Azərbaycan və Banqladeş XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

post-img

İyunun 14-də Bakı şəhərində Azərbaycan və Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Banqladeş tərəfini isə xarici işlər üzrə katib (nazir müavini) Məsud Bin Momen təmsil ediblər.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Nazir müavini E. Məmmədov postmünaqişə mərhələsində bölgədə yaranmış mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, həmçinin bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkanın yarandığı vurğulanıb.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının, parlamentlərarası əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan və Banqladeş arasında turizmin təşviqi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Siyasət