Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
Azərbaycan səfirini salamlayan Baş nazir Pakistanın Azərbaycana böyük önəm verdiyini və iki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Baş nazir Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını, həmçinin 2023-cü ilin iyununda Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə görüşünü xatırladıb və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdiyini bildirib.
Məhəmməd Şahbaz Şərif Azərbaycanı 2024-cü ilin noyabrında keçiriləcək COP-29 tədbirinə ev sahibliyi edəcək ölkə seçilməsi münasibətilə təbrik edib, ölkələrimiz arasında ticarət, investisiya, enerji, müdafiə, təhsil, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün hər iki tərəfin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Baş nazir ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə yüksək səviyyəli nazirlər heyətini Bakıya göndərmək niyyətində olduğunu bildirib. O həmçinin müxtəlif sahələrdə əməkdaşlıqla bağlı Pakistan-Azərbaycan Hökümətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasını tezliklə təşkil etməyə hazır olduqlarını qeyd edib.
Səfir Baş nazirə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə məlumat verib və bu yaxınlarda Bakı ilə Kəraçi arasında reyslərin açılacağını, həmçinin Bakı ilə İslamabad, eləcə də Bakı və Lahor arasında reyslərin uğurla həyata keçirildiyini vurğulayıb, Azərbaycandan Pakistana rəsmi səfərlərin gözlənildiyini bildirib.
Baş nazir Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, bu nümunəni İslamabadda da təkrarlamaq istədiyini və hər iki şəhərin birgə əməkdaşlıq imkanlarının qurulmasının əhəmiyyətini qeyd edib.
Məhəmməd Şahbaz Şərif sonda bir daha Pakistanın Azərbaycanla qardaşlıq münasibətlərini genişləndirmək istədiyini, həmçinin yüksək səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad