İrəvanı sülhdən yayındıran həm də Nyu-Dehlidir

post-img

Ermənistana “strateji ixrac üçün hava körpüsü”nün yaradılması yanan ocağa yanacaq tökməkdir

Cənubi Asiyanın və bütövlükdə, dünyanın böyük dövlətlərin­dən olan Hindistan Azərbaycanla tarixən yaxşı əlaqələrə malik olub. Tarixdə bunun çoxlu nümunələri var. Bu nümunələr həm indiki Azərbaycan ərazisində yaşayan xalqların Zərdüştilik etiqa­dına tapındığı, həm də ölkəmizin çar Rusiyasının, Hindistanın isə Britaniya imperiyasının tərkibində olduğu (müasir Hindis­tan, Pakistan, Banqladeş və Myanma dövlətlərinin ərazisi həmin dövrdə Britaniya Hindistanı adlanırdı–S.H.) dövrlərə aiddir.

Azərbaycanda sovet hakimiyyətinin bərqərar olduğu illərdə bu əlaqələr daha da inkişaf etmişdir. Hindistan Prezidenti Sarvepalli Radhakrişnan 1956-cı, ölkənin ilk Baş naziri Cəvahirləl Nehru isə 1961-ciildə Azərbaycana səfər etmişlər. O illər­də xüsusilə mədəni sahədə əlaqələrin səviyyəsi xeyli yüksəlmişdi. 1956-cı ildə Bakıda hind filmləri festivalı keçirilib. Fes­tivalda iştirak etmək üçün dünyaca məş­hur aktyor Rac Kapur və hind kinosunun əfsanəvi aktrisası Nərgiz Datt paytaxtımı­za təşrif buyurublar. Eyni zamanda, SSRİ xalq artisti Rəşid Behbudov Dehlidə geniş konsert proqramı ilə çıxış edib. Yeri gəl­mişkən, qeyd edək ki, R.Behbudov Hin­distana səfəri haqqında “Uzaq Hindistan­da” kitabını yazmışdır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərdə də Hin­distanla əlaqələr yüksələn xətt üzrə inki­şaf edirdi. Hindistan 1991-ci il dekabrın 26-da Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurul­muşdur. 1999-cu ilin martında Hindista­nın Azərbaycan Respublikasında səfirliyi açılmışdır. Ölkəmizin Nyu-Dehlidəki səfir­liyi isə 2004-cü ilin oktyabrından fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Hindistan Respublikası 1996 və 1999-cu illərdə BMT Baş Assambleyasında keçmiş Er­mənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən səsver­mələrdə ölkəmizin lehinə səs verib. 2000 və 2004-cü illərdə isə bitərəf qalıb.

İkitərəfli əlaqələrlə bağlı onu da qeyd etmək lazımdır ki, Hindistandan Azərbay­cana nazir və nazir müavinləri səviyyəsin­də bir sıra səfərlər olub. Eyni zamanda, xarici işlər nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilib.

Təəssüf ki, Hindistan öz mövqeyin­də tədricən mənfi istiqamətdə doğru dö­nüş etməyə başladı. Biz mənfi istiqamət deyərkən Nyu-Dehlini haqqın-ədalətin ya­nında olmaqdan imtina edərək, işğalçını dəstəkləməsini nəzərdə tuturuq. 2008-ci il martın 14-də BMT Baş Assambleyası­nın iclasında “Azərbaycanın işğal olun­muş ərazilərindəki vəziyyət” adlı qətnamə müzakirə olunurdu. Müzakirədən sonra Azərbaycanın təklif etdiyi sənəd səsver­məyə çıxarılmışdı. Qətnamə faktiki ola­raq, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənib-dəstəklənməməsi demək idi. Beləliklə, ərazi bütövlüyümüzü BMT üzvü olan 192 dövlətdən Ermənistan da daxil olmaqla 7-si – keçmiş ATƏT-in Minsk qru­punun həmsədrləri (ABŞ, Rusiya Fede­rasiyası və Fransa), həmçinin Hindistan, Anqola və Vanuatu dəstəkləmədi.

Hindistanın bu addımı ölkəmizdə məyusluq doğurdu. Çünki biz Nyu-Dehli­dən bunu gözləmirdik. Ancaq sən demə, görəcəkli günlərimiz hələ qabaqda imiş. 2020-ci ildəki Vətən müharibəsindən sonra Nyu-Dehli açıq şəkildə İrəvanı dəstəkləməyə başladı. Hindistanlılar İrə­vanı silah-sursatla təmin edirlər. Artıq Er­mənistan–Hindistan–İran–Fransa dörd­bucağı formalaşıb. Üç ölkə Ermənistanı hərtərəfli dəstəkləməklə bölgədə sülhün yaranmasına imkan vermir. Onların ara­sında hərbi və müdafiə sənayesi sahəsin­də əməkdaşlıq gündən-günə inkişaf edir.

Bugünlərdə, daha doğrusu, martın 11-14-də Ermənistan müdafiə nazirinin müa­vini Karen Brutyan Nyu-Dehlidə səfərdə olub. O, Hindistan müdafiə nazirinin hərbi sənaye üzrə müavini Anuraq Bajpa, Mü­dafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə baş katibi Veşveş Neqi, Hindistan Xarici İşlər Nazirliyinin katibi (nazir müa­vini) Pavan Kapur və Hindistan Baş na­ziri yanında Milli Təhlükəsizlik Şurası katibinin hərbi müşaviri Sandip Sinqhlə görüşüb. Görüşlərdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Martın 14-də İrəvanda “Hindistan–Er­mənistan: biznes üfüqlərinin birləşdirilmə­si” mövzusunda işgüzar konfrans keçirilib. Bununla bağlı Ermənistan mediasında ya­yılan xəbərlərdə qeyd olunur ki, Hindistan iqtisadi diversifikasiya üçün ən perspek­tivli bazarlardan biridir. Forum investisiya imkanları ilə tanış olmaq, ikitərəfli ticarəti təşviq etmək və İrəvanla Nyu-Dehli ara­sında müxtəlif əsas istiqamətlərdə strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşı­yır. O da qeyd edilir ki, Ermənistan–Hin­distan iqtisadi əməkdaşlığı bununla məh­dudlaşmır.

“Qolos Armenii” qəzetinin saytında dərc olunan yazıda qeyd olunur ki, Hindis­tan “strateji ixrac” üçün Ermənistana hava dəhlizi açır. Qəzet Hindistanın müdafiə sektoru üzrə xəbərlər yaymaq sahəsində ixtisaslaşmış “Indian Aerospace Defence News” portalına istinadən xəbər verib ki, iki böyük şirkət Nyu-Dehli və İrəvan ara­sında logistikanı gücləndirəcək birgə işçi qrupu yaradıblar. Şirkətlərdən biri – “Con­tainer Corporation of India” (CONCOR) iri yükdaşıyıcıdır, digəri – “HAL” isə aviasiya və müdafiə sahəsində ixtisaslaşıb. Hər iki şirkətin səhmlərinin nəzarət paketi döv­lətə məxsusdur.

CONCOR şirkəti “X” sosial şəbəkə­sindəki səhifəsində birgə işçi qrupunu Ermənistana ilk uçuşu münasibətilə təbrik edərək, bunu Hindistan üçün mühüm ad­dım adlandırıb. “Strateji ixrac” çərçivəsin­də ilk reyslə Ermənistana konkret nəyin aparıldığı barədə təfərrüatlar açıqlanmır. İnternetdə yayımlanan fotoda uçuşun Rusiya aviaşirkətlərindən birinin yük təy­yarəsi tərəfindən həyata keçirildiyi görü­nür. Erməni mediası onlayn uçuş radar­larından istifadə edərək təyyarənin İranın hava məkanı vasitəsilə İrəvana çatdığını, son 7 gündə iki belə uçuş həyata keçirdi­yini müəyyən ediblər.

Ötən həftə isə Ermənistan müdafiə naziri Suren Papikyan Tehranda olub. O, iranlı həmkarı, baş qərargah rəisi və islam respublikasının prezidenti ilə görü­şüb. Səfərdən sonra İrəvan əldə olunmuş razılaşmalar barədə ümumi məlumat ver­sə də, detalları açıqlamayıb. Güman edilir ki, Papikyanın səfəri zamanı İran üzərin­dən keçməklə Hindistandan Ermənistana hava körpüsünün yaradılması məsələsi müzakirə edilib. Hindistan hazırda Ermə­nistana əsas silah tədarükçülərindən bi­rinə çevrilib. Son illərdə mobil radarların, raket qurğularının, artilleriya sistemlərinin və digər silahların satışı barədə məlumat­lar yayılıb.

Hərbi ekspert Leonid Nersisyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bu əməkdaşlığın uzun­müddətli ola biləcəyini bildirib: “Hindistan hazırda, demək olar ki, müdafiə təyinatlı hər cür silah istehsal edir. Ona görə də geniş seçim imkanı var. Məsələn, Hindis­tan mətbuatında qeyd olunan artilleriyanı götürsək, bunlar özüyeriyən və yedəkli haubitsalardır. Hesab edirəm ki, onlar Ermənistan ordusu üçün çox uyğundur, xüsusən də dağlıq şəraitdə döyüş əməliy­yatları üçün nəzərdə tutulub. Onlar Hima­lay dağlarında istifadə olunur və oradakı şərait bizim dağlardan qat-qat ağırdır”.

“Qolos Armenii” yazır ki, Nyu-Dehlidə­ki mənbələr Ermənistanın Hindistan üçün strateji istiqamət olduğunu vurğulayırlar. Onlar bildirirlər ki, iki ölkə arasında təkcə hərbi-texniki və ticarət əlaqələri güclən­mir, həm də Hindistanın regionda nüfuzu artır. Ermənistan rəsmiləri də Rusiya ilə davam edən gərginlik fonunda Hindis­tan və Fransanın artıq ölkənin əsas silah tərəfdaşlarına çevrildiyini bildirirlər.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşavi­ri, politoloq Zaur Məmmədov bildirdi ki, Hindistan–Ermənistan hərbi əməkdaşlı­ğı Azərbaycana təhdid xarakteri daşıyır. Onun sözlərinə görə, ölkəmiz İrəvana silah tədarükünə çox həssaslıqla yanaşır: “Çünki Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan ölkədir. Belə bir ölkənin silahlanması, bütövlük­də, bölgə üçün təhdiddir. Hindistanın bu addımı Ermənistanın danışıqlardan ya­yınmasına və gələcəkdə bizə qarşı müəy­yən niyyətlərə düşməsinə gətirib çıxa­ra bilər. Ona görə də Nyu-Dehli bu kimi məsələlərə olduqca ciddi yanaşmalıdır”.

Z.Məmmədovun sözlərinə görə, Hin­distan başa düşməlidir ki, Azərbaycan Nyu-Dehli ilə bağlı heç bir addım atma­yıb, amma gələcəkdə belə addımlar atı­la bilər: “Nyu-Dehli Azərbaycanın Çin və Pakistanla hərbi əməkdaşlığı artırmasını istəyir? İstəyir ki, Azərbaycan gələcəkdə türk dövlətlərinin də bu ittifaqa daxil ol­ması üçün əlindən gələni etsin?! Hindis­tanın Ermənistanla əməkdaşlığında Pa­kistan–Azərbaycan əlaqələri bəhanədir. Bu iki məsələnin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan bu gün Orta Dəhlizin yaradılması və inkişafı üçün çalışır. Orta Dəhlizin inkişafı Türk dünyasının inki­şafı, Çinlə Avropa arasında münasibət­lərdə yeni iqtisadi imkanların yaranması deməkdir. Görünən odur ki, Orta Dəhliz­dən kənarda qalan Fransa və Hindistan Ermənistanla ittifaq yaradaraq, layihənin həyata keçməməsi üçün əllərindən gələni edirlər”.

Politoloq bildirdi ki, Azərbaycan ic­timaiyyəti Hindistanın bu addımlarını, yumşaq desək, yaxşı qarşılamır. Çünki Azərbaycanla sülh bağlamayan ölkəyə silah satmaq ölkəmizə qarşı çıxmaqdır. Müsahibimiz əlavə etdi ki, Hindistanın addımları onun gələcəkdə öz silahlarını Hərbi Qənimətlər Parkında görmək istə­yinə dəlalət edir.

Səxavət HƏMİD
XQ



Siyasət