Zəngəzur dəhlizinin açılması türk dünyasının inteqrasiyasında mühüm amilə çevriləcək

post-img

Türk dövlətləri ilə münasibətlər siyasətimizin həmişə prioritet istiqaməti olub. Ötən müddət ərzində qardaş ölkələrin yaxınlaşmasına mühüm töhfə verən Azərbaycan türk dövlətlərinin birləşməsində və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Türk dövlətlərinin təşkilatını yaradan ölkələrdən biri kimi ölkəmiz bu birliyi daim gücləndirməyə çalışıb. Bu gün əminliklə demək olar ki, türk birliyi dünyada sülh və sabitliyə dəstək verən beynəlxalq regional güc mərkəzinə çevrilib. Türk dünyasının birliyi ideyasına sadiq olan Azərbaycan da türkdilli dövlətlərin və xalqların daha da güclənməsi, qarşılıqlı dəstəyi və həmrəyliyi istiqamətində atdığı addımları daha da intensivləşdirib.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirillməsi və bu iclasda Azərbaycan Türkiyədən quruma sədrliyi qəbul etməsi qeyd etdiyimizin bir daha təsdiqidir.

Bundan başqa Prezident İlham Əliyevin TÜRKPA-nın baş katibi Mehmet Süreya Əri və təşkilata üzv ölkələrinin parlament rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısı nümayəndə heyətinin üzvləri ilə söhbətində türk dünyası ölkələri arasında qarşılıqlı fəaliyyət sahələrinin inkişafı və genişləndirilməsi ilə bağlı ciddi mesajlar verdi və xüsusi vurğuladı ki, “Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. 

Bunun türk dünyasının güclənməsi üçün türkdilli ölkələrin xarici siyasətinin postulatına çevrilməsinin zəruri olduğunu desək, yanılmarıq. Hazırda Azərbaycan Prezidenti türk dövlətləri ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi istiqamətində yeni vəzifələr qoyur. Dövlət başçısı bildirib ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir: “Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması - bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək”. 

Heç kimə sirr deyil ki, mühüm coğrafi mövqedə yerləşən qardaş türk dövlətlərinin iqtisadi imkanları çox genişdir, zəngin enerji ehtiyatlarına malikdirlər. Bu, türk dövlətlərinin birliyinin dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb etdiyini göstərir. Sirr deyil ki, gözlənilməz hadisələr və yaxın coğrafi bölgələrdə davam edən gərginlik fonunda yaranan böhranlardan yalnız birlikdə təhlükəsiz çıxmaq mümkündür. Ən əsası, inteqrasiya prosesləri və mexanizmləri insanlar arasında təmasları da aktivləşdirir. 

Əlbəttə, türk dövlətlərinin potensialı iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik də daxil olmaqla müxtəlif aspektləri əhatə edir. Ticarət, investisiya, nəqliyyat, informasiya texnologiyaları, enerji infrastrukturu, makroiqtisadi və maliyyə siyasətləri sahələrində əməkdaşlıq gücləndirilir. Eyni zamanda, türk ölkələri elmi tədqiqatlar, yeni texnologiyaların inkişafı və innovativ həllər üzərində əməkdaşlığı inkişaf etdirirlər. Mədəniyyət, təhsil, dil və incəsənət sahələrində əməkdaşlıq da birliyi və dostluq münasibətlərini möhkəmləndirir. Bu niyyətlərin həyata keçirilməsi yenə də sıx əməkdaşlıqdan, birlikdən keçir, yəni türk dünyasının bir-birinin milli mənafeyinin nəzərə alındığı böyük bir ailə olması qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilməsini zəruri edir.

Azərbaycan dövləti bu gün regionun inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Unikal və əlverişli coğrafi mövqeyi ilə Azərbaycan inteqrasiya layihələrinin inkişafında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars və Orta Dəhlizin fəaliyyətə başlaması türkdilli ölkələrin zəruri infrastrukturları ilə əlaqənin təmin edilməsinə imkan verib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir: “Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var”. 

Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bu layihələr bütün türk dünyasının inkişafı və inteqrasiyasında mühüm amilə çevriləcək. Eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığına yeni təkan verəcək, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət təsir göstərəcək. 

Məqsədlərə çatmaq yolunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Qarabağın ürəyində - Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısı mühüm rol oynayacaq. Bununla bağlı dövlətimizin başçısı vurğulayıb ki, ildə bir dəfə sammit keçirmək kifayət etməyəcək, çünki sürətli, yəni daimi təmaslara ehtiyac var. Prezidentin bəyan etdiyi kimi  hər bir zirvə görüşü birliyimizi gücləndirir. “Əminəm ki, gələn ay bütün dövlət başçıları Şuşada birliyimizin yeni bir səhifəsini, inşallah, bərabər açacaqlar”. Eyni zamanda, sammitin Şuşada keçirilməsi də burada aparılan nəhəng quruculuq və bərpa işləri baxımından diqqətəlayiqdir. Bu gün işğaldan azad edilmiş torpaqlarda sürətlə həyata keçirilən irimiqyaslı layihələr sırasında geniş yol-nəqliyyat infrastrukturunun yaradılması da var. Qardaş türk ölkələri də bu prosesdə yaxından iştirak edirlər.

Deputat yekunda qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının Şuşada keçirilməsinin böyük simvolik əhəmiyyəti var. Hazırda cərəyan edən geosiyasi proseslər fonunda Şuşa sammitinin əsas mövzuları bütövlükdə qlobal gündəm üçün aktualdır. Digər tərəfdən, ölkənin COP29-da sədrliyi həm də Azərbaycanın əsas hissəsi olduğu Orta Dəhlizin uğuru üçün əlavə imkanlar yaradır. İqlim dəyişikliyi məsələləri bu gün iqlim sammitinə ev sahibliyi edən ölkə kimi Azərbaycanın gündəmində prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev görüşdə əminliklə bildirdi ki, ölkəmizin qlobal tədbirə hazırlıq ərəfəsində bu məsələlərin qardaş ölkələrlə müzakirə edilməsi böyük fayda verəcək.



Siyasət