İrəvanın COP29-la bağlı manipulyasiyaları

post-img

Son zamanlar Ermənistan hakimiyyətində, dünya erməniliyində, xaricdəki ermənipərəst dairələrdə ciddi aktivləşmə müşahidə olunmaqdadır. Onlar Bakı–İrəvan sülh gündəliyinə xələl gətirmək, prosesi pozmaq niyyətindədirlər. Habelə buna yönələn müəyyən “fəaliyyət” gerçəkləşdirməkdədirlər. Ortaya suallar çıxır: məgər rəsmi İrəvan keçmişin dərslərindən nəticə çıxarmayıb? Yoxsa, Fransa bilmir ki, Ermənistanı silahlandırıb onu illüziya bataqlığına çəkməyin heç bir faydası olmayacaq? Bəlkə baş nazir Nikol Paşinyan və tərəfdarları hesab edirlər ki, Cənubi Qafqazdakı reallıqları dəyişmək gücündədirlər? Onlara 44 günlük müharibədən ötən iki-üç ildə yaşananlar dərs olmayıb?

Əslində, suallar kifayət qədərdir. Görünür, Ermənistan yenə də sülh gündəliyi məsələsində Azərbaycanın hansısa güzəştlərə gedə biləcəyinə ümid bəsləyir. Xaricdəki ermənipərəst dairələrin də belə düşündükləri aşkardır. Elə isə sual meydana çıxır: Belələri bilmirlər ki, Azərbaycanın sərt tədbirlərə əl atması mümkündür? Sual ritorikdir, çünki cavabı bəllidir. Bəli, dünyada hər kəs ölkəmizin güc-qüdrətindən xəbərdardır, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyində dayanacağına əmindir. Deməli, mətləb başqadır və bu, rəsmi İrəvan üçün, müəyyən mənada, saman çöpündən yapışmağa bənzəyir. Söhbətimiz, əsasən, bu barədədir. Əlbəttə, digər məqamlara da nəzər salacağıq.

Başlayaq ondan ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın, guya, sülh prosesindən yayındığına dair açıqlama verib. O, bir qayda olaraq, ənənəvi şablonları dilə gətirib: 1991-ci ilin Alma-Ata Bəyannaməsi, ərazi bütövlüyü, suverenlik və sair... Yəni erməni XİN rəhbəri açıq-aşkar onu bildirir ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində hazırkı pozitiv ab-hava dəyişəcək. Yəni, ölkəsi indiki müsbət tendensiyadan uzaqlaşacaq. Uzaqlaşacaq və təqsiri Azərbaycanın boynuna atacaq.

Nəzərə alaq ki, xaricdəki anti-Azərbaycan qüvvələr də özlərini ölkəmizi təqsirləndirmək “musiqisinin notlarına kökləyiblər”. Çoxgedişli kombinasiyaların səbəbi bəllidir: Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29).

Bəli, həm Ermənistan rəhbərliyi, həm dünya erməniliyi, həm də xaricdəki ermə nipərəstlər və anti-Azərbaycan qüvvələr COP29-la bağlı oyun oynamağa girişiblər. Onlar özlərinin destruktiv və sülh prosesinə xələl gətirən mövqeləri ilə Bakını sərt addımlar atmağa təhrik etmək yolunu tutublar. Düşüncələri, təxminən, belə dir: biz hansı təxribata əl atsaq, Azərbaycan susacaq. Susacaq ki, COP29 kimi dünya miqyaslı tədbirə evsahibliyi statusuna xələl gəlməsin. Əslində, onların bu cür siyasi şantaja əl atacaqları proznozlaşdırılan idi.

Qeyd edək ki, rəsmi İrəvan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri Aparatının ötən il dekabrın -də yayılmış birgə açıqlamasındakı pozitiv auranı elə həmin vaxtdan heçə endirib. Axı o açıqlamada bildirilmişdi ki, “xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir”. 

Ermənistanın hazırda heç bir xoş niyyəti yoxdur. Heç onda da olmayıb. Sadəcə, riyakarlıq edib, özünü dünya ictimaiyyətinə “demokratiya donunda” göstərmək istəyib. Guya ki, Azərbaycanın xeyrinə COP29-a evsahibliyi arzusundan daşınıb. Onsuz da İrəvanın belə bir nüfuzlu toplantını keçirmək üçün maliyyə vəsaiti yox idi. Hər kəsə yaxşı məlumdur ki, COP29-un təşkili Ermənistanda iqtisadi böhran yarada bilərdi. İqtisadi böhranın isə siyasi rakursu qaçılmazdır. lkə xaricdən aldığı silah-sursatın pulunu verə bilmir, az qala, dilənçiliklə məşğuldur, COP29 onun harasına yaraşırdı? Deməli, rəsmi İrəvanın imtina üçün bəhanə axtarması labüd idi və tapdı da. 

Bəli, Ermənistan xoş niyyətli olsa idi, indiyədək Azərbaycanla sülh müqaviləsinə imza atmış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Ancaq bunu etmir, üstəlik, sülh müqaviləsinin vacib komponenti sayılan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində ölkəmizə qarşı çıxır, Bakını qeyri-səmimilikdə günahlandıran ritorikaya üstünlük verir. Belə düşünmək mümkündür ki, rəsmi İrəvan COP29-a qədər bu sayaq manipulyasiyalarını davam etdirəcək. Onun məqsədini isə qeyd etdik. 

Ancaq daha bir məqsəd var. Ermənistan və havadarları öz aləmlərində, dünyanın nəbzinə uyğun davranış ortaya qoymaq əzmindədirlər. Onlar hesab edirlər ki, yaxın aylarda nələrsə dəyişəcək və həmin dəyişikliklər fonunda Azərbaycanın hazırda tutduğu mövqeyə təsir imkanları yaranacaq. Buna görə də qarşıdakı müddətdə sülh gündəliyində irəliləməni deyil, geriləməni proqnozlaşdırmaq mümkündür. Ermənistan var gücü ilə çalışacaq ki, proses dalana dirənsin. Eyni zamanda, şərti sərhəddə, qoşunların təmas xəttində hərbi eskalasiya mühitinin formalaşacağını da ehtimal etmək mümkündür. Axı Fransa Ermənistana yeni silahları heç də əbəs yerə vermir. Nəzərə alaq ki, hərbi eskalasiya və onun nəticəsində Ermənistanın görəcəyi zərər rəsmi İrəvana imkan verəcək ki, dünyada Azərbaycanın, guya, sülhdən boyun qaçırdığına dair rəy formalaşdırsın. 

Ancaq həm Ermənistan rəhbərliyi, həm də xaricdəki ermənipərəstlər yaxşı anlamalıdırlar ki, bu sayaq gedişlərlə Bakının mövqeyində dəyişikliyə nail olmaq mümkünsüzdür. Əksinə, rəsmi İrəvan manipulyativ gedişləri artırdıqca, durumunu daha da ağırlaşdıracaq. Ermənistan rəhbərliyi düşünməlidir ki, bu gün təklif edilən şərtlərlə razılaşmamaq ona baha başa gələcək, gələcəkdə indiki şansı da itirəcək. Amma bu barədə düşünürmü? Təəssüf ki, yox!

Ə.CAHANGİROĞLU

XQ



Siyasət