Paşinyan yenə nala-mıxa vurur

post-img

Üç qonşu və üç regional dövlətin (Azərbaycan–Türkiyə–Rusiya–İran–Gürcüstan–Ermənistan) bir platformadan çıxış etməsi ideyasını 44 günlük müharibədən sonra rəsmi Bakı və Ankara irəli sürmüşdü. Məqsəd Cənubi Qafqazda həllini gözləyən mövcud problemlərin region və regionətrafı ölkələrin birgə iştirakı ilə çözülməsi, eləcə də transmilli nəqliyyat, enerji daşıyıcılarının tranziti ilə bağlı layihələrdə yaxından əməkdaşlığın yaradılması idi.

“Altılar”ın hamısının mənafeyi və strateji maraqları ilə üst-üstə düşən bu perspektivli layihənin hələ də tam reallaşmamasının bir sıra səbəbləri var. Bunların sırasına “ 3+3” formatında təmsil olunacaq Gürcüstan və Rusiya, həmçinin Ermənistan və Rusiya arasındakı münasibətlərdə yaşanan məlum gərginliyi daxil etmək lazımdır. Fəqət, son bir ildə Azərbaycan, Türkiyə və İranın bu cəlbedici əməkdaşlıq platformasının reallaşması yolunda atdıqları konkret addımların fonunda bölgədə maraqlarını güdən kənar aktorların da fəallaşması müşahidə olunmaqdadır. Əlbəttə ki, burada, ilk növbədə, Fransa və ABŞ-nin adları ön sırada yer alır. 

Rəsmi İrəvanın eyni vaxtda “iki stulda əyləşmək” taktikasının i asa uğradığı indiki geosiyasi durumda Paşinyan hakimiyyətinin sülh danışıqlarının vasitəçisiz, birbaşa dialoq yolu ilə aparılmasına razılaşmasının ardınca bölgənin problemlərinin “Qafqaz evi”nin daxilində aradan qaldırılması xəttinə yön alması hiss olunmaqdadır. Son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın regional məsələlərin Azərbaycan–Türkiyə–Gürcüstan–Ermənistan formatında müzakirə edilməsi barədə nikbin açıqlamaları da belə sağlam yanaşmanın işartıları sayılmalıdır. Nikol Paşinyan yuxarıda qeyd etdiyimiz “dördlük” formatının səmərəsi barədə 2 gün bundan əvvəl partiyasının qapalı keçirilən iclasında danışıb.

Bu barədə məlumat yayan “Hraparak” qəzetinin yazdığına görə, baş nazir qapalı iclasın gündəliyini dəyişərək yeni mövzunu müzakirəyə çıxarmaqla iqtidar  komandasının üzvlərini belə təəccübləndirib: “Toplantıdan əvvəl səhiyyə məsələlərinin müzakirə ediləcəyi barədə razılıq əldə olunmuşdu. Amma iclas başlayan kimi, baş nazir Ermənistanın xarici siyasət strategiyası mövzusunu önə çəkərək, Avropa və Rusiya ilə əlaqələrin müzakirəsini təklif edib. Həmçinin regional məsələlərin Azərbaycan–Türkiyə–Gürcüstan–Ermənistan formatında müzakirə edilməsi təklifini irəli sürüb”. 

Qəzet qeyd edir ki, Paşinyan partiyadaşlarına gündəmdən kənara çıxmasının səbəbi ilə bağlı tutarlı izahat verməyib. Əslində, bir müddət bundan əvvəl parlament dinləmələrində müxalif fraksiyaların təmsilçiləri Paşinyan hökumətindən Avropa İttifaqına (Aİ) üzvlük məsələsinin referenduma çıxarılmasını tələb edirdilər: “Qapalı toplantıda iştirak edən partiyadaşları Paşinyanın xarici siyasət prioritetləri ilə bağlı müzakirələri bərpa etməklə Ermənistanın Aİ-yə üzvlük məsələsində tələsməyin lüzumsuz olduğu tezisini yenidən aktivləşdirməyə çalışmasından şübhələnirlər”. Yeri gəlmişkən, Paşinyanın sədri olduğu “Mülki müqavilə” partiyasının daxilində müəyyən fikir ayrılığının yaranması barədə erməni mediasında xəbərlər də tirajlanmışdı. 

***

Bir daha qeyd edək ki, “3+3 ” formatını  44 günlük müharibədən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. “Altılıq”da adları keçən ölkələrin heç biri Cənubi Qafqaza kənar arbitrin təşrif buyurmasını arzulamır. Region dövlətləri coğrafi yöndən yerləşmə konfiqurasiyalarına görə də bir-birinə bitişikdir, yaxud aralarında “altılığ”ın digər üzvləri yer alır. Tarix bu ölkələri və onların xalqlarını eyni taleyi yaşamaq kimi sınaqlardan az keçirməyib. Bu gün heç kəsə sirr deyil ki, bu üç böyük dövlət (Türkiyə, İran və Rusiya) Cənubi Qafqazın üç ölkəsinin himayədarı roluna iddia edirlər. Milli, tarixi və siyasi mövqe baxımından yanaşsaq, Azərbaycan Türkiyənin simasında özünə strateji müttəfiq, Rusiyanın simasında isə köhnə tərəfdaş qazanıb. Bakının bircə İranla münasibətləri durulmağa doğru gedən vəziyyətdədir. Ermənistan isə öz təqsiri ucbatından Türkiyə ilə düşmən, Rusiya ilə qeyri-dost, İranla isə soyuq müttəfiqlik havasındadır.  Gürcüstana gəldikdə isə Tbilisi hər üç böyük dövlətlə məsafə saxlamaq taktikasını yeridir. Onlardan ikisi (Türkiyə və İran) ilə dinc qonşuluq əlaqələrinə, Rusiya ilə gərgin münasibətlərə malikdir. 

İntəhası, indi əsas mövzu Azərbaycan və Ermənistanın arasındakı sülh sazişi istiqamətindəki irəliləyişi davam etdirməkdir. Bu isə artıq regionun hər üç böyük dövlətinin dəstəklədiyi və təqdir etdiyi xətdir. Sadəcə, ona görə yox ki, Türkiyə, İran və Rusiya Cənubi Qafqazı özlərinin “doğma əraziləri” hesab edirlər, həm də ona görə ki, bu dövlətlərinin üçünün də ABŞ və Fransa, eləcə də Avropanın digər böyük dövlətləri ilə tarixi və geosiyasi mübahisələri var. Belə görünür ki, bu tarixi mübahisələr bəziləri üçün yenidən “aktuallaşıb”. 

Bütün bunlara baxmayaraq, “altılıq” kənar güclərin, başqa dövlətlərin Cənubi Qafqaza müdaxilə etməsini, buraya yerləşməsini qəti istəmir. Bunu sözügedən üç kiçik dövlətdən ikisi istəmir. Çünki təcrübədə “yadelli böyük dövlətlər”in regiona müdaxiləsinin hansı fəsadları törətdiyinə dair həm uzaq tarixdə yer alan, həm də çağdaş dövrümüzə aid danılmaz faktlar var. Yalnız Ermənistan, daha doğrusu, “dördlük” formatını gündəmə gətirməyə çalışan Paşinyan iqtidarı Rusiyaya arxa çevirərək, Fransanın, ABŞ-nin ağuşuna atılmaqla erməni xalqının “xoşbəxt gələcəyini” təmin edəcəyini düşünür. Amma reallıq və hadisələrin dialektik inkişafı onu deyir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına, Cənubi Qafqaza davamlı sülhün gələcəyinə artıq hamı, hətta okeanın o taylındakılar da inanırlar. Onlar da gerçəkliyi görür və anlayırlar ki, ermənilərlə azərbaycanlıların yanaşı, yaxud birgə yaşamaq kimi “əzablı seçimləri” aradan qalxıb. Otuz beş – otuz altı il öncə azərbaycanlılar Ermənistandan kütləvi şəkildə qovuldular, doqquz ay əvvəl isə ermənilər Azərbaycan torpaqlarını könüllü surətdə tərk etdilər. Yəni, hazırda hər iki tərəf özlərinin ana dövlətinin sərhədləri daxilindədir. Bundan sonrası iki xalq arasında düşmənçiliyin tədricən aradan qaldırılması və gələcəkdə mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi kimi uzaq pespektivinə ümid bəsləmək qalır. 

***

Bütün bunlardan savayı, İrəvan Bakı qarşısında konstitusiya dəyişikliyi kimi etimad və səmiyyət testindən də keçməlidir. Məhz bundan sonra Bakı və Ankara İrəvanla əməkdaşlıq məsələsinə baxa bilərlər. Hələlik isə Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasına aparan yola kötük diyirlətməyə çalışanlara özünün milli maraqları naminə kəskin sözünü deməlidir.      

Məhz Fransa və ABŞ İrəvana ünvanladıqları ismarıclarla “ ” formatının reallaşmasına əngəl yaratmağa çalışırlar. Paris və Vaşinqtonun Bakı və İrəvanın bölgədə sülh və əmin-amanlığa nail olunması yolunda atdıqları addımlarla bağlı təqdiredici mesajlarının altından fərqli niyyətlərın boylandığını sezmək o qədər də çətin deyil. Hətta skeptik siyasi ekspertlərin gəldikləri qənaətə görə, Fransa və ABŞ hesab edirlər ki, Cənubi Qafqazda münaqişə davam etməli, Ermənistan hərbi cəhətdən güclənməli, qüvvələrin “balansı” yaradılmalı və ardınca Hayastan Azərbaycana hücum edib, bir sıra üstünlüklərə nail olmalıdır. Və yalnız ondan sonra tərəər sülh danışıqları masasına otura bilərlər. Məgər Yelisey sarayından səsləndirilən bəyanat və ultimatumların, Ermənistana göndərilən hücum silahlarının altında bu məkrli plan gizlənmirmi?    

Bəs, bütün bunların qarşılığında Azərbaycan nə deyir? Bakı hərbi münaqişənin yenidən alovlanmasına qarşıdır və hesab edir ki, əgər Ermənistan yenidən müharibə yolunu seçsə bu dəfə məğlubiyyəti daha ağır, yaraları sağalmaz olacaq.  

İmran BƏDİRXANLI

XQ

Siyasət