Qırmızı paltar, qızmış öküzlər və yandırılan bayraqlar

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əv­vəl yerli televiziyada qonaq olarkən fikrini əsaslandır­maq üçün obrazlı ifadələrə yer vermişdi. O, proqramın aparıcısına demişdi: “Təsəvvür edək ki, biz əynimizə nənələrimizin tikdiyi qırmızı paltarı geyinib yola çıxmı­şıq və həmin yolda qızmış öküzlərə rast gəlmişik. İndi irəliləmək üçün öküzləri aqressiv davranmağa kök­ləyən qırmızı paltarı çıxarmaq lazımdır. Həm də həmin paltarı çıxarıb eksponat kimi muzeyə qoymaq vacibdir... Nikol daha nəyi deməli idi, bu barədə yazının sonunda söz açacağıq. 

Əslində, Paşinyanın qaldırdığı məsələ erməni cəmiy­yətinin, az qala, hər künc-bucağı üçün aktualdır. Cəmiyyət xəstəlikdən qurtulmalı, özünü miflərdən azad erməli, reallığa söykənməlidir. Nəzərə almalıdır ki, keçmişdə ilişib qalmaq Ermənistanın gələcəyə doğru yolunu kəsir. Bəs buna nə dərə­cədə ciddi yanaşılır? Ümumiyyətlə, hansısa formada əhəmiy­yət verilirmi? Xeyr! 

Erməni cəmiyyəti, obrazlı desək, paşinyanların, qriqor­yanların, sarkisyanların və digər “yan”ların nənələrinin tik­dikləri qırmızı geyimi nəinki çıxarmağı düşünür, eyni zaman­da, artıq cırıq-cırıq olmuş, kirə-pasa batmış həmin libasları milli düşüncə sisteminin məhsuluna çevirir. Mətləbə keçərək deyək ki, mövzumuz qondarma “erməni soyqırımı” barədədir. Daha doğrusu, onun dünən qeyd edilmiş növbəti ildönümünə həsr olunmuş tədbirdəki diqqətçəkən yaramazlıq haqqında. 

Əlbəttə, sözügedən yaramazlıqda Paşinyan iqtidarının əlinin olmadığını düşünmək sadəlövhlükdür. Axı Nikolun te­leviziya ekranlarından səsləndirdiyi, çıxışlarında dilə gətirdi­yi mətləblər heç də səmimi deyil. Yəni, onun keçmişin qalığı kimi, “erməni soyqırımı” iddiasına dair fikirlərindəki pozitiv motiv də sürüşkəndir, tez bir zamanda sıradan çıxmaq poten­sialındadır. Erməni baş nazirin “soyqırımı”nı şübhələndirən dəst-xəttinə müsbət yanaşma göstəricisi qismində inanmaq da olmaz. Qondarma iddianın ildönümü münasibətilə İrəvan­da keçirilmiş aksiya zamanı baş verənlər bunun təsdiqidir. 

Bəli, “məşəl aksiyası” kimi adlandırılan və hər il keçi­rilən həmin aksiyada Azərbaycan və Türkiyənin bayraqları yandırıldı. Hadisə bir neçə cəhətdən diqqət çəkir. Əvvəla, bu, alçaqlıq və barbarlıqdır. Sübut olunur ki, erməni cəmiyyəti hətta ümummilli acı və dərd olaraq dəyərləndirdiyi nəyisə normal qaydada yaşamaq təfəkküründən uzaqdır. 

İkincisi, Azərbaycan və Türkiyə bayraqlarının birgə yan­dırılması türk düşmənçiliyinin erməni cəmiyyəti üçün priori­tet təşkil etdiyinin göstəricidir. Deməli, bu cəmiyyət regionda qərarlaşmış reallıqlara normal tərzdə reaksiya vermək iqtida­rında deyil. Düşünmür ki, bayraqlarını yandırdıqları ölkələr Ermənistanı, loru necə deyərlər, cücə kimi boğarlar. 

Üçüncüsü, Azərbaycanın və Türkiyənin bayraqlarının yandırılması konkret planlaşdırılmış işdir. Belə görünür, Cənubi Qafqazda sabitliyin pozulmasını istəyənlər “fəaliy­yətdədirlər”. Onlar hər vəchlə çalışırlar ki, region ölkələri arasında sülh və əmin-amanlıq olmasın. Ən əsası isə mövcud istiqamətdə gerçəkləşdirilən tədbirlər əhəmiyyətini itirsin. Nəhayət, düşmənçilik ab-havası daim “aktuallığını” qorusun. 

Dördüncü məqam. Hesab edirik ki, “məşəl aksiyası”nda Azərbaycan və Türkiyənin bayraqlarını yandıranlar elə Paşin­yanın nənəsinin tikdiyi qırmızı paltarı geyinib əyinlərindən çıxarmayanlardır. Görünür, onların ictimai həyatdakı rolu bö­yükdür. O qədər böyükdür ki, ölkə rəhbəri Nikolun sözü ilə əməlinin doğru olmadığına dair qəti qənaət formalaşır. Axı balıq başdan iylənir. Hər halda, hüquq-mühafizə orqanları ha­disənin qarşısını ala bilərdilər. Amma almadılar. 

Nəzərə alaq ki, bir müddət əvvəl İrəvanda keçirilmiş ağır­lıqqaldırma üzrə Avropa çempionatının açılışında da Azər­baycan Bayrağı yandırılmışdı. O zaman bunu edən şəxs xalq qəhrəmanı obrazında təqdim edilmişdi. Həmin məxluqu heç tutmazdılar da. Sadəcə, böyük idman tədbiri keçirildiyindən məcbur qaldılar. Onu da deyək ki, yekunda bayrağa hörmət­sizliyin cəzalandırılması məntiqi iflic duruma düşdü. Çünki hadisəni törədən tezliklə sərbəst buraxıldı. 

Hazırkı olayla bağlı Paşinyan və komandasının reaksiyası yoxdur. Nə bilmək olar, bəlkə bu, insan azadlığına hörmət­dir?! O zaman nəyə görə iqtidar ölkədə özünün əleyhinə danı­şanları həbsdə çürüdür? Necə olur ki, müxaliflərin hər sözünə sərt reaksiya verilir? 

Yada salaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birbaşa “erməni soyqırımı” ifadəsi­ni işlətməsə də, sırf onu nəzərdə tutaraq Ermənistana çağırış səsləndirmişdi. Türkiyə lideri bildirmişdi ki, Ermənistan keç­mişin əsassız xatirələrini bir kənara qoymalı, regionda for­malaşmış yeni reallıqlara adekvat davranaraq konstruktivlik nümayiş etdirməli, Ankara ilə normallaşma xəttinə sadiq qal­malıdır. “Məşəl aksiyası”nda Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə Bayrağı da yandırıldısa, deməli, bu, həm də cənab Ərdoğanın çağırışına erməni cəmiyyətinin reaksiyasıdır.

Sonda yenidən Paşinyanın nənəsinin tikdiyi qırmızı pal­tar məsələsinə qayıdaq. Diqqətə çatdırdıq ki, Nikol televizi­yadakı çıxışında ölkəsinin getdiyi yolda öküzlərin qarşısında məhv olmamaq üçün həmin paltarı çıxarıb muzeydə milli rəmz kimi saxlamağın vacibliyini bildirmişdi. Hesab edirik ki, elə bunun özü də riyakar yanaşmadır və fürsət düşdükcə mənfur libası geyinmək üçün şans saxlayır. Baş nazir həmin paltarın çıxarılmalı deyil, yandırılmalı olduğunu vurğulamalı idi. Yəni, Azərbaycan və Türkiyə bayraqlarını yox, məhz Pa­şinyanın nənəsinin tikdiyi qırmızı paltarı yandırmağa ehtiyac var.

Siyasət