Bəhreyn qəzeti: Azərbaycan xalqı prezident seçkilərini Qələbə ruhunda keçirib

post-img

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu “Azərbaycanda Qələbə ruhunda prezident seçkiləri” sərlövhəli məqalə dərc edilib.

Məqalədə 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin Azərbaycanın tarixinə Qələbə seçkiləri kimi daxil olduğu bildirilir. Müəllif yazır ki, Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfəri və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində suverenliyin bərpa edilməsini fevralın 7-də böyük birlik və bərabərlik şəraitində başa çatan Prezident seçkiləri ilə daha da möhkəmləndirdi.

Diplomatın yazdığına görə, 2024-cü il növbədənkənar prezident seçkilərinin əsas özəlliyi səsvermənin müasir Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən 30 ilə yaxın davam edən erməni işğalından azad edilmiş Qarabağ bölgəsində baş tutması olub. Məqalədə diqqətə çatdırılıb ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilər səsvermə prosesinin yaxşı təşkil olunduğunu və öz namizədlərinə üstünlük verən vətəndaşların seçki məntəqələrinə gələrək öz hüquqlarından sərbəst şəkildə istifadə etdiklərini vurğulayıblar. Bu prosesdə siyasi partiyalardan olan müşahidəçilərə, o cümlədən beynəlxalq monitorinq missiyalarının üzvlərinə bütün seçki prosesini yaxından izləmək imkanı verən şəffaf sistem fəaliyyət göstərib. Müəllif vurğulayıb ki, növbədənkənar prezident seçkilərini İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli nümayəndə heyəti də izləyib, səsvermə prosesinin tam ədalətli və şəffaf keçdiyini ifadə edib.

Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi tərəqqi üzrə yeni zirvələrin fəthi, həyatın bütün sahələrində davam edən modernləşmə, yeni nəqliyyat dəhlizlərinin yaradılması, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qaytarılması və insan kapitalının artırılması kimi geniş spektrli təşəbbüslərlə bağlıdır. Müəllif yazıb ki, ölkənin zəngin neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirib və bu kontekstdə informasiya texnologiyaları, nəqliyyat-logistika infrastrukturu, kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə xüsusi diqqət yetirib. Prezidentin apardığı müdrik siyasət Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarıb və bu, dövlət başçısının qibtə ediləcək populyarlığını şərtləndirən əsas amillərdəndir.

Məqalənin sonunda vurğulanıb ki, Azərbaycan xalqı bu seçkilərdə demokratiyaya, institusional və iqtisadi inkişafa sadiqliyini bir daha nümayiş etdirib.

Siyasət