Heydər Əliyev inamının reallıqları

post-img

Azərbaycanın çoxəsrlik tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna yeri vardır. Ümummilli lider Azərbaycan xalqının dövlətçilik ənənələrinin əsasında formalaşan və yaşadığı dövrün siyasi-ideoloji çağırışlarını qabaqlayan, böyük dövlətçilik istedadına malik olduğunu əməli fəaliyyəti ilə təsdiq etmiş tarixi şəxsiyyətdir. 

Çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev yeni tarix yarat­mış böyük dövlət xadimidir. Ulu öndərin çoxşaxəli fəaliyyətində böyük siyasətlə yüksək peşəkarlıq nümunəsi olan döv­lət idarəçiliyi bir-birini tamamlamışdır. O, böyük siyasətin də, dövlət idarəçiliyinin də zirvəsini fəth etmişdir. Buna görədir ki, Heydər Əliyevdən söz açanların hamısı birmənalı şəkildə bu dahi şəxsiyyətin si­yasəti fəaliyyətindəki böyük məharətdən bəhs etdikləri səviyyədə onun əsl döv­lətçilik istedadından da ürək dolusu söz açıblar. Yüksək dövlətçilik məharəti ilə ta­rixə dərin izlər salmış Heydər Əliyev dü­şünülmüş siyasəti ilə də onu əhatə edən rəsmi və siyasi dairələri mat qoymuşdur. Ona görə də mükəmməl dövlətçilik mək­təbi yaratmış Ulu öndər həm də eyni sə­viyyədə böyük siyasətin qrossmeysteri kimi qəbul olunmuşdur. 

Ümummilli lider Heydər Əliyev Azər­baycan SSR-ə və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə mən­sub olduğu xalqı və başçısı olduğu ölkəni ictimai-siyasi böhrandan və iqtisadi-mə­dəni gerilikdən çıxararaq, hərtərəfli yük­səlişə nail olmağı bacarmışdır. Qüdrətli dövlət xadimi kimi, o, Azərbaycanı bö­yük çətinliklər bahasına qazanılmış döv­lət müstəqilliyini itirməkdən xilas etmiş, ölkəmizdə müstəqil dövlətçiliyin möhkəm əsaslarını yaratmışdır. SSRİ kimi nəhəng imperiyanın əsas rəhbərlərindən biri ola­raq da Heydər Əliyev dünya miqyaslı görkəmli dövlət xadimi olduğunu isbat et­mişdir. Bunu böyük siyasətçilər, görkəmli dövlət xadimləri də dönə-dönə etiraf et­mişlər.

Təsadüfi deyildir ki, dünya şöhrətli böyük qırğız yazıçısı Çingiz Aytmatov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə “tarixi və hətta, əfsanəvi şəxsiyyət” kimi yüksək qiymət vermiş­dir. Fikrimcə, Heydər Əliyevin «tarixi və əfsanəvi bir şəxsiyyət» səviyyəsinə yüksəlməsində onun böyük dövlətçilik istedadı, möhkəm iradəsi, geniş dün­yagörüşü, zəngin həyat təcrübəsi və xidmətləri əsas faktorlar olmuşdur. Əsl liderlik xarizması olan bu dahi şəxsiyyət özünün dəmir iradəsi, möhkəm və bütöv xarakteri, istənilən çətin vəziyyəti anında düzgün dəyərləndirərək, ən optimal çıxış yolları tapmaq və məqamında qətiyyətli addımlar atmaq bacarığı ilə səciyyələnir.

Eyni zamanda, Heydər Əliyev za­manı qabaqlamağı bacaran, gələcə­yi çox aydın şəkildə görə bilən, xalqını və ölkəsini məqsədyönlü şəkildə böyük gələcəyə doğru irəli apara bilmək mə­harəti göstərən mütəfəkkir şəxsiyyətdir. Xalqına ürəkdən bağlı olan Ümummilli lider doğma torpağını və ölkəsini sevmə­yi müqəddəs dəyər kimi qəbul etməyin əsl nümunəsini göstərmişdir. Ona görə də Heydər Əliyev həm də parlaq şəx­siyyəti ilə böyük ümumxalq məhəbbəti qazanmışdır. Ulu öndərin adı Azərbay­can xalqının çoxəsrlik dövlətçilik tarixinə əbədi həkk olunmuşdur. 

Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyi tarixində xüsu­si bir epoxa yaratmışdır. Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan bu epoxa müxtəlif və keşmə­keşli mərhələlərdən keçərək, ömrünün sonuna – 2003-cü ilə qədər böyük uğur­la davam etmişdir. Təxminən 35 ilə yaxın ardıcıl olaraq davam edən bu böyük və şərəfli dövlətçilik marafonu mənsub ol­duğu xalqın və ölkənin taleyi və inkişafı ilə üzvi surətdə bağlı olub, onun təkamü­lü və tərəqqisi ilə əlaqədar bütün yüksə­liş mərhələlərini əhatə etmişdir. O, sovet hakimiyyəti illərindəki Azərbaycana rəh­bərliyi dövründə respublikanı ən sonun­cu yerlərdən qabaqcıl mövqelərə çıxar­dığı kimi, dövlət müstəqilliyi illərində də böyük keşməkeşli hadisələri dəf edərək, müstəqil dövlətçiliyi qoruyub saxlamış və daha da möhkəmləndirmişdir. Bu baxımdan 15 İyun, sözün real məna­sında, Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin Qurtuluş Günü kimi tarixə daxil olmuşdur. Heydər Əliyev epoxası ölkəmizin tarixinə Azərbaycan xalqının və müstəqil dövlətçiliyin xilası, qurtuluşa və böyük gələcəyə hazırlan­ması dövrü kimi həkk olunmuşdur. 

Bütün bunlarla bərabər, Heydər Əliyevi əsl insan və şəxsiyyət kimi sə­ciyyələndirən xüsusiyyətlər də onun böyüklüyü və ucalığının real təzahür­lərindəndir. O, siyasi-ideoloji baxımdan qüdrətli olduğu kimi, mənəvi cəhətdən də heyrətamiz dərəcədə zəngin, bən­zərsiz və möhtəşəm şəxsiyyət idi. Bu dahi insanın daxili-mənəvi xüsusiyyətləri onun siyasi keyfiyyətlərini tamamlayır və daha da möhkəmləndirir. Dövlətçilik sahəsində və böyük siyasətdə xüsusi məharət göstərən Heydər Əliyev şəxsiy­yət kimi də bütövlük və mənəvi zənginlik nümunəsi olmuşdur. 

Heydər Əliyevin sınaqlardan keçirib tanıdığı insanlara bəslədiyi inamı və doğ­malığı heç nə ilə müqayisə etmək müm­kün deyil. Heydər Əliyevin doğmalığını hiss etmək insanda özünə dərin inam hissi və daxili qürur duyğuları yaradırdı. Ulu öndərin inamını qazanmaq əqidə bütövlüyünə nail olmağın barometri idi. Heydər Əliyevin inamı – insani dəyərlə­rin aliliyi və siyasi etibarın sabitliyi və da­vamlı olması demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev həyatda mövqeyi olan əqidəli və dinamik insanlara inanıb etibar etmişdir. Bu mənada “mövqeyini göstər” sözü Ulu öndərin adı ilə bağlı olan müdrik kəlam və siyasi meydanda ölçü vahidi hesab olunur. 

Bundan başqa, Heydər Əliyevin doğ­malığı və inamı mühitində yaşamaq hə­yatını böyük ideallara kökləmək demək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev müxtəlif tarixi formasiyalarda onunla birlikdə yaşayıb-çalışan insan­ların ideya-mənəvi cəhətdən, şəxsiyyət kimi və dövlət adamı olaraq formalaş­masında müstəsna dərəcədə mühüm rol oynamışdır. Bu qüdrətli insan həm görkəmli dövlət xadimi və həm də bütöv, sarsılmaz şəxsiyyət kimi nümunə ol­muşdur. Azərbaycan dövlətçiliyi Heydər Əliyev siyasətinin işığında inkişaf etdiyi kimi, xalqımızın mənəvi dəyərləri və şəx­siyyətin miqyası da Ulu öndərin yaşat­dığı və ucaltdığı dəyərlərin nəticəsində daha da yetkinləşərək möhkəmləndiril­mişdir. O, sözün böyük mənasında, əsl dahi insan kimi özünün şəxsiyyətində dövlət xadiminə xas olan möhkəm iradə və uzaqgörənlik, aydın siyasi mövqe və yüksək idarəçilik bacarıqları ilə birlikdə, həm də dahiyanə sadəliyi, əqidə bütöv­lüyünü, müdrikliyi böyük məharətlə, həm də çox təbii şəkildə birləşdirmişdir. Hey­dər Əliyevin dövlətçilik istedadı nə qədər qeyri-adi və əlçatmaz idisə, onu şəxsiy­yət kimi səciyyələndirən dəyərlər də əsl örnək olmuşdur.

Heydər Əliyevin inamında əqidə bütövlüyü ilə əməl vəhdətdə ifadə olun­muşdur. Ulu öndər həyatının ən çətin və keşməkeşli məqamlarında, mürəkkəb sınaqlar qarşısında qalanda da əqidə bütövlüyünün nümunəsini göstərmişdir. Həyatın və cəmiyyətin heç bir çətinliyi və gərginliyi onu əqidə sarıdan sınağa çəkə bilməmişdir. O, sözün əsl mənasında, böyük siyasətin “Ənəlhəqq” andına nü­munədir. Qüdrətli dövlət xadimi Heydər Əliyevdə əqidə dönməzliyinin nümunəsi olan İmadəddin Nəsimi möhtəşəmliyi vardır. Böyük Azərbaycan şairi Nəsimi­nin məşhur “Sığmazam” qəzəli sanki Ümummilli liderin əqidə bütövlüyünün manifestidir. 

Keşməkeşli və mənalı həyatı, çox­cəhətli, məsuliyyətli və şərəfli fəaliyyəti ilə o, əqidə bütövlüyünü həm də əməli işi, xidmətləri ilə əyani şəkildə təsdiq et­mişdir. Sovet Azərbaycanına rəhbərlik etdiyi illərin hər günü böyük əməllərin salnaməsidir. 

SSRİ-nin əsas rəhbərlərindən biri kimi Heydər Əliyev əməlləri ilə Siyasi Büro üzvləri sıralarında fərqli sima kimi qəbul olunmuşdur. Bu gün də SSRİ Na­zirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin Sovet İttifaqı miqya­sındakı xidmətləri və əməlləri əfsanəyə çevrilərək yaşayır. Müstəqil Azərbaycan dövlətinin böyük sınaqlardan keçərək yaşaması və yolunu davam etdirmək şansı qazanması Ümummilli liderin at­dığı qətiyyətli addımların sayəsində mümkün olmuşdur. Beləliklə, Azərbay­can xalqı Heydər Əliyevin dövlətçilik məktəbinin və insanlıq dərslərinin sı­naqlarından keçərək inkişaf etmiş, ka­milləşmiş və daha da möhkəmlənmişdir. Həmçinin müstəqil Azərbaycan dövlə­ti yaşaması və əbədiyyət qazanması üçün Heydər Əliyevin dönməz və bütöv əqidəsinə, böyük əməllərinə borclu və minnətdardır. 

Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə etibarlı münasibəti Azərbaycan xalqına beynəlxalq aləmdə əhəmiyyətli tərəfdaş ölkələr və liderlər qazandırmışdır. Azərbaycan xalqının dünya birliyində özünəlayiq yer tutma­sı üçün Heydər Əliyevin dostları olan dövlət rəhbərlərinin siyasi iradəsi, bey­nəlxalq ictimaiyyətin rəyi və münasibəti mühüm rol oynamışdır. Əgər XX əsrin doxsanıncı illərində Heydər Əliyevin ABŞ-nin Prezidenti Bill Klintonla, dövlət katibi Madlen Olbraytla, Böyük Britani­yanın Baş naziri, “dəmir ledi” kimi şöh­rət qazanmış Marqaret Tetçerlə, Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, Çin Xalq Respublikası, Almaniya, Fransa kimi dövlətlərin rəhbərləri ilə tam və aydın, etibarlı münasibətləri, inamı və etibarı olmasaydı, Azərbaycan xalqı müstəqil­liyin başlanğıc illərindəki keşməkeşli dövrlərin sınaqları zamanı böyük çətin­liklərlə üzləşə bilərdi. Həmin qarmaqa­rışıq dövrlərdə taleyin gəmisinin hansı sahilə doğru yan alacağını təxmin et­mək çox çətin idi. Məhz Heydər Əliyevin dünya birliyində qazandığı böyük etibar, nümayiş etdirdiyi qətiyyət və qəhrəman­lıq tam mənası ilə Azərbaycan xalqının və dövlətinin xilası demək idi. 

“Bir millət, iki dövlət” kəlamı görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə kəşfidir. Bu, qardaş Türkiyə ilə əlaqələrin real əsası, türk dünyasına inteqrasiyanın strategiyasıdır. Bu, Heydər Əliyevin türk xalqına və Türkiyə Cümhuriyyətinə bəs­lədiyi inamın siyasi düsturudur. 

Eyni zamanda, Heydər Əliyevin sadə adamlarla, keçmiş tələbəlik dostları ilə, gənclik yoldaşları ilə çox səmimi, etibarlı münasibətləri Azərbaycan cəmiyyətin­də mənəvi tarazlığın, ictimai-siyasi sa­bitliyin, qarşılıqlı münasibətlərin nəinki qorunub saxlanılmasında, hətta, daha da möhkəmləndirilməsində həlledici rol oynamışdır. 

Ümumiyyətlə, Heydər Əliyevə inam Azərbaycan xalqına və müstəqil Azər­baycan dövlətçiliyinə etibarın rəmzidir. Heydər Əliyev ideallarına və şəxsiyyə­tinə inam müqəddəs dəyərlərə inam qə­dər məsuliyyətli və şərəflidir. 

Azərbaycan xalqının Ümummilli lide­ri əsl dövlətçilik və insanlıq nümunəsidir. Bu dahi insan bütöv və parlaq şəxsiyyəti, geniş dünyagörüşü, zəngin mənəviy­yatı ilə də nəsillər üçün böyük örnəkdir. İnsanlara münasibətindəki həssaslıq, doğmalıq və inam Heydər Əliyevin möh­təşəm obrazının ana xətlərindəndir.

Heydər Əliyev görkəmli dövlət xadi­mi və böyük siyasi xadim qədər olduğu səviyyədə də əsl insanlıq etalonudur. Bu unudulmaz şəxsiyyətin keşməkeşli və mənalı həyatı, sözün əsl mənasında, in­sanlıq nümunəsidir.

Müstəqil Azərbaycanın hər yeni nəsli üçün Heydər Əliyevin həyatı, mübarizəsi və idealları böyük siyasət və əsl həyat məktəbidir. Ümummilli lider doğma xalqı­na inam bəslədiyi kimi, xalq da ona bütün varlığı ilə ürəkdən inanmışdır. O, 1993-cü ildə xalqına olan sarsılmaz inamının dalğasında müstəqil Azərbaycan dövlə­tinə rəhbərlik etmək missiyasını qəbul etmişdir. “Hakimiyyətin mənbəyi xalqdır” tezisi Heydər Əliyevin xalqa və xalqın da ona inamının siyasi formuludur. Xalqın və ölkənin mənafeyi Heydər Əliyev üçün şəxsi həyatından qat-qat üstün olan ali dəyərlərdir. Heydər Əliyev epoxasının əsas devizi xalq və dövlət ideallarının vəhdətindən ibarətdir. Heydər Əliyevin ürəkdən inandığı və etiqad etdiyi bu ali dəyərlər insanlığın və dövlətçiliyin əsas meyarlarıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Mən ona özüm qədər inanı­ram” sözləri də müstəqil Azərbaycan dövlətində, xalqımızın dilində zərb-məsələ çevrilmişdir. Azərbaycan Res­publikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti Heydər Əliyev ina­mının böyük təntənəsidir. Möhtərəm Prezidentimizin uğurla davam etməkdə olan 21 illik fəaliyyətindən çıxan ən mü­hüm nəticə müzəffər Ali Baş Komanda­nın özü tərəfindən böyük səmimiyyətlə etiraf olunmuş “Ata vəsiyyətinə əməl et­dim” sözlərində əksini tapmışdır. Azər­baycan xalqının lideri İlham Əliyev “Ata vəsiyyətinə” hansı miqyasda və necə əməl etməyin etalonudur. Ulu öndərin özü qədər inandığı İlham Əliyev qazan­dığı böyük tarixi zəfərlərlə, yaratdığı yeni və möhtəşəm Azərbaycanla nəinki xalqımızı, hətta bütün dünyanı əsl döv­lət xadiminin və liderin necə olmasına qəti şəkildə inandırmışdır. Dünya şöh­rətli görkəmli yazıçı Çingiz Aytmatovun aşağıdakı sözləri Prezident İlham Əliye­vin müasir dövrün dünya liderləri ara­sındakı yerini və mövqeyini çox dolğun şəkildə ifadə edir: “İlham Əliyev qlobal­laşan dünyanın lider etalonudur”.

Ulu öndər Heydər Əliyev hələ 25 sentyabr 1990-cı ildə Nehrəm dairəsin­dən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd kimi seçkilərdə işti­rak edərkən seçicilərlə görüşündə dediyi aşağıdakı sözlər, əslində, müstəqil Azər­baycan dövlətinin strategiyasının ifadəsi idi: “Mənim əsas məqsədim Azərbayca­nın ərazi bütövlüyünü və Azərbaycan ha­kimiyyətini respublikanın bütün ərazisin­də bərqərar etməkdən ibarətdir… Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır.” 

Azərbaycan Respublikası cəmi 44 gün ərzində Ermənistanın Qarabağda­kı 30 illik işğalına son qoymuşdur. Bu, müzəffər Ali Baş Komandan İlham Əli­yevin “dəmir yumruğ”unun möcüzəsidir. 

Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təmin edilmişdir. Bu, Azərbay­canın çoxəsrlik tarixinin ən mühüm ha­disəsidir. 

Prezident İlham Əliyev 8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində hərbi paradı qəbul etmişdir. Bu, dövlət rəhbərimizin əfsanələri reallığa çevirmə­sinin əməli ifadəsidir. 

Azərbaycan Respublikasının Qazax rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən 4 kənd silaha əl atılmadan azad edilmişdir və həmin əra­zilərdə sərhəd dirəkləri ucaldılmışdır. Bu, İlham Əliyevin ucalmaqda davam etdiyi Azərbaycanı bütövlüyünə qovuşdurma qüdrətinin mühüm hadisəsidir. 

Məhz Prezident İlham Əliyevin də­mir iradəsi ilə Azərbaycan Respublika­sı azad, demokratik ölkə kimi dünyada özünü təsdiq etmişdir. Bu, müstəqillik qazanmış yeni dünya ölkələri üçün İlham Əliyev nümunəsidir. 

Rusiya sülhməramlıları Azərbaycan ərazisini xoşməramlı şəkildə tərk etmiş­lər. Bu, Prezident İlham Əliyevin döv­lət başçısı kimi böyük nüfuzunun real göstəricisidir.

Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin iradəsi ilə Ermənistanla sülh müqaviləsi imzalanacaq və Zəngə­zur dəhlizi açılacaqdır. 

Xalqımız əmindir ki, istənilən ən çətin və mürəkkəb vəziyyətlərdə Prezident İl­ham Əliyev bütün məsələlərin ən doğru həll yolunu tapacaqdır. 

Azərbaycan Respublikasının daha parlaq gələcəyinə həm xalqımız və həm də dünya ictimaiyyəti möhkəm surətdə inanır. Dünya birliyində Müstəqil Azər­baycan dövlətinin nüfuzunun və rolunun daha da artacağına da inanmamaq ol­maz. 

Bütün bunlar ulu öndər Heydər Əliye­vin uzaqgörən siyasətinə və Prezident, müzəffər Ali Baş Komandan İlham Əliye­vin qüdrətinə xalqımızın böyük inamının reallıqlarıdır. 

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik







Siyasət