Fransa İrəvanı müharibəyə sürükləməkdən əl çəkmir

post-img

Parisdə anlamalıdırlar ki, Ermənistan dağıdılmış ordu ilə savaşa bilməz

Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 21-22-də Parisə etdiyi ikigünlük işgüzar səfər əvvəlcədən proqnozlaşdırıldığı kimi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına deyil, bölgədə yeni gərginlik ocağının yaranmasına gətirib çıxardı. Paşinyan Parisdən ayrılar-ayrılmaz Fransanın müdafiə naziri Sebastian Lekornu İrəvana rəsmi səfərə gəldi.

Səfər Azərbaycanda diqqət­lə izlənildi. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Ermənistan son illərdə Fransa və Hindistan­dan xeyli silah-sursat alıb. Proses son vaxtlar daha intensiv xarakter daşıyır. İrəvan həmin silahların müdafiə xarakteri daşıdığını və Azərbaycana qarşı yönəlmədiyini bildirir. Amma bu fikirlərə inanmaq çətindir. Ona görə ki, Ermənis­tan 30 ilə yaxın işğalçılıq siyasəti yürüdüb. Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik rayonlarını işğal altında saxlayıb. Həmin tor­paqlardan öz xoşu ilə çıxmayıb.

Əgər Azərbaycanın prinsipial mövqeyi, güclü ordusu olmasaydı, işğal faktını aradan qaldırmaq müm­kün olmazdı. Hətta, Ermənistan İkin­ci Qarabağ müharibəsindəki məğ­lubiyyətə, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla öz üzərinə öhdə­lik götürməsinə baxmayaraq, qoşun­larını Qarabağın separatçı xuntanın nəzarətində qalmış hissəsindən çıxarmaqdan imtina etdi. Bu, yalnız lokal xarakterli antiterror tədbirləri sayəsində baş tutdu. İndi belə bir ölkənin silahlanması, əlbəttə, Azər­baycanda təhlükəsizlik qayğılarının yaranmasına səbəb olur.

Düzdür, ölkəmiz regionda pro­seslərin istənilən formada inkişafına hazırdır. Dövlətimizin başçısı Azər­baycan Ordusunun hazırda Vətən müharibəsi dövründəkindən daha güclü olduğunu bir neçə dəfə bildi­rib. Bununla belə, Azərbaycan yeni müharibə, əlavə qan tökülməsini ar­zulamır.

Eyni zamanda, İrəvanın silah­landırılması onun Azərbaycanla sülh müqaviləsi imzalamasına marağını azaldan amildir. Paşinyan hökuməti yenidən başqa xəyallara düşə, re­vanş arzulayar ki, bu da sülh müqa­viləsi üzrə danışıqları poza bilər.

Onu da bildirək ki, İrəvan–Pa­ris əlaqələrinin hər zaman yüksək səviyyədə olmasına baxmayaraq, Ermənistanın dövlət müstəqilliyini bərpa etməsindən indiyədək Fran­sa müdafiə nazirlərindən heç biri Hayastana səfər etməmişdir. Bunun özü də diqqətçəkən nüansdır və iki ölkənin müdafiə sahəsində əmək­daşlığının dərinləşməsindən xəbər verir.

Səfərin özünə gəldikdə isə qeyd etmək lazımdır ki, fransız nazir təmtəraqla qarşılanıb. Səhər saat­larında müdafiə nazirliyinin inzibati binasının həyətində fəxri qarovul dəstəsinin və hərbi orkestrin iştirakı ilə Lekornunun qarşılanma mərasimi olub. Ermənistan və Fransanın döv­lət himnləri səsləndirilib. Sonra hay­ların müdafiə naziri Suren Papikyan fransalı həmkarını qəbul edib. Le­kornu ilə İrəvana gələn nümayəndə heyətinə “MBDA”, “Nexter”, “Safran”, “Thales” və “Arquus” kimi müdafiə şirkətlərinin təmsilçiləri də daxildir.

Nazirlərin görüşündən sonra iki ölkə arasında yeni əməkdaşlıq sa­zişləri imzalanıb.

Daha sonra keçirilən mətbuat konfransında S.Lekornu İrəvana qahmar çıxıb. Deyib ki, heç kim Er­mənistanı ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid edə bilməz: “Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də Ermənistanın müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq. Er­mənistana hansı texnikanın gələcəyi ilə bağlı çox təfərrüata varmayaca­ğam, lakin bunların hamısı müdafiə baxımından əhəmiyyət kəsb edir”.

O qeyd edib ki, hazırda prioritet məsələ silahların əldə edilməsi və onlardan istifadə üçün şəxsi heyətin hazırlanmasıdır: “Ermənistanın özü­nü müdafiəsinə kömək etmək bizim üçün prioritet məsələdir. Əgər Ermə­nistan təhdid altında olmasaydı (?), belə müzakirələrə ehtiyac qalmazdı”.

Lekornu onu da bildirib ki, Fran­sanın Ermənistanda daimi hərbi mü­şaviri olacaq.

S.Papikyan isə söyləyib ki, “Er­mənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün” (?) si­lah-sursat alır. O, Ermənistan–Fran­sa hərbi əməkdaşlığının heç kimə qarşı yönəlmədiyi tezisini bir daha təkrarlayıb.

N.Paşinyan isə fransız naziri qəbul edərkən deyib ki, Fransa Er­mənistanın təhlükəsizlik sahəsində münasibətləri şaxələndirmək qərarı­na ilk cavab verən ölkələrdən biridir.

Mövzu üzrə söhbətləşdiyimiz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, Fransa, Hindistan və İran işğalçı dövləti si­lahlandırırlar. Onun sözlərinə görə, Ermənistanda işğalçılıq düşüncəsi bitməyib. Bunun bitmədiyi müddətcə isə Ermənistanın silahlandırılması region üçün ciddi təhdiddir: “Silah­ların müdafiə xarakteri daşıdığını nə qədər desələr də, bunun belə olma­dığı hər kəsə aydındır. Ermənistanın konstitusiyasında, digər qanunların­da hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalmaqdadır. “Qarabağ hərəkatı”nın başlama­sının 36-cı ildönümü münasibətilə bugünlərdə İrəvanda keçirilən aksi­yada Paşinyana Qarabağdan imtina etməməklə, əsas qanunu dəyişdir­məməklə bağlı çağırış edildi. Yəni, işğalçı zehniyyət hələ də davam edir. Belə bir dövləti silahlandırmaq onun bir gün yenə hücuma keçə biləcəyi deməkdir”.

C.Vəliyev qeyd etdi ki, Fransa­nın atdığı bu addım gərginliyi, necə deyərlər, canlı saxlamağa xidmət edir: “Fransa, eləcə də İran Ermə­nistan və Azərbaycan, habelə Ermə­nistan və Türkiyə arasında münasi­bətlərin normallaşmasını istəmirlər. Əgər bu, baş verərsə, onların Cənu­bi Qafqaza müdaxilə ehtimalı aradan qalxacaq. Hər dövlətin özünün siyasi taktikası var. Bunların taktikası re­gionda mövcudluqlarını daha çox münaqişələr, silahlandırma üzərin­dən davam etdirməkdən ibarətdir. Azərbaycan və Türkiyə isə bildirirlər ki, Zəngəzur dəhlizi layihəsini həya­ta keçirək, digər kommunikasiyalar açılsın, enerji xətləri işləsin, ticarət edək. Yəni, iki ölkə bu məqamlar üzərindən əməkdaşlıq qurulmasını istəyir. Ancaq Fransa Ermənistanla əməkdaşlığını onu silahlandırmaq üzərində qurur”.

Politoloq hesab edir ki, Fran­sanın bu addımına son dövrlərdə baş verən hadisələr kontekstində də baxmaq lazımdır. Onun fikrincə, xüsusilə, fevralın 17-də Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə Fransa­nın iştirak etməməsi diqqət çəkir: “Paris son üç ildə Azərbaycana bir neçə dəfə diplomatik hücumlar etdi. Azərbaycan həmin hücumların qar­şısını aldı və Fransaya qalib gəldi. Məncə, Münxendə keçirilən görüş də bunlardan biri idi. Çünki Makron bu görüşlərdə iştirak etməkdə da­vamlı israr edirdi. Amma Azərbay­can bunu istəmirdi. Göründüyü kimi, Münxendə ölkəmizin istədiyi oldu. Buna görə də Fransa aqressivlə­şib. Fransa hər dəfə Azərbaycana uduzduqca, Ermənistana daha çox dəstək vermək üçün yollar axtarır. Zənnimcə, Makronun Paşinyanın Parisə səfərindən dərhal sonra mü­dafiə nazirini İrəvana göndərməsinin arxasında bu dayanır”.

BMTM-in şöbə müdiri Fransanın Ermənistanı silahlandırmasının Ru­siya ilə birbaşa bağlılığının olduğunu güman etmir: “Xeyr, Fransa Rusiya­nın Ermənistanda hegemonluğun­dan və ya dominant mövqeyindən narahat deyil. Bunu fransızlar özləri də ifadə edirlər. Əksinə, Paris Ru­siyanın Azərbaycan və Türkiyənin regionda güclənməsinə qarşı çıx­mamasından narahatdır. Yəni, Fran­sa Ermənistanın silahlandırılması­nı Azərbaycan və Türkiyəyə qarşı həyata keçirir. Ermənistanı, necə deyərlər, Rusiyanın əlindən almaq üçün həyata keçirmir. Biz bunu Pa­şinyanın və Makronun Parisdə verdi­yi açıqlamalarında da gördük. Onlar Rusiyaya qarşı heç bir tənqidi fikir səsləndirmədilər. Təkcə Azərbaycan və Türkiyəyə qarşı fikirlər səsləndir­dilər. Niyyətlərini açıq-aşkar bəyan etdilər. Bu mənada deyə bilərik ki, Fransa Ermənistanı bölgədə gər­ginliyi davam etdirmək, Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək və regionda öz varlığını bu gərginlik va­sitəsilə qorumaq üçün silahlandırır”.

Politoloq Yeganə Hacıyeva isə dedi ki, Fransa hökuməti hələ 2021-ci ildə Ermənistanla müdafiə əməkdaşlığının genişləndirilməsi üzrə strategiya işləyib hazırlayıb. Onun sözlərinə görə, həmin strategi­yanın həyata keçirilməsi isə 2023-cü ilin aprel ayında Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənis­tana səfərindən sonra baş verdi: “Fransanın Ermənistana silah-sursat tədarükü üzrə xüsusi hərbi attaşenin təyin olunması da Kolonnanın İrəva­na səfəri zamanı elan olundu. Həmin təyinatla Ermənistan–Fransa müda­fiə əməkdaşlığı fəallaşdı. Bu, Azər­baycan və Ermənistan arasında həm Vaşinqton, həm də Brüssel formatı çərivəsində aparılan danışıqlar fo­nunda Fransanın gərginliyi yenidən bərpa etmək cəhdləri idi. Bundan bir neçə gün sonra isə Fransanın Ermənistana zirehli texnika və si­lah tədarükü başladı. Keçin ilin may ayından başlayaraq 50 ədəd “VAB MK3” tipli zirehli texnika tədarük edil­di. Bu il üçün isə Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının tədarü­kü planlaşdırılır. Planlaşdırılan silah təchizatına 250 kilometr məsafədə rəqib təyyarələrini aşkar etməyə im­kan verən üç “Ground Master” radarı (GM-200), həmçinin gecəgörmə ci­hazları daxildir. Tərəflər arasında im­zalanan müdafiə sahəsində əmək­daşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün üç dəfə dağlarda döyüş hazırlığı kursu keçir­məsi nəzərdə tutulur”.

Y.Hacıyeva hesab edir ki, rəsmi Paris təcavüzkar Ermənistanı müa­sir silahlarla təmin etməklə sülh pro­sesinə zərbə vurmağa və regionda gərginliyin artmasına çalışır: “Fransa aktiv şəkildə Cənubi Qafqazda hərbi mövcudluğunu genişləndirmək üçün Ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını for­malaşdırmaq işinə girişib. Ümumiy­yətlə, bu, Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamə­tində ilk addımları deyil. Fransa həm işğal dövründə, yəni ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə, həm 44 günlük Vətən müharibəsi dövründə, eləcə də ondan sonra Ermənistan ordusuna Azərbaycan hərbçilərinə və mülki vətəndaşlarına tuşlamaq üçün silahların verilməsin­də iştirak edib. Vətən müharibəsinə qədər iki ölkə arasında münasibətlə­rin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyildi. Hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkşafını üç istiqamətdə: ikitərəfli, Avropa İttifaqı­nın missiyası və NATO çərçivəsində davam etdirmək üçün hüquqi baza formalaşdırır”.

Müsahibimiz onu da qeyd etdi ki, son iki il ərzində ölkələr arasında imzalanmış sazişlərə əsasən Fran­sa Ermənistana hava hücumundan müdafiə, hərbi alpinizm, sülhməram­lı və Aİ-nin missiyası çərçivəsində hərbi yardımlar göstərir. Fransız na­zirin Ermənistana səfərinin İrəvanın revanşizm cəhdlərinə yeni impuls verəcəyi şübhəsizdir.

Səxavət HƏMİD
XQ





Siyasət