İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirilib.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iclası açaraq Türk əməkdaşlıq qurumları arasında xüsusi yerə malik olan TÜRKPA-nın gündən-günə böyüməkdə və inkişaf etməkdə olduğunu deyib.
Sonra Numan Kurtulmuş TÜRKPA-da sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib. O, qarşıdakı dövrdə təşkilata sədrlik edəcək Azərbaycan tərəfinə uğurlar arzulayıb.
TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil aldığını deyən Sahibə Qafarova Milli Məclisin qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsinə səy göstərəcəyini bildirib.
O, Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyət göstərdiyi 15 ildən artıq dövrdə Assambleyanın əsas tədbirlərinin artıq dördüncü dəfədir Bakıda keçirilməsindən məmnunluğunu bildirib, bu gün aparılacaq müzakirələrin qarşıya qoyulan hədəflərə nail olmağa kömək göstərəcəyinə inamını ifadə edib.
Vurğulanıb ki, Azərbaycan TÜRKPA-nın ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfələri yüksək qiymətləndirir. Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil etdiyini deyən Milli Məclisin sədri həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu diqqətə çatdırıb.
Parlamentin sədri Vətən müharibəsində 30 illik işğalın başa çatdığını və Azərbaycanın ərazi bütövlüyünü, ötən ilin sentyabrında isə suverenliyini bərpa etdiyini xatırladıb.
Parlament Assambleyasının 13-cü plenar iclasının mövzusunun çox aktual olduğunu deyən Milli Məclisin sədri bildirib ki, noyabrda Bakı COP29-a ev sahibliyi edəcək.
S.Qafarova deyib ki, TÜRKPA-nın plenar iclasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda aparılacaq müzakirələr və qəbul ediləcək qərarlar iqlim dəyişikliklərinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyinin ifadəsi olacaq.
İclasda çıxış edən Türkiyə Böyük Millət Məclisin sədri Numan Kurtulmuş, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev və Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildirib, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.
Çıxışçılar TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparılacaq fikir mübadiləsinin, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.