Çexiya Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab edir

post-img

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul keçirilib.

Qəbulda Çexiya parlamentinin deputatları, bu ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarının nümayəndələri, Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ölkə ictimaiyyətinin təmsilçiləri, habelə media işçiləri və diaspor fəalları iştirak ediblər.

Çexiya və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra səfir Adış Məmmədov çıxış edərək, müsəlman Şərqində ilk parlamentli respublikanı yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən, həmçinin ölkəmizin yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük uğurlardan danışıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində torpaqlarımızın otuz illik erməni işğalına son qoyduğunu bildirən A.Məmmədov, hazırda regionda yeni reallıqların yarandığını bildirib. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib.

Səfir Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola, yaşıl enerji sahəsində ölkəmizdə həyata keçirilən layihələrə toxunaraq, 2024-cü ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verib.

Sonra səfir ötən il Azərbaycan ilə Çexiya arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və faydalı əməkdaşlığa söykəndiyini qeyd edib.

Qəbulda fəxri qonaq qismində iştirak edən Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü münasibətilə Çexiya Respublikasının təbriklərini bildirib və 31 illik Çexiya-Azərbaycan münasibətlərini dostluq və əməkdaşlıq illəri adlandırıb. O, bu illər ərzində ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini və xalqlar arasında əlaqələrin gücləndiyini vurğulayıb.

Dövlət başçıları səviyyəsində imzalanan strateji tərəfdaşlıq sazişini yüksək qiymətləndirən Y.Kurfürst ölkəsi ilə Azərbaycan arasında davamlı siyasi əməkdaşlığın inkişaf etdirildiyini, bunun yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlərdə təzahür etdiyini vurğulayıb və siyasi məsləhətləşmələr məqsədilə ölkəmizə səfəri barədə xatirələrini bölüşüb.

Y.Kurfürst iqtisadi və ticarət əlaqələrinin iki ölkə arasındakı münasibətlərdə xüsusi yerinin olduğunu qeyd edərək, ölkəsinin Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab etdiyini bildirib.

Rəsmi hissədən sonra qəbul bədii proqramla davam edib. Bədii hissədə Plzen Konservatoriyasında təhsil alan skripka ifaçısı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin və konservatoriyanın müəllimi Barbora Prokopovanın iştirakı ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ifa olunub.

Qəbul zamanı 2024-cü ilin noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi COP29-a hazırlıqlarla bağlı videoçarxlar, Bakı Media Mərkəzi tərəfindən istehsal edilmiş Azərbaycanın müxtəlif guşələrini əks etdirən videomateriallar nümayiş olunub, tədbir iştirakçılarına milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.









Siyasət