Azərbaycan  Şimal–Cənub Nəqliyyat Dəhlizinin önəmli həlqəsidir

post-img

Bu infrastrukturla 2030-cu ilə qədər 30 milyon ton tranzit yüklərin daşınması nəzərdə tutulub

Rusiyanın İrandakı ticarət nümayəndəliyində Dağıstan hökumətinin təmsilçisi Andrey Tanaev bu günlərdə TASS agentliyinə bildirib ki, Azərbaycan, Rusiya və İran nümayəndələri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, 3 ölkənin rəsmiləri Rusiya–Azərbaycan və Azərbaycan–İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçirib, yaradılan şəraitlə maraqlanıblar.

Qeyd edək ki, İran tərəfi ilə bu görüşün keçirilməsinin əsası  2024-cü ilin fevralında Rusiya Baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oucinin sədrliyi ilə Tehranda reallaşan ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya–İran hökumətlərarası komissiyasının iclası zamanı qoyulub.

Rusiya mətbuatının bildirdiyinə görə, hazırda Yaraq-Kazmalyar keçid məntəqəsində bütün proseslər “bir pəncərə” prinsipi ilə gerçəkləşdirilir. Belə ki, sözügedən keçid məntəqəsində sənədlər təqdim edildikdən sonra 30-40 dəqiqə ərzində hazırlanaraq sürücülərə verilir.

Rusiya hökumətinin fikrincə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Süveyş kanalına alternativ ola və bu, həm Avropaya, həm də Rusiyadan Fars körfəzinə tranzit nəqli üçün birbaşa marşruta imkan yarada bilər. Dəhlizin ən mühüm quru hissəsi Rusiya Federasiyası, Azərbaycan və İran ərazisindən keçir. Hazırda dəhlizlə daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə gerçəkləşdirilir.

Yeri gəlmişkən, burada mövzu ilə bağlı bir informasiyanı da xatırlatmaq istərdik. Rusiya Prezidentinin müşaviri İqor evitin bu yaxınlarda Beynəlxalq Sibir Nəqliyyat Forumunun videobağlantı vasitəsilə keçirilən plenar iclasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində 13 ölkənin iştirak edəcəyini bildirib. “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak edən bütün ölkələrlə – onların sayı 13-dür – razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib”, – deyə Rusiya Prezidentinin müşaviri vurğulayıb. 

İ. Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var. Çünki Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Yalnız belə halda Transsibir magistralında sıxlıq aradan qaldırıla və Asiya ölkələrinə yükdaşımaları artırıla bilər.  

Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən dəhlizə Süveyş kanalına alternativ kimi yanaşılır. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə reallaşdırılır.

Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Bakıda keçirilən Rusiya–Azərbaycan Ekspert Şurasının V iclasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini bütün regionun aqman layihəsi kimi dəyərləndirib. M.Kaluqin qeyd edib ki, bu layihənin həyata keçirilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə də müsbət təsir göstərir: “Bu dəhliz bir neçə onillikdir ki, inkişaf edir. akin son iki ildə sözügedən infrastrukturun Rusiyadan Azərbaycana, buradan isə İrana qədər uzanan güclü qərb qolunun yaradılması da daxil olmaqla aktiv icra mərhələsi həyata keçirilir”.

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmçinin vurğulayıb ki, indiyədək bu layihədə iştirak edən tərəərlə fəal dialoq aparılıb. Layihənin icrası ilə bağlı artıq yol xəritəsi də razılaşdırılıb. Bu zaman əsas diqqət mövcud yolların modernləşdirilməsinə və yenilərinin tikintisinə yönəldilib. 

Bu məqamda xatırladaq ki, İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin   bir hissəsi olan, Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib.  37 kilometr uzunluğunda olan bu dəmir yolu infrastrukturunun işə salınması ilə qonşu ölkənin cənub və şimal limanları birləşdirilib və Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında birləşdirici halqa yaradılıb.

Yeri gəlmişkən, Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə RəştAstara dəmir yolu tikintisinin ilkin mərhələsidir. Gələcəkdə isə Xəzər limanından artıq İranın şimal-qərbində Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin inşası planlaşdırılır. 

Respublikamızda da Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına xüsusi diqqət yetirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun jurnalistlərə açıqlamasında Bakı–Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinə başlanılacağı bildirilir. Açıqlamada qeyd edilir ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.

R. Rüstəmovun sözlərinə görə, hazırda Bakı–Yalama istiqamətində yollar yenidən qurulur. Bu yolun yenidən qurulması Asiya İnkişaf Bankının ölkəmizə ayırdığı 400 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilir. Növbəti ilin birinci yarısında işlərin sona çatdırılması planlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt Osmanlı Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında -cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.

Ekspert rəyi

Məhəmməd Əliyev

Azərbaycan Dövlət İqtisad  Yniversiteti biznes və logistika kafedrasının müdiri, dosent

Azərbaycanda son illər nəqliyyat sektorunda bu sahənin dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli layihələr reallaşdırılıb. Sözügedən istiqamətdə aparılan dövlət siyasəti ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edib. Həyata keçirilən siyasət institusional islahatlar yolu ilə idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə və dövlət tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması məqsədi daşıyıb. 

Bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, son illər ərzində nəqliyyat sektorunda orta illik artım tempi artıb, yeni infrastruktur qurulub, özəl investisiyalar çoxalıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. Bunun bariz nümunəsi olaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi iri nəqliyyat infrastrukturunun reallaşdırılması istiqamətində nəhəng dəhliz layihəsi gerçəkləşdirilib. 

Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu nəqliyyat dəhlizindən səmərəli istifadə edilib. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz yüksəlib. 

Ölkəmizin ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət imanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır. 

Yeri gəlmişkən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması tarixinə nəzər salmaq istərdim. 2000-ci il sentyabrın 12-də  Rusiya, İran və Hindistan arasında imzalanan hökumətlərarası saziş əsasında adıçəkilən nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. mumilikdə, 13 ölkə (Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan respublikaları, Rusiya Federasiyası, Hindistan, İran İslam Respublikası, Oman Sultanlığı)  tərəfindən sözügedən sənəd ratifikasiya edilib.   

Xatırladaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq və Baltik dənizlərindən keçərək Helsinki şəhərinə 45- 60 gün ərzində reallaşdırılırsa, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

 

 

 



İqtisadiyyat