Avropa Azərbaycandan “yaşıl enerji”gözləyir

post-img

Yaxın gələcəkdə Azərbaycandan Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində “yaşıl enerji” ixracı nəzərdə tutulur. Bu fikri Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov Beynəlxalq Enerji Forumunun ev sahibliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Enerjiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi – Beynəlxalq Enerji Forumu – Neft İxrac Edən Ölkələr Təşkilatı Simpoziumu”nda çıxışı zamanı bildirib.

Azərbaycanın dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji poten­sialı kifayət qədərdir. Belə ki, təsdiqlən­miş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sek­torunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymət­ləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolunan enerji potensialına malik ol­duğunu təsdiqləyib. 

Məlum olduğu kimi, son illər Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilib. Ölkə Pre­zidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə­sində bildirmişdi ki, biz istəyirik öz vəsaiti­mizi bu sahəyə ayıraq ki, həm ölkəmizdə, necə deyərlər, “yaşıl enerji” inkişaf etsin, həm də dünyaya töhfə verək. Azərbaycan isə bütün dünyanın karbon emissiyala­rının azaldılması üçün səfərbər olduğu müasir dövrdə zəngin enerji potensialın­dan səmərəli istifadə etməklə bağlı lazımi işlər görür. Ötən illərdə bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizin ümumi enerji istehsa­lında “yaşıl enerji”nin payı, təqribən, 20 faiz təşkil edir. 

Göründüyü kimi, Azərbaycan yaxın gələcəkdə özünün enerji ixracında bər­paolunan enerjinin payını kəskin artır­mağı hədəfləyib. Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarının nümayəndələrinə verdiyi müsahibəsində bu vacib məqama toxunaraq bildirmişdi ki, “yaşıl enerji”yə gəldikdə, yenə də bu­rada Azərbaycan öz rolunu oynayacaq. “Yaşıl enerji” dəhlizinin, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabelin də Azər­baycanın resurslarına hesablandığını diqqətə çatdıran dövlət başçısının söz­lərinə görə, “yaşıl enerji”ni ixrac etməklə ölkəmizin önəminin daha da artacağını Avropa Komissiyasında da yaxşı anlayır­lar. Təsadüfi deyil ki, bu il martın 1-də Ba­kıda keçiriləcək Yaşıl Enerji Məşvərət Şu­rası çərçivəsində nazirlərin 2-ci iclasının gedişində bərpaolunan enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv imkanlar geniş müzakirə olu­nacaq. 

Yeri gəlmişkən, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Bakıda keçirilə­cək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı ilə bağlı müsahibəsində hazırda təmsil etdi­yi qurumun Gürcüstan və Rumıniya ara­sında Qara dənizin dibi ilə ikitərəfli xəttin çəkilməsi təşəbbüsünü böyük maraqla izlədiyini diqqətə çatdırıb. Texniki-iqtisa­di əsaslandırmanın hazırlığının davam etdiyini bildirən xanım Simson, həmçinin deyib ki, bu layihə artıq Avropanın elekt­rik enerjisi ötürmə sisteminin operatorlar şəbəkəsinin inkişafı üzrə onillik plana daxildir. Onun sözlərinə görə, Qara də­nizin dibi ilə çəkiləcək kabel xətti Avropa İttifaqının “Qlobal qapı” strategiyasına flaqman layihə kimi daxil edilib. 

Enerji komissarı bunun sahə üzrə ilk mühüm layihə olduğunu və “yaşıl enerji” tədarükünün, o cümlədən bərpaolunan enerji mənbələrindən mümkün hidrogen ticarəti imkanı üzrə daha geniş dəhlizin nəzərdə tutulduğunu qeyd edib. “Getdik­cə daha çox ölkənin bu təşəbbüsə qo­şulmaqda maraqlı olduğunu bildirməsi faktını müsbət qarşılayır və onları “yaşıl enerji” dəhlizinn yaradılmasının iqtisa­di əsasını yaxşılaşdırmağa və bununla təşəbbüsdən qarşılıqlı faydanı artırma­ğa çağırırıq”, - deyə Kadri Simson əlavə edib.

Energetika nazirinin müavini K.Ab­basov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Ener­jiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi – Beynəlxalq Enerji Forumu – Neft İxrac Edən Ölkələr Təşkilatı Simpo­ziumu”nda çıxışı zamanı ölkəmizin enerji sektorunda həm ənənəvi, həm də bərpa­olunan enerji mənbələri baxımından əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib. O, qeyd oedib ki, Azərbaycan COP28 çərçi­vəsində “yaşıl enerji” və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulub və bərpa­olunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəldilməsini planlaşdırır.

Nazir müavini, həmçinin deyib ki, Azərbaycanın “yaşıl hidrogen” sahəsinə marağı ifadə edilib və vurğulanıb ki, aşağı karbonlu enerjiyə artan tələbatı ödəmək üçün hidrogenin bərpaolunan enerji mən­bələri hesabına istehsalı və ixracı poten­sialı araşdırılır.

Qeyd edək ki, simpoziumda “Enerji təhlükəsizliyi, texnologiya və davamlılıq – Ssenarilər və bazarlar”, “Əsas dünya­görüşü və müqayisəli təhlil nəticələri”, “Enerji təhlükəsizliyində ticarət və inves­tisiya, Bazar sabitliyi və əlverişli giriş” və “Ortaq məqsədlərə çatmaq üçün siyasət və enerji bazarı təşviqləri” adlı 4 sessiya üzrə müzakirələr aparılıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat