2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-1.1-ci maddəsinə görə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki dairələri dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada ekspert qrupları yaradılmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci və 112-1.1-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
- Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- Fuad Cavadov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;
- Nailə Əsgərova – Mərkəzi Seçki Komissiyasının üzvü;
- İlqar Əlizadə – Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri;
- Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri.
2. Dairə seçki komissiyalarının nəzdində Seçki Məcəlləsinə uyğun olaraq 3 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılması seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov