İslamofobiyaya qarşı Bakı çağırışının əks-sədası

post-img

Yaxud Co Baydenin Ramazan təbrikindən etiraf məqamları

Təsadüflərin zərurətdən doğması barədə fəlsəfi nəzəriyyəni qəbul edənlərlə tam razıyıq. Bəzən ilk baxışda təsüdüf sayıla biləcək hadisələrin altında gizlənmiş elə həqiqətlər üzə çıxır ki...

Martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq kon­frans keçirildi. Dünyanın dörd tərəfindən tədbirə gəlmiş 140-a yaxın nümayəndə dünyada İslama və müsəlmanlara qarşı artan təzyiqlərdən, dini ayrı-seçkilikdən, Avropada və ABŞ-da aşkar görünən zərərli təmayüllərdən narahatlıqlarını dilə gətirdilər, təcili şəkildə bu bəlanın qarşı­sının alınmasının vacibliyi ilə bağlı dünya dövlətlərinə müraciət ünvanladılar. 

Məlum konfransın üstündən bir gün keçməmiş ABŞ Prezidenti Co Baydenin müqəddəs Ramazan ayının gəlişi müna­sibətilə müsəlman həmvətənlərinə müra­ciəti yayıldı. Yazılı müraciətində Amerika liderinin toxunduğu birinci incə məqam məhz İslamofobiya bəlası bəradə oldu. 

“Biz öz evimizdə müsəlman ameri­kalılara qarşı dəhşətli dərəcədə nifrət və zorakılıq dalğasını müşahidə edirik. Söz və vicdan azadlığı üzərində formalaşan, müsəlman mühacirlər də daxil olmaqla, immiqrantların arzu və istəkləri əsasında qurulan ABŞ-da islamofobiyaya yer yox­dur. Mənim administrasiyam islamofobi­ya və onunla əlaqəli zorakılığın, dini ay­rı-seçkiliyin bütün formaları ilə mübarizə üçün ilk Milli Strategiya hazırlayır. Əsas məqsədimiz müsəlmanlara, asiyalılara və ərəb mənşəli amerikalılara qarşı harada nifrət təzahürləri baş qaldırırsa, ona qarşı durmaqdır”.

Bu açıqlaması ilə Bayden ölkəsində anti-İslam təmayüllü hərəkətlərin möv­cudluğunu etiraf edən ilk ABŞ Prezidenti oldu. O, bu məsələdə bir az da irəli ge­dərək, cəmiyyətdə belə zərərli tamayül­lərə qarşı mübarizə aparılacağını, bunun üçün hətta strateji planın hazırlanmasına başlandığını bəyan etdi. İndi biz Bayde­nin bayram tezislərinə Bakı konfransında dünyaya edilən çağırışların hansı dərəcə­də səbəb olduğunu təxmin edə bilərik. Di­gər bir təxmin isə bu müraciətin prezident seçkiləri ilində çoxmilyonlu müsəlman elektoratına ünvanllanan siyasi texno­logiya olması ilə bağlıdır. İkinci versiyanı reallığa daha yaxın bilsək belə, supergüc liderinin dilindən bu xarakterli etirafın səs­lənməsi heç də adi hadisə sayıla bilməz.

* * * 

Co Baydenin bayram müraciətində diqqəti çəkən ikinci incə məqam Qəzza­dakı müharibə barədə oldu. Müharibənin fələstin xalqına dəhşətli iztirablar gətir­diyini, əksəriyyəti mülki şəxslər, o cüm­lədən minlərlə uşaq olmaqla, 30 mindən çox insanın həlak olduğunu söyləyən ABŞ Prezidenti 2 milyona yaxın fələstin­linin müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qaldığını da ürək ağrısı ilə dilə gətirdi: “Bu insanların qida, su, dərman və sığınacağa ciddi ehtiyac­ları var. ABŞ Qəzza sahilində müvəqqəti liman yaratmaq üçün tədbirlər görüb və Fələstin anklavına hava, quru və dəniz yolu ilə yardım çatdırmağa çalışır”. 

Və Bayden İsrail-Fələstin münaqişəsi­nin daimi həlli variantı kimi iki xalq üçün iki dövlətin yaradılmasını gördüyünü demək­lə növbəti ilkə imzasını atdı. Beləliklə, Ağ ev administrasiyası Fələstin dövlətinin yaradılması planını rəsmən təsdiqləmiş oldu. Bu faktın özü Co Baydenin müqəd­dəs Ramazan ayının başlanması münasi­bətilə təbrikini fürsət bilərək fələstinlilərə və bütövlükdə, müsəlman dünyasına is­marıcı kimi qəbul edilə bilər. 

“Biz sabitlik, təhlükəsizlik və sülhdən ibarət uzunmüddətli gələcək qurmaq na­minə fəaliyyətimizi davam etdirəcəyik. Bura fələstinlilərə və israillilərə azadlıq, ləyaqət, təhlükəsizlik və firavanlıq üçün bərabər imkanlar və münaqişənin iki döv­lət variantı kimi həlli daxildir. Bu, möhkəm sülhə aparan yeganə yoldur”, – deyən Baydenin xoş müjdəli bayram müraciəti hazırda dünyanın aparıcı media orqanla­rının müzakirə mövzusuna çevrilib. 

İ.HƏSƏNQALA
XQ

Siyasət