III məqalədə gəlinən son qənaət liderin azad və güclü multikultural cəmiyyəti formalaşdırmaq əsasında onun ədalətə inamını bərpa etməsi ilə bağlı idi. Bunu müəyyən edilmiş prinsiplər üzrə milli ideyanın reallaşması üçün “sağlam təməl fəaliyyət sahəsi”nin yaranması kimi də təsəvvür etmək olar. Əlbəttə, burada “sağlam təməl fəaliyyət sahəsi” siyasi və sosial-mədəni aspektləri özündə birləşdirən nəzəri metaforadır (məcazdır). Onun da bir neçə komponenti vardır. Onların sırasında milli qürur xüsusi yer tutur.
IV məqalə
Azərbaycan böyük bəşəri keyfiy-yətlərini bütün dünyaya nümayiş etdirə bilmişdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Milli qürur
Bu anlayışın ayrı-ayrı məna çalarları ilə bağlı fikirlər fərqli ola bilər. Lakin onların hər biri üçün ortaq əlamətlər də vardır. Müasir fəlsəfi-elmi və politoloji ədəbiyyatlarda “milli qürur” anlayışını insanın öz vətəninə patriotik sevgi hissinin olması ilə izah edirlər. Buraya fərdin müəyyən bir millətə məxsus olduğunu dərk etməsi də daxildir. Millətə məxsusluğun dərk edilməsi isə maraqların, milli mədəniyyətin, dilin və dinin ümumiliyini anlamaqla sıx bağlıdır.
Bu duyğuların və bütövlükdə, sosial-psixoloji münasibətin formalaşmasında Vətən irsinin möhtəşəmliyini dərk etmək və onu tam qəbul etmək ciddi rol oynayır. Milli qüruru olan hər bir insan üçün bu, ilhamverici və yaradıcı başlanğıcdır. Burada Vətən irsi dedikdə, maddi və mənəvi zənginlik sintezdə nəzərdə tutulur. Onu da vurğulayaq ki, milli qürur fərdi məhdud etnomərkəzçiliyə sövq etmir. Çünki milli qürurun başqa vacib özəlliyi insanın digər xalqların da özünəməxsus mədəniyyətinin və dəyərlərinin olduğunu, həm də universal ümumbəşəri dəyərlərin mövcudluğunu qəbul etməklə bağlıdır. Bu mənada, milli qürur ümumbəşəri dəyərlər sistemində insanın məxsus olduğu xalqın dünya duyumunun, mədəni özəlliyinin və mental-duyğusal kimliyinin ümumbəşəri kontekstini dərindən anlamaq zəruridir. Hətta bu, sadəcə passiv “qəbuletmə” deyildir – başqalarının təcrübələrindən faydalanmaq zərurətini fəaliyyətdə, davranışda anlamaqdır.
Milli qürurun təqdim etdiyimiz qısa fəlsəfi izahı göstərir ki, bu, çox ciddi mənaya malik və əhəmiyyətli sosial-mədəni funksiya yerinə yetirən faktordur. Prezident İlham Əliyevin bir mərhələnin uğurlu yekununda xüsusi olaraq milli qürur fenomenini üç dayaq faktordan biri kimi təqdim etməsi heç də təsadüfi deyildir. Əksinə, bu, dövlət başçısının dövlət, ölkə, cəmiyyət və ayrı-ayrı fərdlərin (sosiallaşma kontekstində – vətəndaşların) qarşılıqlı münasibətlərində ahəngdarlığı, harmoniyanı, sinergetik effekti milli dövlətçilik kontesktində təmin etmənin mühüm aspektini önə çəkməsidir.
Burada uğurlu liderin çox dərin yaradıcılıq, mənəvi, mədəni, sosial-psixoloji qatlarda düşündüyünü və müasir çağırışlara uyğun konseptual və praktiki fəaliyyət mövqeyi formalaşdırdığını görürük. Bundan başqa, İlham Əliyev milli qüruru avtomatik olaraq milli ideyanın əsas komponentlərindən biri kimi mənalandırmaqla indiki mövcud olan reallıqdan gələcəyə uğurlu baxışın və fəaliyyət konsepsiyasının “yol xəritəsi”ni də göstərmiş olur. Həmin kontekstdə milli qürurla milli ideya arasındakı fəlsəfi-sinergetik bağlantının aydınlaşdırılması keçilmiş mərhələnin adekvat dərki ilə yanaşı, yeni tarixi mərhələdə uğurlu milli ideya formulunu müəyyən etmək baxımından da vacibdir. Öncə, milli qürurun əsas tərkib faktorlarının təhlilinə baş vuraq.
Vətən sevgisi
“Patriotizm” sözü yunancadır, “Vətən”, “Ata yurdu” və “həmvətənim” anlamını verir. Bu, fəlsəfə və politologiyada siyasi prinsiplə sosial hissin sintezi kimi dərk edilir. Həmin çərçivədə də Vətənə dərk edilmiş sevgi, sadiqlik və ona özünü qurban verməyə hazır olmaq, öz xalqına, onun ənənələrinə dərk edilmiş sevgiyə malik olmaq kimi məqamları ehtiva edir.
Deməli, patriotik sevgi bir sıra hallarda təqdim edilən pafoslu münasibət deyildir, o, təbliğat və təşviqat mövzusu olmazdan öncə insanın dərindən anlamalı olduğu faktorlarla sıx bağlıdır. Həmin faktorlar olmasa, “patriotizm” boş sözdən, “hurrey” çağırışlarından başqa bir şey deyildir. Patriotizmin bu cür səthi anlamı və “hurrey” təbliği müsbət emosiyalar oyatmaq əvəzinə, bütöv bir toplumu radikal və yalançı vətənçiliyə sürükləyər ki, bunun da sonu mənəvi aşınmadır.
Belə çxır ki, patriotik Vətən sevgisinin real sosial-psixolioji, emosional və intellektual faktoru kimi işlək olmasının mühüm şərtləri vardır. Həmin şərtlər bir tərəfdən patriotik vətən sevgisinin daxili mahiyyətini dərk etməyə yol göstərirsə, digər tərəfdən onun milli qürurla daxili və obyektiv bağlantısını anlamağa imkan yaradır.
Yuxarıdakı qısa təqdimatdan görünür ki, patriotizm birbaşa vətən qaynaqlıdır. Yəni insanın Vətəninə münasibətinin vacib aspektidir. Burada insanın özünə münasibəti ilə Vətəninə münasibətinin qarşılıqlı əlaqəsində fərdi identifikasiya özəlliyi həlledici rol oynayır. Yəni insan fərd olaraq özünü necə empatiya (özünüdərk üçün daxilə “baxış”) edirsə və bu prosesin, bütövlükdə, “vətən” adlandırılan ümumi anlayışla münasibətlərinin konturlarını (məna və məzmun sərhədlərini) necə müəyyən edirsə, o dərəcədə “patriotikdir”.
Patriotik sevgidə özünü dərketmə ilə vətəni dərketmə bir-biri ilə ahəngdarlıq təşkil etməli, uzlaşmalı, tamamlanmalı və ən yüksək səviyyədə harmoniya təşkil etməlidir. Bu tərkib elementlərindən hər hansı birinin çatışmazlığı patriotizmi yarımçıq edir və o, zamanın sınaqlarına dayanıqlı olmur.
Bunlardan çıxarıla biləcək nəticə: vətənə patriotik sevgi hər bir insanın özünü identifikasiya etməsi prosesində fərdi empatiya ilə vətən anlamına münasibətin harmoniyasının təzahürüdür! Hər iki tərkib hissəsi yalnız fəlsəfi-nəzəri mahiyyətli deyildir və ancaq şüurda formalaşmır. Patriotik sevgini çox mühüm özəlliyi ondan ibarətdir ki, fərd daim özünün təsəvvüründə olan identikliyi sosial praktikada müxtəlif həyati situasiyalarda sınaqdan keçirməli olur. Və yalnız bu iki aspektin sintezində onun real olaraq patriotik sevgiyə malik olub-olmadığı aydınlaşır.
Bu prosesin başlıca müəyyənedici və təşkiledici prinsipi vardır. O da konkret situasiyalarda fərdin davranışıdır. İnsan kritik situasiyalarda seçimi vətəni naminə (məsələn, çətin zamanlarda xalqın, millətin, dövlətin yanında olmaq) etməklə bir, öz şəxsi marağına uyğun (məsələn, dolanışıq, çörək pulu kimi anlayışları rəhbər tutaraq) davranmaqla isə başqa insan tipi formalaşdırır. Buradan belə nəticə alınır ki, patriotik sevgi həm real əsaslarla tərbiyə edilməlidir, həm də onu ədalətli “ölçən sosial-siyasi barometr” olmalıdır. Eyni zamanda, bu hissi stimul edən elə ümumsosial mexanizmin mövcudluğu vacibdir ki, həm daxili empatiyanı, həm də fərdin vətənə münasibətini istiqamətləndirə bilsin. Milli qürur məhz bu funksiyanı yerinə yetirə bilən ümumi sosial-psixoloji və emosional faktordur!
Vurğulanan kontesktdə bu iki faktordan hansı birincidir – yəni milli qürur Vətənə patriotik sevgi oyadır, yaxud milli qürur Vətən sevgisi əsasında məzmunlaşır? Məncə, burada situasiya məşhur rəssam Eşerin “bir-birini təsvir edən əllər” adlı əsərindəki kimidir: sağ əl sol əli və sol əl də sağ əli eyni zamanda, paralel, iç-içə təsvir edirlər (yaradırlar). Yəni burada bir “özünüyaratma”, “sinergizm” vardır. Milli qürurla patriotikVətən sevgisi də eyni məntiqlə bir-birini iç-içə, qarşılıqlı şərtləndirmə ilə yaradırlar. Bu mənada, situasiyadan asılı olaraq onların birincilik və ikincilik rolları dəyişə bilər, lakin bütün hallarda vəhdətdə olmaları dəyişməyən şərtdir! Bununla yanaşı, milli qürurla patriotik Vətən sevgisinin hər biri üçün əhəmiyyətli olan sosial-psixoloji komponentlər vardır ki, onların hər birinin bu anlayışların münasibətlərinin formalaşmasında rolu özəldir. Məsələnin bu tərəfinə baxaq.
“Mən kiməm?” sualına milli cavab
Bu, milli ideya kontekstində çox aktual, maraqlı və mürəkkəb məzmunlu məsələdir. Çünki həm “millət” anlayışına, həm “milliliyə”, həm də “milli qürur”un özünün anlamına yanaşmalar fərqlidir. Lakin real həyatda hər bir ölkə vətəndaşı özünə milli mənsubluqla bağlı sual edir. Bu da təbiidir. Buna görə də milli qürur hissinin formalaşması birbaşa fərdin öz milli məxsusluğunu dərk etməsi ilə bağlıdır.
Azərbaycan xalqı qədimdən özünəxas xüsusiyyətlərə malik olan toplum olaraq inkişaf etmişdir. Vahid mədəniyyət, adət-ənənə, din və dil azərbaycanlıları həmişə fərqləndirmişdir. Bu proses bir tərəfdən ümumtürk mədəni, mənəvi-əxlaqi mühitinin, digər tərəfdən isə müsəlman mədəni-mənəvi mühitinin qarşılıqlı əlaqəsində tarixi təşəkkül tapmışdır. Türk mədəni və milli kimliyi daha ümumi miqyasda daim öz yerini saxlamışdır. Azərbaycanlılar həm də dini dəyərlərə son dərəcə böyük əhəmiyyət vermişlər. Nəticədə Azərbaycan cəmiyyəti türk toplumu kimi özünəməxsus birləşmə, inteqrasiya edəbilmə mexanizmlərini hazırlamışdır. Bu mexanizmlərin kökündə iki faktorun dayandığını düşünürük.
Birincisi, “Vətən” anlayışı. İkincisi, azərbaycançılıq məfkurəsi. Azərbaycançılıq azərbaycanlıları Vətən anlayışı ətrafında birləşdirir, onların toplum kimi özünütəşkil etməsi üçün münbit şərait yaradır. Bu baxımdan, Azərbaycan cəmiyyəti bütövdür, mədəni, mənəvi, əxlaqi və sosial-psixoloji özəlliyə malik kollektiv yaşam formasıdır.
Eyni zamanda, azərbaycanlılar ümumtürk mənsubluğu fonunda var olduqlarını dərindən dərk edirlər. “Türk dünyası bizim ailəmizdir” tarixi tezisinin bu kontesktdə çox güclü və əsaslı təməli mövcuddur. Həmin təməli heç bir zaman, heç bir şərt daxilində, heç bir qüvvə sarsıda bilməz: Azərbaycan əbədiyyən Türk dünyasının ayrılmaz hissəsidir. Mənə qalsa, incisidir, gözüdür, tayı-bərabəri olmayan zəngin və incə mədəniyyət məkanı, mənəvi, əxlaqi, ideoloji və siyasi ideyaların qaynağıdır! Azərbaycan dili türk dillərinin və bütövlükdə, dünya dillərinin ən gözəlidir, sözlərinin mənalarındakı dərinlik, ifadə orijinallığı, məzmun genişliyi və yeniliyə açıqlığı ilə başqa dillərdən seçilir!
Azərbaycan mədəniyyəti tamdır, bütövdür, yeniliyə açıqdır və dinamik inkişaf etmək qabiliyyətinə malikdir. Bu mədəniyyət kimi Qafqazda milliliklə bəşəriliyi real olaraq özündə birləşdirən ikinci nümunə yoxdur! Azərbaycan mədəniyyəti çox böyükdür, möhtəşəmdir, sarsılmazdır! Bu mədəniyyət ehkam deyildir, bir yerdə dayanan deyildir – daim tərəqqidə, inkişafda və yeniləşmədədir!
Demək isəyirəm ki, tarixin hökmü ilə azərbaycanlılar milli, toplumsal, xalq birliyini dərindən dərk etmək üçün geniş və dərin arqumentlərə, stimulverici və müəyyənedici faktorlara malikdirlər! Biz azərbaycanlılar üçün milli kimliyimizi müəyyən etmək çox asan və qürurvericidir! Bunun sübutu tariximiz və bu günümüzdür. XXI əsrin qalib xalqı, millət olmağımızdır! Bu uğurların işığında milli qürura cəmi bir addım qalır. Daha dəqiqi artıq milli qüruru duyuruq, hiss edirik, onu real həyatda yaşayırıq!
Bu qələbəni, yaşantını, qüruru bizə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyev bəxş etmişdir. Deməli, milli qürurdan danışanda yeni liderliyi, bu qüruru yaşatmaq üçün xalqı üçün gecə-gündüz zəhmət çəkəni mütləq nəzərə almaq gərəkdir! Bu da bizim Vətən, millət, xalq və toplum qarşısında patriotik sevgimizin üzvi tərkib elementi olmalıdır! Milli kimliyimizi anlamağın mühüm çağdaş faktoru olmalıdır!
Vurğulanan fikirlərin işığında milli qürurun yaranmasında dil, din və mədəniyyət faktorlarının milli ideya kontekstində rolu üzərində geniş dayanmaq zərurətini qəbul etmək lazım gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru