Ermənistan hakimiyyəti Moskva ilə üzülüşməyə “Zvartnos”dan rus sərhədçilərini çıxarmaqla start verəcək?
“Əgər belə davam edərsə, yaxın gələcəkdə dövlətçiliyə vida edəcəyik. Ermənistanın suverenliyini rus əsgərləri qoruyur, amma İrəvan Fransa və Amerikaya doğru baxır... Onlar “Dağlıq Qarabağdakı” (?) məğlubiyyəti unudaraq, Türkiyə və Azərbaycan tərəfindən parçalanmaq üçün təslim olmağa belə hazırdırlar. Bu, Paşinyan hökumətinin imicidir. Bu, Ermənistandakı mövcud faciəli vəziyyətdir”.
Bu fikirlər Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədən götürülüb. Qəzet yazır ki, dost olmayan ölkələrin siyahısını tərtib edən Kreml bölgədə təsir dairəsini bərpa etməkdən ötrü kifayət dərəcədə aktiv addımlar atıb: “Bunun ən son nümunəsi 4 ildən sonra Rusiya ilə Gürcüstan arasında viza rejiminin götürülməsi və aviasiya əlaqəsinin bərpası oldu. İki ölkə arasında birbaşa uçuşların bərpasının əleyhdarları baş verənləri Rusiyanın növbəti ekspansiyası hesab edir və qeyd edirlər ki, Rusiya tankları və raketləri Ukraynadadırsa, təyyarələri Tiflisdədir”. Məqalədə, faktiki olaraq, Ermənistanın da oxşar duruma düşdüyü deyilir: “Paşinyan hökumətinin Qarabağdakı rus sülhməramlılarını açıq tənqid etməsi, KTMT-dən küskünlüyü, onu tərk edəcəyi yönündə eyhamları anti-Kreml hərəkətləri sayılır. İrəvanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra Gümrüdəki 102-ci hərbi hissənin, eləcə də Qarabağdakı rus sülhməramlıların çıxarılacağı barədə də söhbətlər gəzir”.
İrəvan–Moskva münasibətlərində soyumanı və gərginliyin ikinci mərhələsini müşahidə etməkdəyik. Birinci mərhələ Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük müharibənin gedişi və nəticəsi fonunda baş vermişdi. Deyəsən, müharibədəki məğlubiyyətin şokundan ayılmağa başlayan Ermənistan hakimiyyəti şimaldakı strateji müttəfiqindən əlini üzərək, bütünlüklə Qərbin qucağına sığınmağa qərar verib. Axı, eyni vaxtda iki stulda əyləşməyin sonsuza qədər davam etməsi də mümkün deyildi.
***
“Rusiya sərhədçiləri İrəvan Beynəlxalq Aeroportundan – “Zvartnos”dan çıxarılacaq. Belə bir iddia ilə “Factor.am” saytının əməkdaşı Robert Ananyan çıxış edib. O Ermənistan hökumətindəki yüksək çinli mənbəyə istinadla deyir ki, bu prosesə yaxın vaxtlarda start veriləcək. Etibarlı mənbə belə bir addımın hansı zərurətdən yarandığını dəqiqləşdirməsə də, artıq siyasi qərarın verildiyinə əminliyini açıqlayıb.
Aydın məsələdir ki, ortalıqda İrəvanın qəbuluna cürət etdiyi siyasi qərardan söhbət gedə bilər. Məsələnin bizim üçün daha maraqlı tərəfi həm də ondan ibarətdir ki, Rusiya sərhədçilərinin “Zvartnos” hava limanında yerləşməsi və burada xidmət aparması hökumətlərarası razılaşma ilə tənzimlənmir. Sadəcə, 1992-ci ildə İrəvan və Moskva arasında Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində statusunu və fəaliyyətini tənzimləyən anlaşma imzalanıb. İntəhası, həmin razılaşmanın mətnində rus sərhədçilərinin hava limanında xidmət həyata keçirməsi ilə bağlı bənd yoxdur.
“Factor.am” apardığı araşdırmanın nəticəsində məsələnin daha bir maraqlı tərəfini üzə çıxarıb. Məlum olub ki, Rusiya sərhədçiləri “Zvartnos” hava limanında xidmətlərini Ermənistan Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanları arasında imzalanmış sənədin əsasında aparırlar. Bundan sonra saytın Rusiya sərhədçilərinin hava limanından çıxarılma müddəti ilə bağlı ünvanladığı konkret sualına Ermənistanın xüsusi xidmət idarəsindən belə bir informasiyaya malik olmadıqlarını bəyan ediblər.
ZƏRURİ STATİSTİKA:
* Ermənistan iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir;
* Daxili bazarda təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış “Qazprom Armenia” Rusiya–Ermənistan QSC-sidir (səhmlərin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur);
* 2002-ci ildə Ermənistan, təxminən, 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib;
* Rusiyadan Ermənistana ildə 2,5 milyard kubmetr qaz nəql edilir. 1000 kubmetr qaz üçün Ermənistan 165 dollar ödəyir;
* 2006-cı ildən fəaliyyət göstərən İran–Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur;
* Ermənistan ÜDM strukturunda vasitəsiz xarici investisiyalar 5 faiz təşkil edir. 2022-ci ildə ölkəyə rekord məbləğdə – 1 milyard dollar cəlb edilib və bunun böyük hissəsi – Rusiyadandır;
* ölkədən ixracın 51 faizi Rusiyanın payına düşür;
* 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya şirkətinin konsessiya idarəçiliyinə keçib.
Bu statistikanı Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan Beynəlxalq Valyuta Fondunun illik konfransında səsələndirib.
Və indi ortaya belə bir sual çıxır: Ermənistan Rusiyadan qopmaqla, faktiki surətdə, bütün bunlardan məhrum olacağı təqdirdə Qərb itkini kompensiyaya edəcəkmi? Yaxud, İrəvanı bu yola sövq edən həmin Avropa və ABŞ axıradək onun arxasında duracaqmı?
Bu məqamda keçən il noyabrın 15-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləməni xatırlatmaq yerinə düşür. Ermənipərəst konqresmenlərin təşəbbüsü, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksinin iştirakı ilə baş tutan həmin dinləmədə O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərin çoxşaxəli spektrinə açıq olduğunu və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını bildirmişdi. Konqresin açıq anti-Azərbaycan xarakterli mövqeyinə rəsmi Bakının kəskin reaksiyasını, ardınca Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon açaraq, ondan Ceyms O’Braynı qəbul etməsi ilə bağlı xahişini, axırıncının Azərbaycana məlum “üzrxahlıq səfərini” də unutmamışıq.
***
Görünən odur ki, Paşinyan iqtidarı erməni cəmiyyətini tədricən anti-Rusiya məcrasına salmağı bacarıb. İndi Ermənistanda təkcə şovinist-radikal siyasi kəsim deyil, dünən Rusiyaya meyilliliyi ilə seçilən dairələr, nüfuzlu siyasi xadimlər, eks-nazirlər, deputatlar da Moskvaya güvənmədiklərini açıq şəkildə dilə gətirirlər. Ermənistan parlamentinin keçmiş deputatı, siyasətçi Azad Arşakyan mövzu ilə bağlı mətbuata üsyankar açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın təsir dairəsində qaldıqca Ermənistan özünün suveren resurslarını artıra bilməyəcək: “Nə qədər ki, Rusiyanın Ermənistana təsir rıçaqları var, biz suveren resurslarımızı artıra bilmərik. Həmin ordu (Rusiyanın Gümrudakı 102 saylı hərbi hissəsi nəzərdə tutulur – red.) bizim resurslarımızı məhdudlaşdırmaq üçündür. Biz indi öz ərazimizdən qaz kəməri çəkə bilmərik. Başa düşürsünüzmü ki, Avropa İttifaqında bazarı olan sənayeni ölkəmizdə təşkil edə bilmərik? Araz çayını kim keçməlidir? Türkiyə Araz çayını keçmək istəyir, rus sərhədçisi buna qadağa qoyur? Onların bizsiz də bir-biri ilə əlaqəsi var. Bizimlə məsləhətləşmirlər. O sərhədçilər (ruslar) bizim təhlükəsizliyimizi qorumur, onlar qaçaqmalçılığı qoruyur. Qərb NATO vasitəsilə ruslara deyir ki, bütün xalqlar bərabərdir. Bizsə deyirik ki, rus ordusu Ermənistanı tərk etməsin, o, bizi qoruyur. MDB Rusiyanın gizli adından biridir. 1991-ci ildə Ermənistan əhalisinin 99 faizi referendumda Rusiya hərbi bazasından, rus “sapoq”undan, bolşevizmindən imtina etdi. Biz demişik ki, artıq ruslara güvənmirik. Rusiyanın bu bölgədə mövcudluğu erməni xalqı üçün məhvolma taleyinə çevrilib”.
Özünü Qərbin yorğanının altına dürtməyə qərar verən rəsmi İrəvanın bölgədə böyük güclərin “maşası” olmaqdan əl çəkmədiyi aydındır. “Qoca qitə”də və okeanın o tayında “maşa”nın vasitəsilə Cənubi Qafqazda yeni müharibəni körükləndirməyə çalışan qüvvələrin varlığı sirr deyil. Azərbaycan isə sülh istəyir. Amma, eyni zamanda, hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır. Bakı özünün son 30 illik təcrübəsində “sülh istəyirsənsə, müharibəyə hazırlaş” aksiomunun hər zaman qüvvədə olduğunu gördü və bunu bir daha unutmayacaq.
Asif NƏRİMANLI,
siyasi analitik
Rusiya sərhədçilərinin hava limanından çıxarılması barədə informasiya Ermənistan hakimiyyətinin, ümumiyyətlə, qoşunun ölkədən çıxarmaq planının praktiki müstəviyə keçirməsi sayıla bilər. Bu məlumat doğrudursa, rəsmi İrəvan bununla iki gediş edir.
Birincisi, Qərbin istəyini müəyyən qədər yerinə yetirməklə təzyiqi azaldır və hərbi dəstəyin artırılmasına nail olur. Qərbin Rusiyanı Ermənistandan çıxararaq, onun yerinə gəlmək və bölgədə möhkəmlənmək niyyəti bəllidir. Fəqət Ermənistan hakimiyyəti bunu yalnız siyasi ritorika səviyyəsində edir, əməli addım atmır. Qərbin bununla bağlı İrəvana təzyiq göstərdiyi istisna deyil. İndi İrəvan praktiki addım atdığını Qərbə göstərir.
İkincisi, rəsmi İrəvan Moskvaya ata biləcəyi addımları göstərir və bununla şimaldan təzyiqi azaltmağa çalışır. Eyni zamanda, rus sərhədçilərin çıxarılması ilə gələcəkdə Rusiya hərbi bazasının çıxarılmasının da əsasını qoyur. Ermənistanın yeni konstitusiya layihəsində xarici ölkənin bu ölkədə hərbi mövcudluğunun qadağan olunacağı haqda məlumatlar var. Mümkündür ki, Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulundan öncə bu istiqamətdə addımlar atmağa başlayıb. Təbii ki, Rusiya bunu cavabsız qoymayacaq. Siyasi və iqtisadi müstəvidə rıçaqların işə salınması gözləntisi var. Amma iqtisadi sferadan fərqli olaraq, siyasi müstəvidə təsir imkanları əvvəlki qədər deyil. Bu baxımdan, daha çox iqtisadi təzyiqlər edilə bilər.
Yaranmış vəziyyət bölgədə Qərb–Rusiya qarşıdurmasının daha da kəskinləşəcəyi deməkdir. Bu qarşıdurma Azərbaycan üçün də risklər vəd edir. Çünki Qərb Ermənistanın Rusiyadan və KTMT-dən uzaqlaşması məqsədilə Azərbaycanla sərhəddə təxribatları körükləyə bilər. Ermənistan hərbi baxımdan Azərbaycan qarşısında duruş gətirə bilməz, amma mümkün təxribatlar zəminində rəsmi Bakıya təzyiqlər arta bilər.
İmran BƏDİRXANLI
XQ