Azərbaycan nümayəndə heyəti “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028-ci illər” adlı III Beynəlxalq konfransda iştirak edib

post-img

Tacikistanın paytaxtı Düşənbə şəhərində 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su ehtiyatları Agentliyinin məsul şəxsləri daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, qlobal istiləşmə fonunda su ehtiyatlarından səmərəli istifadə mühüm çağırışlardan biri olaraq qalır. Son 5 ildə planetdə ən isti il və ayların müşahidə olunduğunu xatırladan Tacikistan Prezidenti əlavə edib ki, bununla yanaşı, hər il təbii fəlakətlərin ümumi sayında su ilə bağlı fövqəladə halların xüsusi çəkisi və dəymiş zərərin miqdarı da artır. Prezident Emoməli Rəhmon iqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirlərinin minimuma endirilməsi məqsədilə effektiv və təcili tədbirlərin görülməsi üçün müzakirə və qlobal əməkdaşlığın mühüm olduğunu diqqətə çatdırıb.

Tacikistanın dövlət başçısı bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq müzakirələrdə su resurslarından rasional və dayanıqlı istifadə etməklə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov son illər qlobal iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında yaranan çətinliklərə toxunub. Azərbaycanın su və torpaq ehtiyatları məhdud olan ölkələrdən olduğunu deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda intensiv kənd təsərrüfatının formalaşmasına, o cümlədən müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir. Nazir bildirib ki bu sahədə fəaliyyəti əlaqələndirmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Komissiya yaradılıb. Komissiya tərəfindən yeni çağırışlar nəzərə alınmaqla iqlim dəyişikliyinin su resurslarına təsirinin minimuma endirilməsi üçün mövcud su itkilərinin azaldılması, ölkədə su ehtiyatlarının artırılması, alternativ su ehtiyatlarının qiymətləndirilməsi və mümkün istifadəsi kimi 3 prioritet istiqamət müəyyən edilib. Tədbir iştirakçılarına Azərbaycanda sudan səmərəli istifadə ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.

İqlim dəyişikliyinin təsirlərinin regional səviyyədə idarə olunmasının vacibliyini deyən nazir COP29 tədbirində su ehtiyatları sahəsində bütün təşəbbüslərin diqqət mərkəzində saxlanılacağını və bu istiqamətdə faydalı müzakirələrin aparılacağını vurğulayıb.

Tədbirdə su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin qarşısının alınması, təbii ehtiyatların davamlı istifadəsində innovasiya və rəqəmsallaşmanın rolu, bu istiqamətdə gələcək əməkdaşlıq istiqamətləri, davamlı inkişaf üçün su üzrə qlobal, regional və ölkələr səviyyəsində görüləcək işlər müzakirə olunub. Mütəxəssislər qlobal iqlim dəyişikliyinin su mənbələrinə təsirinin idarə edilməsi üçün su ehtiyatlarının sektorlar üzrə bölüşdürülməsi və dəqiq uçotunun aparılmasının, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin aktual olduğunu vurğulayıblar.

Siyasət