Azərbaycanla NATO arasında münasibətlər 1992-ci ilin martında Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvü olduqdan sonra formalaşmağa başlayıb. NATO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlığın əsası isə 1994-cü ildə qoyulub. Ulu öndər Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan Sülh Naminə Tərəfdaşlıq Sazişini imzalamışdı. O zamandan indiyədək tərəflər arasında əməkdaşlıq uğurla inkişaf edir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat da belə deməyə əsas verir.
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu gün Alyans ilə aparılan dialoq uğurla davam edir. Prezident İlham Əliyev bəyanatında xüsusilə vurğuladı ki, ölkəmiz NATO ilə tərəfdaşlığı hər zaman müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu da ölkəmiz üçün böyük təcrübə olub. Eyni zamanda, Azərbaycanın NATO ilə tərəfdaşlığı ölkənin təhlükəsizliyini, eləcə də demokratik dəyərlərə sadiqliyini, hərbi modernləşmə və islahatlar prosesinə dəstəyini gücləndirir. NATO ilə fərdi tərəfdaşlıq planını həyata keçirməklə Azərbaycan Silahlı Qüvvələrinin və milli təhlükəsizlik strukturlarını daha da müasirləşdirir. Prezident İlham Əliyev bu məqama toxunaraq bildirdi ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar uğurlu nəticələr vermişdir. Azərbaycan müdafiə imkanlarını müasirləşdirir və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirir.
Əlamətdar haldır ki, Əfqanıstanda baş verən son hadisələr fonunda Şimali Atlantika Alyansı blokdakı müttəfiqlərinin silahlı qüvvələri ilə birlikdə Azərbaycana “Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsinə verdiyi mühüm töhfəyə görə” təşəkkür edib. Bu, Azərbaycanın Alyansda birbaşa oyunçu olmaması fonunda çox mühüm nüansdır. Xatırladaq ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci ilin avqust ayına kimi Əfqanıstanda hərbi xidmət keçib.
Dövlətimizin başçısı mətbuata bəyanatında vurğuladı ki, 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar: “Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”. NATO-nun Şimali Atlantika Şurasının iclasında NATO-ya üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edir və bu nüans ikitərəfli əlaqələrin inkişafı üçün son dərəcə əhəmiyyətlidir.
Prezident İlham Əliyev bəyanatında Ermənistan ilə aparılan sülh danışıqlarının indiki vəziyyəti barədə də məlumat verdi. Ölkə başçısı dedi ki, hazırda Azərbaycan Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Sülh danışıqlarına başlamağın Azərbaycanın təşəbbüsü olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etdi ki, bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. “Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir”,-deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Prezident İlham Əliyev sülhün bərqərar olunmasının Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracağını deyib.
Deputat sonda qeyd edib ki,regionda münaqişədən sonrakı inkişaf - sülh, sabitlik və təhlükəsizlik məsələsində Azərbaycan və NATO-nun mövqeləri tamamilə üst-üstə düşür. NATO Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin yaratdığı yeni reallığı da qəbul edib. Brüsseldə keçirilən NATO sammitinin yekun mətnindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəndin çıxarılması bunu təsdiqləyir. Ümumiyyətlə, NATO Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayır. Tərəflər arasında bugünkü əməkdaşlıq həm də enerji təhlükəsizliyi kimi mühüm sahəni əhatə edir və Azərbaycanın Avropada təmin edilməsində böyük rol oynayır. Prezident İlham Əliyevin bildirdiyi kimi NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.