükəsizlik, infrastruktur, enerji, ətraf mühit, səhiyyə, turizm, təhsil, rəqəmsallaşma, nəqliyyat və logistika məsələləri müzakirə olunacaq.

P.ƏMİRCANOV
XQ

Siyasət