Istanbulda 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunan tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının nümayəndələri, Türkiyədə təhsil alan hərbiçilər, QHT-lər və digərləri iştirak ediblər.
Baş konsul Nərminə Mustafayeva Azərbaycanın müstəqillik tarixindən danışıb.
Bildirilib ki, bu gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə türk və islam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.
Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Baş konsul bunun heç də asan olmadığını, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə indiki güclü-qüdrətli Azərbaycanın təməlinin qoyulduğunu deyib.
Bildirilib ki, Ulu Öndərin başlatdığı bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır.
İstanbul valisi Davut Gül Türkiyə ilə Azərbaycanın taleyinin də, sevincinin də, kədərinin də bir olduğunu deyib.
Sonra bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı məlumatlandırıcı videoçarx nümayiş olunub.
Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan və Türkiyənin milli musiqiləri səsləndirilib, rəqsləri ifa edilib.
Qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.