Parisdə Olimpiya antisanitariyası

post-img

Öz paytaxtını təmiz saxlaya bilməyənlər Qafqaza süpürgə çəkmək istəyirlər

Sizcə, öz evində səliqə-sahman yarada bilməyənin başqalarına, həm də uzaq­dakılara öyüd-nəsihətə girişməsinə nə ad vermək olar? Yekəxanalıq, yoxsa “farmazonluq”? Bəlkə ikisini də birdən? Amma indi toxunacağımız mövzu üçün sonuncu təyin lap yerinə düşür. Avropadan Şərqə həmin fransızların dilindən ötürülmüş bu söz keçmişdə sənədlərin, zinət əşyalarının saxtalaşdırılması ilə məşğul olan fırıldaqçılara aid edilirmiş. Müasirlərimiz isə təkcə fırıldaqçılara deyil, həm də yaramazlara “farmazon” deyirlər. 

* * *

Fransa paytaxtı Paris XXXIII Yay Olimpiya Oyunlarına hazırlaşır. 2024-cü il iyulun sonları başlayıb avqustun əvvəl­ləri bitəcək planetin ən stajlı yarışlarının bu dəfə bir çox “ilk”lərlə yadda qalacağı şübhəsizdir. İdman dünyanın ən ali oyun­larına hazırlığın vəziyyəti və səviyyəsi bizə onu deməyə əsas verir ki, budəfəki tədbir Olimpiya tarixində qalmaqallı ha­disələr və Emmanuel Makron Fransası­nın üzqaralığı ilə qalacaq. Bu proqnozu şərtləndirən kifayət qədər “obyektiv və subyektiv səbəblər” mövcuddur. “Ob­yektiv səbəblərin” sırasına Ukrayna ha­disələri ilə bağlı Avropanı bürümüş sosi­al-iqtisadi və enerji böhranını, eləcə də həm də bu amillərə görə Fransa ilə dip­lomatik münasibətlərin pozulduğu bəzi ölkələrin ən nüfuzlu beynəlxalq idman yarışında iştirakının qeyri-mümkünlüyü­nü göstərmək olar. İdmanın da siyasi təz­yiq alətinə çevrildiyi çağdaş zəmanəmiz­də Fransa prezidenti Emmanuel Makron və Paris meri Ann İdalqo kimi “strateqlər” indi əl-ayağa düşüb Olimpiya qabağı üz­ləşdikləri çeşidli problemləri həll etməyin yollarını arayırlar. 

Bu gün beynəlxalq miqyaslı yarışa Parisin hazır olub-olmaması mövzusu yerli medianın gündəmini zəbt edib. Ya­zılı və elektron KİV-dən həyəcan təbilləri­nin səsləri eşidilməkdədir. Onu deməliyik ki, bu həyəcan heç də əsassız deyil. 

Bir müddət bundan öncə Fransa­nın “YouGov” araşdırma şirkətinin “Le HuffPost” saytının sifarişi ilə 1001 fran­sız arasında keçirdiyi sorğunun nəticələri heyrət doğurur. Məlum olub ki, fransızla­rın yarıdan çoxu ölkələrinin ev sahibliyi edəcəyi Yay Olimpiya Oyunlarına hazır olmadığını düşünür. İştirakçılara “Sizcə, Fransa iyun–avqust aylarında keçiriləcək Olimpiya oyunlarına evsahibliyi etməyə hazırdırmı?” – sualı verilib. Respondent­lərin cəmi 9 faizi Olimpiadaya hazırlığın normal getdiyini, 23 faizi olduqca yaxşı hazırlaşdığını, 55 faizi isə paytaxt Parisin bu yarışa hazır olmadığını bildirib. 

* * * 

Olimpiya oyunlarına 90 gün qalmış çeşidli problemlərlə üzləşən Parisin meri Ann İdalqo ictimai nəqliyyat və küçədə­ki evsizlərin problemini hələ də çözə bilmədiklərini “France 2” telekanalının efirində etiraf edib. Problemlər bunun­la qurtarmır. Olimpiadaya hazırlıq üzrə təşkilat komitəsi paytaxtın sanitariya və­ziyyətinin qeyri-qənaətbəxş olduğunu və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini hökumətin və meriyanın nəzərinə çatdırıb. Ümumiy­yətlə, Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi üzləşdiyi çətinliklərin çeşidini “sərgiləməklə” məşğuldur. Komitə üzv­ləri Parisin havasını korlamamaq üçün oyunların keçirildiyi müddətdə kondi­sionerdən imtina etməyi düşünürlər. Təsəvvür edirsiniz? Havanın hərarətinin temperatur rekordlarını aşan Avropanın göbəyində – Fransada yayın qızmarın­da otellərdə kondisionerlər işləmir. Digər bir problem isə Sena çayının suyunun üzgüçülük yarışları üçün yararsız olma­sıdır. İndi yuxudan ayılıb xatırlayıblar ki, Sena çayında üzmək hələ keçən əsrin ortalarından qadağan edilib! Yerli media keçən il büdcədən bu çayın təmizlənmə­sinə ayrılan 3 milyard avronun hara “axıb getdiyi” ilə bağlı araşdırmalara başlayıb. Olimpiadanın təşkilat komitəsi isə Sena çayındakı suyun sağlamlıq üçün təhlükə­li olduğunu nəzərə alaraq yarışların bir hissəsini ləğv etmək barədə qərar verib. Yəni, bütün növ su idmanı yarışları real təhlükə ilə üzləşib. Problemdən hali olan Fransa prezidenti Emmanuel Makron hətta bu məsələdə də “ənənəvi” avantü­rasından əl çəkmək istəməyib və suyun keyfiyyəti ilə bağlı rəsmilərin, ekspertlərin açıqlamalarını yanlış adlandırıb. Deyib ki, Paris Yay Olimpiya Oyunlarında üz­güçülük üzrə yarışların keçiriləcəyi Sena çayında “şəxsən özü üzməyə hazırdır”. Bu da sizə “subyektiv” səbəblərdən biri... 

* * *

“Böyük güclərin” dünyanın yeni xə­ritəsini özlərinin maraqlarına uyğun cız­maq uğrunda yarışdığı hazırkı mürəkkəb beynəlxalq durumda idmanın Olimpiya hərəkatının minillik ənənələrinin arxa pla­na keçməsi heç də xoşagələn hal deyil. Yəqin bu amili anlamağa Fransa prezi­denti və Paris merinin ağlı çatır. Amma keçən ilin yayında Qarabağa “humanitar yardım karvanı”nın “istedadlı” təşkilatçı­ları sayılan prezident və merin hazırda “ac hayların xilası” yox, paytaxtda krimi­nogen durumu nizamlamaq kimi daha ciddi qayğıları var. Əslində, Parisin kri­minal vəziyyətlə bağlı həmişə problemi olub. Oyunların təşkilat komitəsi vəziyyəti yumşaltmağın yolunu evsizləri, miqrant­ları, fahişələri, eləcə də cinayətkar ele­mentləri paytaxtdan əyalətlərə qovmaq­da tapıb.

İndi də gələk sözümüzün “mustafası”­nın üzərinə. Əgər rəsmi Paris gecə-gün­düz insan haqlarındən dəm vurmaq, “er­mənilərin Qarabağdan zorla çıxarılması” kimi yaramaz işlərlə məşğul olmaq əvə­zinə, öz evində qayda-qanun yaratmış olsaydı, indiki durumla üzləşməzdi. İnsan hüquqlarının “keşikçisi” miqrantları yaşa­dığı evlərdən, məhəllələrdən hansı bey­nəlxalq qaydalara söykənərək didərgin salacaq? Biz hələ onu demirik ki, keçən ilin dekabrında Eyfel qülləsinin düz böy­ründə Almaniyadan olan sıravi turistin qətlinə mane ola bilməyən Fransanın hüquq-mühafizə sistemi Olimpiya yarış­larını seyr etmək üçün paytaxta axışacaq on minlərlərlə əcnəbinin təhlükəsizliyini necə qoruyacaq? 

2024-cü il Yay Olimpiya Oyunlarının təşkilatçılarını və hamıdan çox Fransa prezidentini qarşıda çox böyük imtahan gözləyir. Əgər onlar ilkin “ictimai test”dən keçə bilməsələr, ümumiyyətlə, Olimpi­adanı keçirmək hüququndan məhrum edilə bilərlər. Bu halda ayrı-ayrı ölkələri, hətta bütöv xalqları arzuolunan və arzu­olunmazlara bölən Emmanuel Makron Fransasının nəinki meri və prezidenti, bütövlükdə, siyasi isteblişmenti hakimiy­yəti və eyni zamanda, siyasi səhnəni tərk etmək məcburiyyətində qalacaq. Bax onda siz farmazonlar üçün əsl “Yuryev günü” gələcək, müsyölər!

COP29-un Azərbaycanda keçirilmə­sinə qarşı çıxan, bu məqsədlə məsu­liyyətsiz və təxribatçı bəyanatlar verən Emmanuel Makrona, eləcə də Parisin haypərəst meri Ann İdalqoya məsləhət görərdik ki, başqalarının gözündə tük axtarışına çıxmazdan öncə paytaxtın küçələrini zibil qalaqları və terrorçu-qul­durlardan, Sena çayını isə zəhərli tullan­tılardan təmizləsinlər. 

İ.HƏSƏNQALA
XQ

Siyasət