Azərbaycan Orta Dəhlizin ortasında birləşdirici ölkədir

post-img

Maliyyə naziri Samir Şərifov ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun yaz toplantısı çərçivəsində təşkil olunan “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə iştirak edib. 

Maliyyə Nazirliyinin məlumatına görə, DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassaninin sədrliyi ilə keçən toplantıda adıçəkilən beynəlxalq maliyyə qurumu tərəfindən aparılan təhlilə görə, Orta Dəhlizin real­laşdırılmasının mümkün olduğu və onun əsasən Çin və Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildi­rilib. Daha sonra dəhlizin nəqliyyat-tran­zit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı DB-nin təklifləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirdə maliyyə naziri Samir Şəri­fov Azərbaycanın Orta Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğula­yaraq son illərdə Azərbaycanda yol-nəq­liyyat infrastrukturunun inkişafı, ticarət və logistika potensialının genişləndiril­məsi istiqamətində görülən işlərdən da­nışıb. Nazir qeyd edib ki, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gü­cünün artırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən digər işləri də diqqətə çatdırıb. S.Şərifov, həm­çinin Zəngəzur Dəhlizinin də Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açıl­ması baxımından xüsusi önəm daşıdığını və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət göstərəcəyini deyib. 

Göründüyü kimi, dünyada müşahi­də olunan gərginliklər fonunda təchizat zəncirlərinin qırılması təhlükəsi bu nəq­liyyat marşrutu– Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhlizin fəaliyyəti ABŞ-də də diqqətlə iz­lənilir. Yeri gəlmişkən, Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, daha sonra isə Türkiyə və ya Qara də­niz vasitəsilə Avropaya birləşdirən bu multimodal şəbəkə Rusiya və Ukrayna ərazisindən keçən ənənəvi marşrutların bağlanması üzündən alternativ, eyni za­manda, dəniz nəqliyyatı ilə müqayisədə daha qısa və təhlükəsiz marşrut olaraq yüksək dəyərləndirilir.

Vaşinqtonda keçirilən “Orta Dəhlizin ticarət və logistika potensialının reallaş­dırılması” mövzusunda toplantıda da vur­ğuladığımız bu məqam xüsusilə diqqətdə saxlanılıb. Tədbirdə Avropa Yenidənqur­ma və İnkişaf Bankı, İqtisadi Əməkdaş­lıq və İnkişaf Təşkilatı, həmçinin DB kimi nüfuzlu qurumlar tərəfindən aparılan son araşdırmalara əsasən, Orta Dəhlizin bir sıra üstünlüklərlə diqqət çəkdiyi xatırla­dılıb. 

Hazırda Orta Dəhlizin təhlükəsiz mar­şrut olması onun nisbətən sabit ölkələr­dən keçməsi ilə əlaqələndirilir, digər tərəfdən isə bu infrastrukturla yüklərin Çindən Avropaya daşınma müddətinin dəniz daşımaları ilə müqayisədə daha az olması baxımından mühüm önəm da­şıdığı bildirilir. Ekspertlər tərəfindən quru yollarının dəniz yolları ilə müqayisədə daha bahalı olmasına, yanacaq qiymət­lərinin də davamlı artmasına və təchizat zəncirinin pozulmasına baxmayaraq Orta Dəhlizin indiki şəraitdə səmərəliliyi daha çox vurğulanır. 

Orta Dəhlizin inkişaf potensialın­dan danışarkən iki mühüm məqama da toxunmaq istərdik. Əvvəla Beynəlxalq Valyuta Fondu sözügedən marşrutun səmərəliliyini yüksətmək üçün bir sıra la­yihələrin reallaşdırılmasına zəruri ehtiyac görür. Məsələn, adıçəkilən beynəlxalq maliyyə qurumu infrastrukturda gecik­mələri azaltmaq məqsədilə sərhəd-keçid prosedurlarının optimallaşdırılması, nəq­liyyat sənədlərinin rəqəmsallaşdırılması və bu dəhlizin əhatə etdiyi ölkələr üzrə tənzimləmə, icazə və tariflərin uyğunlaş­dırılması üçün avtomatlaşdırmanı qarşı­ya təxirəsalınmaz vəzifə kimi qoyur. Eyni zamanda, Azərbaycanın bu istiqamətdə gerçəkləşdirdiyi layihələri də yüksək qiy­mətləndirir. 

Ölkəmizin Orta Dəhlizin inkişafı is­tiqamətində reallaşdırdığı tədbirlərdən danışarkən isə, ilk növbədə, 2022-ci ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin sözügedən marşrutun poten­sialının tam hərəkətə gətirilməsi məqsə­dilə imzalanan və 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsinin önəmi qeyd edilməlidir. 

Azərbaycan Orta Dəhlizin inkişafı istiqamətində hazırda dəniz, dəmir, av­tomobil yolları, hava nəqliyyatı ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Bu isə həmin Yol Xəritəsinə, eləcə də özünün müəyyənləşdirdiyi uzunmüddətli strategiyaya sadiqliyinin ifadəsi olaraq respublikamızın nəqliyyat və logistika dəhlizinə çevrilməsi yolunda atdığı inamlı addımların təsdiqidir. 

Qeyd edək ki, Azərbaycanda son 20 ildə 20 min kilometrdən çox avtomo­bil, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 2017-ci ildə isti­fadəyə verilən və Orta Dəhliz vasitəsilə daşımalarda mühüm önəm daşıyan Ba­kı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürü­cülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur tədbirlərinin ha­zırlanmasına başlanılıb. Bundan əlavə, ölkəmizdə əsas dəmir və avtomobil yol­ları şəbəkələrinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini artıracaq növbəti mərhələnin tikintisi planlaşdırılıb.

Azərbaycanın beynəlxalq ticarət ba­zarında rolunun gücləndirilməsi məqsə­dilə, həmçinin Ələt Azad İqtisadi Zonası (ƏAİZ) yaradılıb. Bu iqtisadi zonanın ya­radılmasında əsas məqsəd yüksək gəlirli istehsal, ixrac fəaliyyəti və innovativ tex­nologiyalarla investorların cəlb edilməsi, iqtisadiyyatın dayanıqlı inkişafı və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub. 

Orta Dəhlizin səmərəli fəaliyyəti həm də güclü nəqliyyat infrastrukturu ilə bağlı­dır. Ölkəmizdə bu istiqamətdə də mühüm layihələr həyata keçirilir. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin layihə hissəsində müvafiq işlər aparılır. Tikinti işləri başa çatdıqdan sonra dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artacağı gözlənilir. 

Orta Dəhlizin tərkib hissəsi olacaq və Azərbaycanı qardaş Türkiyə ilə birləş­dirəcək Qars-Naxçıvan dəmir yolu xətti­nin tikintisi üzrə işlər də uğurla aparılır. Qeyd edək ki, nəzərdə tutulan dəmir yolu xəttinin uzunluğunun 224 kilometr təşkil edəcəyi planlaşdırılır. Türkiyə tərəfindən isə bu dəmir yolu xəttinin 5 il ərzində isti­fadəyə verilməsi nəzərdə tutulur. 

Qarabağ bölgəsində işğalçıdan tə­mizlənən ərazilərdə Horadiz–Ağbənd dəmir və avtomobil yollarında tikinti işləri də davam etdirilir, sözügedən layihənin yaxın vaxtlarda başa çatdırılması gözlə­nilir. Horadiz–Ağbənd dəmir yolu xəttinin Qars–Naxçıvan (Osmanlı–Horadiz–Ağ­bənd–Naxçıvan–Qars) dəmir yolu ilə birləşdirilərək Azərbaycanın tranzit qov­şağının formalaşmasında mühüm rol oy­nayacağı bildirilir. 

Beləliklə, Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat arteriyasına çevrilmək potensialına malikdir. Həm­çinin geosiyasi qeyri-sabitlik və təchi­zat zəncirlərinin pozulduğu bir şəraitdə ənənəvi marşrutlara uyğun əhəmiyyətli alternativ rola malikdir. Bütün bunlar isə infrastrukturun regionda inkişaf və sabit­liyə töhfə verə biləcək gücə malik olduğu­nu deməyə əsas verir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat