Azərbaycan dünyada mühüm iqtisadi və siyasi güc mərkəzinə çevrilib

post-img

Böyük Qələbə ilə müasir tarix üçün qızıl səhifə yazan ölkəmizdə yeni inkişaf dövrü başlayır. Xalqımız dahi bir tarixi hadisənin, Zəfər seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanmış Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasiminin qürurunu yaşadı.

Prezident İlham Əliyev xalqın qarşısında and içdi və dövlət başçısı kimi ölkənin hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. Rəsmi andiçmə mərasimindən sonra prezident ölkənin gələcəyi ilə bağlı fikirlərini səsləndirdi. İqtisadiyyatın, ordunun və humanitar sahələrin inkişafında müşahidə edilən proseslərin bundan sonra da davam etdiriləcəyini açıqladı. Xalqın böyük dəstəyini qazanmış, Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə, bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuş İlham Əliyevin qarşıdakı illərdə də hər bir vətəndaşın Prezidenti olacağına zərrə qədər də şübhə yoxdur. Növbəti illərdə bütün dünya bunun şahidi olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov söyləyib. O qeyd edib ki, Azərbaycanın gələcək uzunmüddətli dayanıqlı inkişafına diqqət yetirməsi, bu istiqamətdə davamlı titanik işlər həyata keçirməsi Prezident İlham Əliyevin milli maraqların qorunmasına, müdafiəsinə əsaslanan sistemli, hərtərəfli düşünülmüş və məqsədyönlü fəaliyyətinin mahiyyətini təşkil edir. Təsadüfi deyil ki, onun siyasi fəaliyyətinin prioritetləri də məhz ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və dövlət suverenliyi, ölkənin qüdrəti və firavanlığı, xalqın təhlükəsizliyi və rifahıdır.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, tarixdə ilk dəfə olaraq Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə imza atdı, ərazi bütövlüyünü bərpa etdi, qüdrətli dövlətə çevrildi. Dövlət başçısı Azərbaycan ərazilərini işğaldan azad etməklə tarixi missiyasını yerinə yetirilməsində yeni zirvəni fəth etdi. Uzaqgörən və təcrübəli siyasi lider kimi İlham Əliyev prezidentliyinin ilk günlərindən Azərbaycanın transformasiyası, onun müasir, iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən güclü dövlətə çevrilməsi üçün əlindən gələni əsirgəmədi.

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev xalqa söz vermişdi ki, qarşıda dayanan bütün vəzifələri icra edəcək. Ötən müddətin nəticələri də göstərdi ki, dövlət başçısı bütün vədlərini yerinə yetirib. Prezident İlham Əliyev uzaqgörən və praqmatik siyasətçi kimi çox yaxşı bilirdi ki, Ulu Öndər Heydər Əliyev strategiyasını reallaşdırmaqla, onun siyasi yolunu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkün olacaq. Qarşıda olan bütün çətinliklərə baxmayaraq xalqımızın həmrəyliyi milli problemlərin çözülməsində həlledici məqama çevrildi. Məhz dünyanı heyrətləndirən bu birlik Azərbaycana üç onilliyin əsas problemini - tarixi ədalətin, beynəlxalq hüququn təntənəsini təmin etməklə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmək imkanı verdi. Xalqımız bu tarixi qələbəni Prezident İlham Əliyevin liderliyi ilə rəsmiləşdirdi.

Qarabağ işğaldan azad olundu.

Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır.

Ötən illərə nəzər saldıqca Prezident İlham Əliyev hələ 2003-cü il keçirilən andiçmə mərasimində bildirmişdi ki, Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcək. İllər keçdikcə bir daha şahidi oluruq ki, dövlət başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirən lider kimi hər bir vətəndaşın sevgisini qazanıb. Növbədədənkənar prezident seçkilərində bu fakt bir daha təsdiqini tapdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda həyata keçirilən bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla reallaşır, ölkəmizin razılığı olmadan regionda hər hansı bir layihə həyata vəsiqə qazanmır. Bu gün Prezident İlham Əliyevin qüdrətli rəhbərliyi ilə Azərbaycan dünyada, xüsusilə Avrasiyada mühüm iqtisadi və siyasi oyunçu və güc mərkəzinə çevrilib.

İndi Azərbaycan yeni ümidlərlə yeni dövrə qədəm qoyur və heç kim şübhə etmir ki, bu dövrün də böyük nailiyyətləri olacaq. Bu strateji məqsədə çatmaq üçün Azərbaycan lideri qarşıya yeni vəzifələr qoyur.

Prezident İlham Əliyev andiçmə mərasimində daha bir vacib məqama toxunaraq qeyd etdi ki, yaxın illər üçün əsas məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etdirilməsi və dünyanın ən güclü orduları sırasında öz mövqeyini gücləndirməsidir.

Bu gün, təəssüf ki, planetimizdə qanlı müharibələrin ardı-arası kəsilmir, dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Buna görə də, Azərbaycan güclü orduya sahib olmalıdır, sərhədlərimiz güclü və etibarlı şəkildə qorunmalıdır.

Ölkə başçısının bildirdiyi kimi bu istiqamətdə də önəmli addımlar atılmışdır. Sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və Azərbaycan burada da ən müasir üsullardan istifadə edir. Dövlət büdcəsində də ən böyük xərclərin hərbi sahəyə yönəldilməsi belə deməyə əsas verir ki, regionun ən böyük ordusuna malik Azərbaycanda hərbi sənaye yeni mərhələyə qədəm qoyacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün haqlı olaraq regionda hərbi-siyasi və iqtisadi lider hesab olunur. Güclü ordusu və möhkəm iqtisadiyyatı, uzaqgörən və təcrübəli siyasətçinin rəhbərliyi ilə ölkəmiz dünyada mövqeyini və nüfuzunu möhkəmləndirir.

Sonda Emin Bağırov qeyd edib ki, Prezident İlham Əliyevin əsrə bərabər 20 illik fəaliyyəti yalnız xalqın maraqlarına xidmət edib. Bu illər ərzində ölkəmizin milli problemləri həll olunub, Azərbaycan sabitlik adasına çevrilib, ölkəmiz bütün hədəflərinə yenilməz lideri ilə nail olub.

Növbədənkənar prezident seçkiləri bir daha onu göstərdi ki, xalqımız öz lideri ilə birgə addımlamaqda qətidir, heç bir qüvvə bu ittifaqı, bu sarsılmaz birliyi poza bilməz. (AZƏRTAC)



Siyasət