Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya

post-img

I məqalə

Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır.

Heydər Əliyev, 
Ümummilli lider

Tarix və dahilər

Böyük şəxsiyyətlərin tarixdə yeri və rolunun fəlsəfi, sosioloji, kulturoloji və elmi araşdırılmasının tarixi qədimdir. Yaşadığı cəmiyyətə və bütövlükdə, insanlığa onların verdiyi töhfələrin sonrakı nəsillərə çatdırılması həmişə aktual sayılmışdır. Lakin bu təcrübənin necə təhlil edilməsi, hansı meyarlara üstünlük verilməsi və bütövlükdə, qiymətləndirilməsi fərqli olmuşdur. 

XX əsrdə filosoflar, sosioloqlar və psixoloqlar dahi şəxsiyyətlərin öyrənilməsinin iki üsulunu göstərmişlər. Onlardan biri şəxsiyyətin yaşadığı müddətdə fəaliyyətinin konkret cəhətlərinin araşdırılmasıdır (fransız məktəbi). Digəri isə şəxsiyyətin fiziki yoxluğu zamanında belə fəaliyyətinin toplum və insanlıq üçün əhəmiyyətinin öyrənilməsi və qiymətləndirilməsi ilə bağlıdır (Amerika məktəbi).

Bunlarla yanaşı, elə nadir dahilər vardır ki, hər iki yanaşmanın birlikdə tətbiqi onların fəaliyyətlərinin toplum və insanlıq üçün faydalarını dərk etməyə imkan verir. Heydər Əliyev belə yüksək səviyyəli dahi şəxsiyyət və bənzərsiz lider idi! Şübhəsiz, müasir Azərbaycan müstəqil dövlətçiliyini və strateji inkişaf kursunu Ümummilli lidersiz təsəvvür etmək mümkün deyil. Heydər Əliyevin fəaliyyətinin müxtəlif aspektləri hələ uzun müddət araşdırılacaq. Burada yalnız bir sıra məqamlardan bəhs edə bilərik.

Heydər Əliyev indi Azərbaycan dövləti üçün çox aktual olan milli ideyanın müasir kontekstdə qoyuluşunun banisidir. 1993-cü ildə dövlətə başçı seçiləndən sonra Heydər Əliyevin müstəqil dövlət quruculuğu istiqamətində fəaliyyəti çoxşaxəli olmuşdur. Bu barədə çox yazılmışdır. 

Eyni zamanda, Ulu öndərin fəaliyyətinin milli ideya konteksti araşdırılmalıdır. Çünki bu məsələ çox dərin dövləti faktorlarla əlaqəlidir. Burada siyasi, ideoloji, mənəvi, mədəni və psixoloji məqamların qarşılıqlı əlaqəsi vardır. Digər tərəfdən, keçən əsrin 90-cı illərinin Azərbaycan dövlətçiliyi üçün nə qədər çətin və mürəkkəb olduğu məlumdur. 

Deməli, milli ideya həmin mərhələdə iki aspektin qarşılıqlı təsiri fonunda formalaşmalı idi: Birincisi, toplumun siyasi, ideoloji, mənəvi, mədəni və psixoloji özəlliklərinin ənənəsi nəzərə alınmalı idi. İkincisi, mürəkkəb və ziddiyyətli geosiyasi şərtlər daxilində milli ideyanın məzmunu müstəqil dövlətçiliyə necə fayda verə biləcəyi kontekstində müəyyənləşməli idi. Bu iki mühüm aspektin həyata keçməsi onların mütləq şəkildə problemin dövlətçilik şüurunun faktorları kimi funksionallaşmasını təmin etməklə bağlı olmalı idi. Bu məqamda iki vacib faktor Heydər Əliyev tərəfindən milli ideya məsələsinə gətirildi. Onlardan biri milli ideologiyanın müasir dövrün tələblərinə uyğun məzmunlaşması, digəri isə onun dövlətçilik şüurunun atributlarından biri kimi siyasi-nəzəri aspektdən praktiki-tətbiqi müstəviyə transfer edilməsidir.

Azərbaycançılıq və milli ideya

Azərbaycançılıq ideologiyasının müasir dövrün tələblərinə uyğun müstəqil dövlət quruculuğu kontekstində yenidən məzmunlaşdırılması Heydər Əliyevin dahiyanə töhfəsidir. Bu gediş ölkəni faktiki olaraq bütün bəlalardan xilas etməyə və onun çətin sınaqlardan uğurla çıxmasına imkan yaratdı. 

“İdeologiya” termini yunancadan tərcümədə “ideya haqqında təlim” mənasını verir. Bu mənada ideologiya ideyaların, baxışların, konseptlərin konseptual (yəni məntiqi bağlılıq aspektində baxışlar sistemi olaraq) əsasda birləşdirilməsidir. Burada ideoloji sistem qarşıya qoyulan başlıca məqsədin fonunda məzmulaşdırılır. Heydər Əliyev müasir mərhələ üçün azərbaycançılığın üç baza istiqamətini göstərmişdir – Azərbacyan dili, Azərbaycan mədəniyyəti və Azərbaycan adət-ənənələri. Həmin üç təməl faktor Azərbaycansevərlikdə birləşir.

Azərbaycançılıq çərçivəsində Azərbaycansevərliyin mənəvi, mədəni və əxlaqi tərəfləri ilə yanaşı, dövlətçiliklə sıx əlaqəsi mövcuddur. Heydər Əliyev bu əlaqənin mərkəzində milli ideyanı görürdü. Həm də milli ideyanı tariximizdə ilk dəfə olaraq, Ümummilli lider dövlətçilik şüurunun atributlarından biri kimi məzmunlaşdırmışdır. Bu, fəlsəfi əhəmiyyəti böyük olan bir hadisədir. Çünki nəzəri səviyyədə dövlətçilik şüurunun dövrün tələblərinə uyğun hansı atributun önə çəkilməsi həll edilməli məsələdir. Bununla yanaşı, onun praktiki reallaşması mexanizmlərinin dəqiq müəyyən edilməsi ayrıca mühüm vəzifədir. 

Məsələ ondan ibarətdir ki, “atribut” anlayışı “zəruri”, “daxili mahiyyətə aid olan”, “obyektin daimi əlaməti” anlamlarını verir. Deməli, qısa müddətdə milli ideyanı dövlətçilik şüurunu zəruri, dəyişməz, daxili mahiyyətinə aid olan faktor kimi məzmunlaşdırmaq lazım idi. Onun fonunda isə həmin keyfiyyətdə milli ideyanı həyata keçirmək gərəkdi. 

Bu iki mühüm dövləti məsələnin bir-biri ilə uyğunlaşdırılmış həlli üçün geniş çərçivədə mükəmməl ideoloji sistem zərurəti vardır. Azərbaycançılıq bu keyfiyyətdə ən uyğun ideoloji mövqe idi. Bunu həyat və siyasi təcrübə artıq təsdiq ertmişdir!

Milli ideya–dövlətçilik atributu

Azərbaycançılıq ideologiyasının müstəqil dövlət quruculuğunun mənəvi, ideya, mədəni və etik “mayakı” olmasının fəlsəfəsi dərindir. Onun daxilində azərbaycanlıların dövlətçilik şüurunun (və daha dərin qatlarda “dövlətçilik mentaliteti”nin) araşdırılması arxivacibdir. Milli ideyanın birbaşa dövlətçilik şüurunun atributu keyfiyyətində dərki bu sırada ön plandadır. Əlbəttə, özlüyündə milli ideya həmişə dövlətçilik şüuru ilə sıx bağlı olmuşdur. Burada bizim üçün aktual olanı müasir mərhələdə milli ideyanın müstəqil dövlət quruculuğu prosesində şüurun atributu kimi konkret məzmun almasıdır. Dövrün ziddiyyətləri bu istiqamətdə düzgün qərar qəbul etməyə çox maneələr törədir. Heydər Əliyev bu çətinliklərin fövqündə müstəqil dövlət quruculuğunda milli ideyanın yeri və rolunu ümumilikdə “Azərbaycanın müasir dövrdə müstəqilliyi” fəlsəfəsinin tərkib hissəsi kimi müəyyənləşdirdi. 

Burada “Azərbaycanın müstəqilliyi müasir mərhələdə necə olmalıdır?” sualının təkcə fəlsəfi deyil, həm də siyasi, ideoloj və praktiki-diplomatik yükünə diqqət etmək gərəkdir. Həmin sualın qoyuluşu avtomatik olaraq indiki mərhələdə dövlətçilik şüuru anlayışını meydana çıxarır. Dövlətçilik şüurunda ənənə saxlanmaqla elə transformasiya edilməlidir ki, hazırkı mürəkkəb tarixi gerçəkliklərin sınağından dövlət və millət uğurla çıxa bilsin. Bu məsələnin köklü həlli, hər şeydən öncə, fəlsəfi və siyasi-nəzəri miqyasda azərbaycançılıq kontekstində milli ideyanın dövlətçilik şüuru kimi yeri və rolunun dəqiq müəyyənləşməsini tələb edirdi. Buna görədir ki, Heydər Əliyev milli ideyanın dövlətçilik şüurunun atributu kimi yerini və rolunu müəyyən etməklə xalqa və dövlətə böyük töhfə vermiş oldu.  

Bəs milli ideyanın dövlətçilik şüurunun atributu kimi başlıca parametrləri hansılardır? Bu suala cavabı azərbaycançılıq ideologiyasının başlıca prinsipləri prizmasında axtarmaq olar. İstiqamətverici faktor kimi isə Azərbaycanda Heydər Əliyev – İlham Əliyev siyasi xətti üzrə əldə edilən dövlət quruculuğu təcrübəsi rol oynamalıdır.  

Bu təcrübə göstərir ki, milli ideya azərbaycançılıq ideologiyasının başlıca müddəaları və prinsiplərinə tam uyğun olmalıdır. Konkret olaraq azərbaycançılıqda mövcud olan vətənsevərliklə müstəqil dövlətçiliyə bağlılıq və sədaqətlilik dil, mədəniyyət və adət-ənənə sferalarında harmoniya təşkil etməlidir. Burada ya vətənsevərliyin ya da müstəqil dövlətə bağlılğın bir-birindən ayrılması və ya tək götürülməsi doğru olmaz. Heydər Əliyev və İlham Əliyev fəaliyyətlərində bu iki aspektin mükəmməl sintezini, bir-biri ilə həmahəngliyini təmin etmişlər. Bu istiqamətdə konkret əlamətləri isə güclü dövlətlə güclü cəmiyyətin multikultural dəyərlər müstəvisində birliyini təmin etməkdən ibarətdir. Dövlət quruculuğunda uğurların əldə edilməsində bu məqamın çox mühüm  rolu vardır. 

Azərbaycançılıq konktestində milli ideyanın dövlətçilik şüurunda yeri və rolunu xarakterizə edən digər məqam güclü dövlət və güclü vətəndaş cəmiyyəti quruculuğunun bir-biri ilə sıx əlaqədə aparılması ilə əlaqəlidir. Yəni Ulu öndər milli ideyanın konkret strateji hədəfə fokuslanmasını tövsiyə etmişdir. Bu strateji hədəf hər bir situasiyada milli ideyanın güclü dövlətlə güclü cəmiyyətin harmoniya formasında qurulmasını ehtiva edir. Məhz buna görədir ki, yeni tarixi mərhələ üçün milli ideyanın strateji hədəfi elə seçilməlidir ki, istənilən gözlənilməz situasiyada başlıca məqsəddən – güclü dövlət – güclü vətəndaş cəmiyyəti quruculuğu prosesindən yayınılmasın! Bu seçim bazasını Heydər Əliyev yaratmışdır və İlham Əliyev XXI əsrin reallıqları fonunda daim yaradıcı olaraq onu inkişaf etdirir! 

Milli ideyanın azərbaycançılıq kontekstində başqa bir rolu toplumun bütövlüyünü saxlamaqla yanaşı, ona yeni məzmun vermək və situasiyadan asılı olaraq bu və ya digər faktoru ön plana çəkməklə əlaqəlidir. 

Azərbaycançılıqda cəmiyyətin bütövlüyü və tamlığı ön plandadır. Bu məsələ ənənədən gələn multikulturallığa əsaslanır. Onun başlıca “ortaq sahəsi” isə yuxarıda vurğuladığımız vətənsevərliklə müstəqil dövlətçiliyə bağlılığın vəhdətindən ibarətdir. Deməli, milli ideya faktiki olaraq daim cəmiyyətin bütövlüyü şərtini aktuallaşdırmalı və onun gerçəkləşməsi mexanizmi funksiyasını yerinə yetirməlidir. Bu, azərbaycançılığın ana xəttidir! 

Azərbaycançılıqda bu proses dinamik və açıq xarakterə malikdir. Həmin müddəa Ulu öndərin “azərbaycanlılar milli mədəniyyətə sadiq olmaqla yanaşı, dünya mədəniyyətinə də açıq olmalıdırlar” fikrində ifadəsini tapmışdır. 

Yuxarıda vurğuladığımız kimi, milli ənənələrə sadiqlidə multikultural aspekt ciddi yer tutur. Dünya mədəniyyətlərinə açıqlıq isə daim mədəni əlaqələr vasitəsi ilə özünü yenidən dərk etmək, özünü anlamaq imkanının yaranması deməkdir. Bu üsulla həm Azərbaycan cəmiyyəti özünə empatiya edə bilir, həm də dünya miqyasında alternativləri görür. Onların qarşılıqlı əlaqəsində dövlət və toplum həmişə “özünüyarada” və “özünütəşkiledə” bilir (sinergetik anlamda). Həmin keyfiyyət özlüyündə dövlət və cəmiyyəti “özyetərli” səviyyəsinə yüksəldir ki, dövlətçilik baxımından bu, öz taleyinin sahibi, öz tarixinin subyekti olmaq deməkdir. Bu cür dövlətlər və cəmiyyətlər azad və güclüdürlər!

Beləliklə, Heydər Əliyev milli ideyanı dövlətçilik şüurunun atributu kimi məzmunlaşdırması ilə Azərbaycan dövlətçiliyi üçün tarixi dönüş yaratdı. Bu transformasiya Ulu öndərə imkan verdi ki, milli ideyanı ərazi bütövlüyünün bərpası kontekstində dəqiq müəyyən etsin. Onun gerçəkləşməsi kompleks proseslərin nəticəsidir. Buna şübhə yoxdur. 

Konseptual miqyasda isə milli ideya iki vacib baza istiqamətdən qaynaqlanırdı – azərbaycançılıq və güclü dövlət konsepti! Təkrar etmək istərdik: bu iki baza əsasında milli ideyanın reallaşması ancaq və ancaq onun dövlətçilik şüurunun atributu kimi anlam alması sayəsində ola bilərdi! Heydər Əliyev bunu yüksək səviyyədə bacardı, Prezident İlham Əliyev isə mükəmməl şəkildə yeni geosiyasi situasiyada yaradıcı inkişaf etdirdi!

(ardı var)

Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət