“Koçaryan ansamblı” köhnə repertuara qayıdıb

post-img

Xocalı cəlladı yenə iki xalqın “etnik” uyğunsuzluğundan dəm vurur

Azərbaycan və Ermənistan arasında yaradılmış delimitasiya və demarkasiya üzrə komissiyanın aprelin 19-da keçirilən iclasında Qazax rayonunun işğal altındakı 4 kəndinin ölkəmizə qaytarılması ilə bağlı qəbul edilən qərar haylar arasında yeni etiraz dalğasının baş qaldırmasına səbəb olub. Hazırda Ermənistan cəmiyyətində bununla bağlı qızğın diskussiyalar gedir.

Normal düşüncə sahibləri kəndlərin heç zaman Tavuş vilayətinin inzibati-əra­zi bölgüsünə daxil olmadığını bildirərək, onların qaytarılmasının tamamilə doğ­ruluğunu bildirirlər. Radikal-revanşist kəsimin nümayəndələri isə bu addımı “xəyanət, satqınlıq” kimi qələmə ver­məyə çalışırlar. Xüsusilə, keçmiş prezi­dent Robert Koçaryanın parlamentdəki “Hayastan” fraksiyasının deputatları bu məsələdən sui-istifadə edərək xalqı baş nazir Nikol Paşinyana qarşı qaldırma­ğa çalışırlar. Bugünlərdə onlar hayların “Voskepar” adlandırdıqları Yuxarı Əski­para kəndində olublar. Kəndin klubunda keçirilən görüşdə “Hayastan”ın deputatı, eks-prezidentin oğlu Levon Koçaryan da iştirak edib.

Maraqlıdır ki, onlar bu görüş zama­nı, azərbaycanlılarla ermənilərin birlikdə yaşamasının mümkünsüzlüyü barədə, necə deyərlər, köhnə bayatıları səslən­diriblər. Yeri gəlmişkən, xatırladaq ki, bu bayatını ilk dəfə R.Koçaryan 2003-cü il yanvarın 16-da Avropa Şurası Parla­ment Assambleyasının qış sessiyasında söyləmişdi. O, çıxışı zamanı azərbay­canlıların və ermənilərin “etnik və ge­netik baxımdan uyğunsuz olmaları” kimi faşistsayağı irqçi fikirlər söyləmiş və Qa­rabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını açıqlamışdı. Həmin hadisə­dən sonra – yanvarın 30-da Strasburqda çıxış edən Avropa Şurasının baş katibi Valter Şvimmer R.Koçaryanın fikirlərinin müharibənin yenidən alovlandırılmasına bərabər olduğunu bildirmişdi. AŞPA-nın prezidenti Peter Şider isə Koçaryanın sözünün səhv tərcümə olunduğuna ümid etdiyini söyləyərək, Avropa Şurasının yarandığı gündən bu yana “etnik uyğun­suzluq” ifadəsini eşitmədiyini demişdi.

Belə düşüncəyə malik şəxslər Yuxa­rı Əskiparaya gələrək yenə də oxşar fikirlər söyləyiblər. Görüşdə çıxış edən “Hayastan”ın deputatı Aqvan Vardanyan iki xalqın göz-gözə yaşamasının qey­ri-mümkün olduğunu bildirib. Deputat N.Paşinyanı nəzərdə tutaraq deyib: “Bir nəfər bütün erməni xalqını girovluqda saxlayır. Onun necə biri olduğunu hamı bilir. Nikolun perspektivi yoxdur. O, bu yaxınlarda parlamentə gələrək Erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanı nəzərdə tuta­raq isterik şəkildə qışqırdı ki, hansısa ke­şiş Voskeparda şou düzənləyib. Demək istəyirəm ki, insanlar kənddəki məbəddə həmişə liturgiya (xristianlıqda ən əsas dini ibadət ayini – S.H.) keçiriblər. Nikol yalançı və qorxaqdır. Azərbaycanlılar bu gün Cermuka nəzarət edən yüksəklik­də yerləşiblər. Bir çoxları deyirlər ki, iki xalq yenidən sülh və əmin-amanlıq şə­raitində yaşaya bilər. Belə adamlara heç vaxt inanmaq lazım deyil. Əgər Azərbay­can sabah azərbaycanlıları Ermənista­na qaytara bilsə (1988-89-cu illərdə öz yurd-yuvalarından qovulmuş soydaşları­mızı nəzərdə tutur – S.H.) bizim dövləti­miz mövcudluğunu dayandıracaq. Buna imkan verməmək üçün siz İrəvanın mey­danlarına toplaşmalı və Nikolun istefası­nı tələb etməlisiniz”.

Ancaq nəinki İrəvanda və ölkənin digər və şəhər və rayonlarında, heç 4 kənddə yaşayan hayların da hamısı bu cür düşünmür. Ermənistan media mən­sublarının keçirdiyi sorğu ortaya fərq­li mənzərənin çıxmasına səbəb olub. Yuxarı Əskipara sakinlərindən biri olan ahıl yaşlı Babken Ayrapetyan deyib: “Biz Nikol Paşinyanın işindən razıyıq. Hər şe­yin təqsirkarı müxalifətdir. Keçmiş haki­miyyət nəyə görə 30 il ərzində bizim hə­yatımızla maraqlanmayıb? Voskepar bu gün onların yadına düşüb. Sərhədlərin delimitasiyası aparılsa, insanlar bu əra­zidə sakit yaşayacaqlar. Burada bizim öz torpağımız heç vaxt olmayıb. Azərbay­canın Bağanıs Ayrım, Yuxarı və Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri 30 ildən çox bizim əlimizdə olub. Biz on­ların torpağını istifadə etmişik”.

B.Ayrapetyan bu kəndlərin Ermə­nistana məxsusluğundan danışmağın mümkün olmadığını vurğulayıb: “Mənim 77 yaşım var. Mən yaxşı bilirəm ki, bu kəndlər Azərbaycana məxsusdur. Atam da həmişə danışırdı ki, bu kəndlər Azər­baycanındır. Son vaxtlar “Hayastan” fraksiyasınbdan olan deputatlar və daş­naklar Voskepara gəlirlər. Onlar deyirlər ki, Paşinyan Tavuşun 4 kəndini Azərbay­cana verəcək. Onlar hansı kəndlərdən danışırlar? Bu insanlar situasiyanı niyə gərginləşdirirlər? Onlar nə üçün Ermə­nistanın Azərbaycan kəndlərini qaytardı­ğını demirlər? Mən yüz faiz əminəm ki, sabah müharibə başlasa, onlar hamısı Ermənistandan qaçacaqlar”.

Qeyd edək ki, Ermənistanla Azərbay­can arasında delimitasiya prosesindən əvvəl Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb. Əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub. Aşağı Əskipa­ra kəndinin sakinləri ərazilərin minalar­dan təmizlənməsinin qarşısını almağa çalışıblar. Nəticədə əraziyə polis əmək­daşları cəlb olunub. Aprelin 21-də gecə saatlarında isə onlar Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yo­lunun bağlayıblar. Bu zaman xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxla­nılıb.

Mövzu üzrə söhbətləşdiyimiz eh­tiyatda olan polkovnik, Azərbaycan Ordusunun sabiq korpus komandiri Şair Ramaldanov bildirdi ki, Prezident İlham Əliyev işğal altındakı torpaqlar­la bağlı fikirlərini dəfələrlə açıqlayıb və bütün yurd yerlərimizin geri qaytarıla­cağını deyib. Onun sözlərinə görə, biz bunun dəfələrlə şahidi olmuşuq və ha­zırda da şahidiyik: “Cənab İlham Əliyev çıxışlarının birində “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi edi­riksə, dəqiqliklə edirik” – sözlərini deyib. Dörd kəndlə bağlı gedən proseslərə də bu kontekstdə baxmaq lazımdır. Azər­baycan kənləri ölkəmizə qaytarılacaq. İki yol var: Danışıqlar və güc yolu. Azər­baycan dövləti 4 kəndlə bağlı iradəsini ortaya qoyaraq delimitasiya və demar­kasiya prosesinə şərti sərhədin məhz bu istiqamətdən başlanmasını təkid edib. Aprelin 19-da əldə olunmuş razılıq deli­mitasiya istiqamətində atılan ilk addım­dır. Prosesin məhz bu ərazidən başlan­ması məhz Azərbaycan dövlətinin hər bir qarış torpağımızla bağlı iradəsinin göstəricisidir”.

Ş.Ramaldanov qeyd etdi ki, kənd­lərin qaytarılması Ermənistan iqtidarı­nın daxildə yeni etirazlarla üzləşməsi deməkdir: “Biz müxalifətin bununla bağlı qeyri-sağlam mövqe tutduğunu görü­rük. Ancaq bütün hallarda rəsmi İrəvan məsələnin həllində israrlıdır. Biz hazırda bunu müşahidə edirik və bu, müsbət hal­dır”.

Müsahibimiz kəndlərin qaytarılması­nın həm siyasi, həm də strateji baxım­dan əhəmiyyətini bu sözlərlə ifadə etdi: “Siyasi baxımdan ona görə əhəmiyyətli­dir ki, Ermənistan hakimiyyəti indiyədək qəbul etdiyi qərarların icrasından boyun qaçırırdı. İndi isə Ermənistan hakimiy­yəti nəyəsə nail ola biləcək durumda olduğunu göstərir. Zənnimcə, bu da çox vacibdir. Əvvəla, ona görə ki, Bakı və İrəvanın ikilikdə, yəni vasitəçilərin iştirakı olmadan qərara gələ bildiyi bir daha öz təsdiqini tapır. Digər tərəfdən, Ermənis­tan hakimiyyətinin qəbul etdiyi qərarları həyata keçirməyə nail olması gələcək üçün müsbət siqnallar verir. Bunu sülh müqaviləsinin bağlanması istiqamətində də pozitiv addım kimi qiymətləndirmək olar”.

Ş.Ramaldanov Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtətrəfli Bəyanatla Zəngəzur dəhlizinin açılma­sına dair üzərinə öhdəlik götürdüyünü, ancaq bunu hələ də yerinə yetirmədiyini vurğulayıb: “Ola bilsin ki, bundan sonra Zəngəzur dəhlizi ilə bağlı da oxşar ad­dım atılacaq. Ermənistan iqtidarından bizim hər zaman istəyimiz qəbul edilmiş qərarları icra etmək bacarığına malik ol­masıdır. Kəndlərlə bağlı atılan addım bu baxımdan da vacibdir”.

Hərbi ekspert həmin ərazilərin mi­nalandığını bildirdi: “Əlbəttə, o ərazilər minalanıb. Ora şərti sərhəddir. Şərti sərhəddə isə minalı sahələrin olması gözləniləndir. Ancaq BMT-nin müvafiq beynəlxalq konvensiyasının tələblərinə görə, silahlı münaqişə başa çatdıqdan sonra hər iki tərəf minalı sahələri təmiz­ləyib bir-birinə təhvil verməlidir. Görünən odur ki, indi Ermənistan da bu tələbə əməl etməyə və ərazini Azərbaycana təmiz şəkildə verməyə çalışır. Bunu da müsbət addım kimi qiymətləndirmək olar”.

Müsahibimiz 4 kəndlə bağlı məsələ­nin müsbət həllini tapmasının delimita­siya prosesinin sürətlənməsinə gətirib çıxaracağını düşünür: “Anklav vəziyyət­də olan 4 kəndlə – Qazax rayonunun Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvan Muxtar Respublikası Sə­dərək rayonunun Kərki kəndləri ilə bağ­lı məsələ delimitasiya prosesi zamanı müzakirə olunacaq. Ümumiyyətlə, bizim bu sahədə müsbət təcrübəmiz var. Biz Rusiya və Gürcüstanla uzun illərdir ki, bu prosesdə iştirak edirik. Yəni, komis­siyalar bir neçə ildir ki, fəaliyyət göstə­rir. Əminəm ki, qalan 4 kəndlə bağlı məsələlər də Azərbaycanın maraqları çərçivəsində ədalətli şəkildə həll oluna­caq və biz yaxın vaxtlarda onlarla bağlı müsbət xəbərlər eşidəcəyik”.

Onu da qeyd edək ki, etirazçıla­rı Erməni apostol kilsəsinin Tavuş ye­parxiyasının rəhbəri Baqrat Qalstanyan qızışdırır. O, keçirilən mitinqdə çıxışı za­manı deyib ki, Voskepar ermənilər üçün “qələbənin simvolu” olmalıdır. Göründü­yü kimi, yenə də kilsə, necə deyərlər, qa­bağa düşüb. Amma daha onların dövranı keçib. Dörd Azərbaycan kəndinin qayta­rılması ilə bağlı proseslər artıq geridön­məz xarakter alıb. Bu prosesə qarşı çıx­maq ancaq onların özlərinə zərər verə bilər.

Səxavət HƏMİD
XQ



Siyasət