Mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər xarici mətbuatın diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb.
VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısı fikirləri Türkiyə mətbuatının da diqqət mərkəzində olub. Qardaş ölkənin Anadolu Agentliyi, “Haber Global” televiziyası, “Akşam” qəzeti, “Haberler.com” portalı və digər KİV-lərində yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək mötəbər qonağın qatıldığı qeyd olunub.
Digər xəbərlərdə də Prezident İlham Əliyevin xüsusən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, delimitasiya və demarkasiya işlərinin aparılması və digər məsələlərlə bağlı fikirlərinə yer verilib.
Gürcüstanın “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primetime.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası Azərbaycan Prezidentinin Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Qətər Xəbər Agentliyinin yaydığı xəbərdə Bakıda işə başlayan üçgünlük Forum çərçivəsində təşkil olunacaq 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.
Belarus mətbuatı da VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu gündəmdə saxlayıb. BELTA-da yayımlanan xəbərdə Belarus nümayəndə heyətinin də Foruma qatıldığı vurğulanıb. Qeyd edilib ki, mühüm məsələlərlə bağlı ciddi fikir mübadiləsinin aparıldığı Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, “çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”.
Bu ölkənin “Sb.by” portalının yaydığı xəbərdə də Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğu vurğulanıb.
Ukraynanın “Telegraf” və “Korrespondent” nəşrləri əsasən dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə fikirlərinə diqqət çəkib. Məqalələrdə Prezident İlham Əliyevin sülh müqaviləsi üzrə danışıqların Azərbaycanın irəli sürdüyü təkliflər əsasında aparılması, eləcə də iki ölkə arasında demarkasiya və delimitasiya işlərinə başlanıldığı, xüsusən bu prosesin vasitəçilər olmadan həyata keçirilməsi barədə fikirləri diqqətə çatdırılıb.
İranın İRNA agentliyinin, “Entexab” qəzetinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistanın otuz il davam etmiş işğala son qoyması üçün qəbul etdikləri qərar və qətnamələrin tələblərinin yerinə yetirilməsinə cəhd göstərmədikləri barədə sərt fikirlərinə geniş yer ayrılıb: “Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”. Yazılarda dövlətimizin başçısının iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyaların müşahidə olunmasını qeyd etməsi xüsusi vurğulanıb.
Türkmənistanın “Central Asia” media platformasının yaydığı xəbərdə də Prezident İlham Əliyevin Forumun açılış mərasimində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müşahidə olunan müsbət tendensiya barədə fikirləri diqqətə çatdırılıb.