Bir millətin iki dövlətinin liderlərinin ənənə təntənəsi
“Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki nitqində səsləndirib. Dövlətimizin baş-çısının Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması onun andiçmə mərasimində söylədiklərinin təsdiqidir. Prezident seçkiləri Azərbaycanın yeni dövrə qədəm qoymasının ifadəsi idisə, cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfəri yeni dövrün Türk dünyası ilə bağlılığının son dərəcə anlamlı mesajıdır.
Bəli, Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçiləndən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə reallaşdırması indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz nümunəsidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Bu nümunədə sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var. Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib. Həm bu mənada, həm də Azərbaycan–Türkiyə qardaşlığının nümunəviliyinin ifadəsi baxımından qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtilə səslən-dirdiyi dəyərli fikir var: “Türkiyə ilə Azər-baycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə bахır”.
Bəli, ulu öndər Heydər Əliyev Azər-baycanı və Türkiyəni bir millətin iki dövlə-ti kimi xarakterizə edirdi. “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” – deyirdi dahi Mustafa Kamal Atatürk. Bu gün sevincli anlarda da, kədərli durumlar-da da birlikdə olan bir millətin iki dövləti özünün ən yüksək inkişaf mərhələsindədir. Onların qarşılıqlı əməkdaşlığı, birgə hədəfləri onu deməyə əsas verir ki, müştərək inkişaf xətti daha da dərinləşəcək və güclənəcək. Ümummilli liderin Yeni əsr və üçüncü minillik münasibətilə Azər-baycan xalqına müraciətindəki fikirləri isə mövcud istiqamətdəki mühüm mənəvi istinadgahdır: “1993-cü ilin yayından baş-layaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan–Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin baş-çılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan–Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”. Bəli, Bakı və Ankaranın hədəfi türk dünyasının birləşməsi, möhkəmlənmə-sidir. Azərbaycan–Türkiyə qardaşlığı bu prosesin təminatıdır. Ona görə də Prezident İlham Əliyev bildirmişdi: “Türkiyə– Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inki-şafı üçün birgə səylər göstəririk”.
Qeyd edək ki, Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttə-fiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır. Hesab edirik ki, bu mənada üzərində dayanılmalı olan başlıca məqam İkinci Qarabağ müharibəsidir. Qardaşlığın mühüm sınağı olan bu müharibə hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi idi. Bütün dünya gördü ki, söhbət Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunmasından düşəndə heç kəsə güzəşt yoxdur. Mövcud xüsusda bir çox mətləbləri yada salmaq olar. Ancaq hesab edirik ki, onlardan yalnız birinin üzərində dayanmaqla fikrimizə aydınlıq gətirə bilərik. Söhbət Türkiyə Prezidenti Ərdoğanın savaş günlərində Azərbaycana dəstəklə bağlı dilə gətirdiyi bir fikirdən gedir: “Ancaq, qırmızı xəttimiz aşılarsa, heç kəs inciməsin atamızın oğlu olsa gö-zümüz görməz”.
Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək. Hesab edirik ki, Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri qarşılıqlı işbirliyində yeni səhifə açdı. Nəzərə alaq ki, səfər zamanı siyasi, hərbi, iqtisadi, ticarət, mədəniyyət, enerji və s. sahələrdə olan mövzular diqqətdə saxlanıldı. Onu da nəzərə alaq ki, bir sıra sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş iki ölkənin strateji müttəfiqliyi istər regional, istər beynəlxalq məsələlərdə dövlətlərin bir-birinə dəstəyi baxımından son dərəcə vacibdir. Bu tarixi sənəd, eyni zamanda, dünyada sülhün, ədalətin qo-runmasına töhfə nöqteyi-nəzərdən də əhəmiyyətlidir.
XQ