Xorvatiyalı nazir müavini: Azərbaycan nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrilib

post-img

Azərbaycanın Xorvatiyadakı səfirliyi Zaqrebdə 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Xorvatiyanın Dövlət himnləri səsləndirilib.

Çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlətin 1918-ci il mayın 28-də məhz Azərbaycanda yaradıldığını, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə daxili və xarici siyasətdə böyük uğurlar qazandığını, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, Cümhuriyyətin beynəlxalq müstəvidə tanıdılması, milli maraqların qorunması, eləcə də siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırılıb. Səfir 1920-ci ilin aprelində Azərbaycan xalqının əlindən alınan dövlət müstəqilliyinin milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də yenidən bərpa edildiyini vurğulayıb.

Diplomat Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, ötən ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb.

Daha sonra səfir cari ilin noyabr ayında ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcəyini, bunun Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru olduğunu vurğulayıb. O, həmçinin çıxışında Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Tədbirdə ali qonaq qismində çıxış edən Xorvatiya xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını Azərbaycan xalqı üçün tarixi hadisə adlandıraraq, onun Şərqdə demokratik, hüquqi və dünyəvi dəyərlərə əsaslanan ilk müstəqil respublika olduğunu diqqətə çatdırıb. F.Matuşiç 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu, bu gün Azərbaycanın nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrildiyini, beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımladığını vurğulayıb.

Frano Matuşiç çıxışında Xorvatiya ilə Azərbaycan arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, son illər ölkələrimiz arasında bütün sahələrdə əlaqələrinin uğurla inkişaf etdiyini, bunun regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verdiyini deyib. O, bu ilin fevral ayında Azərbaycanda səfər edərək azərbaycanlı həmkarı ilə çox uğurlu siyasi məsləhətləşmələrin keçirildiyini, ölkələrimizin mövcud strateji tərəfdaşlığının daha da gücləndiriləcəyində qətiyyətli olduğunu bildirib. Həmçinin ölkəsinin Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə dəstək göstərməyə, habelə azad olunmuş ərazilərdə bərpa işlərində yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan xalqına və dövlətinə firavanlıq və tərəqqi dilədiyini bildirən F.Matuşiç dost xalqlarımızın iradəsinə əsaslanan münasibətlərimizin qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, milli mətbəx nümunələri də daxil olmaqla ziyafət təşkil olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb







Siyasət