Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nüsrət Qani Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb. Məlumatı “Anadolu” verib.
“Mən 1991-ci il Almatı Bəyannaməsi əsasında beynəlxalq sərhədlərinin delimitasiyası sahəsində irəliləyiş əldə edən Ermənistan və Azərbaycanı alqışlayıram. Onların diplomatiyası ərazilərin sülh yolu ilə qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atıb”, - deyə Qani bildirib.
Bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndini geri qaytarmağa razılaşdığını bildirmişdi.
“Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci iclasının yekunlarına əsasən, Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin qaytarılmasına razılıq verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin X sosial şəbəkəsində dərc olunan məqaləsində deyilir.
P.ƏMİRCANOV
XQ