Fransada azərbaycanlılara qarşı qərəzli münasibət var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəyli Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda aralıq sessiyada deyib.
“Fransada son vaxtlar çox sayda müsəlman məktəbləri bağlanılıb, imamlar qovulub, İslama aid kitablar kitabxanadan yığışdırılıb. Biz azərbaycanlılar bu irqçi münasibətə Ermənistan tərəfindən məruz qalmışıq. Ermənistanda azərbaycandilli məktəblər ləğv olunub. Oradakı köçkünlər Azərbaycanda təhsil almağa məcbur qalıblar”, - deyə Z.Sadıqbəyli diqqətə çatdırıb.
O, Fransaya miqrant axınının tarixindən söz açıb. Deyib ki, miqrantlar bu ölkənin qurulmasında və formalaşmasında iştirak ediblər. Fransaya miqrantlar 1975-ci ildən fəhlə gətirilib, bir müddət sonra onlar qayğıdan məhrum edilib. Onların cəmiyyətə inteqrasiya problemi özünü hələ də göstərməkdədir. Bu o deməkdir ki, 1905-ci ildə qəbul edilmiş qanun ləğv olunur. Bu qanunla bağlı islahatlar aparılmalıdır.
Zaur Sadıqbəylinin sözlərinə görə, Fransada təqribən 7 milyon müsəlman yaşayır, qeyri-rəsmi rəqəmlərə görə isə onların sayı 10 milyon nəfərdir. 2000-ci ildən sonra Fransada dini etiqad yerləri artıb. Strasburq və Lion şəhərlərində müsəlmanlar çoxluq təşkil edir, lakin Qərbi Fransada onların sayı çox deyil.