Oğru elə bağırdı ki...

post-img

Nikol Paşinyanın növbəti sayıqlamalarının açması

“Danışıqlar yolu ilə istədiyimi verin, əks halda müharibə ilə götürəcəyəm”. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanın mövqeyini belə xarakterizə edib. Əlbəttə, Nikolun dilə gətirdiyi sərsəmlikdir. Bu yerdə yaxşı deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Amma hər zaman doğru tərəf olan Azərbaycanın bağrı daha çatlamayacaq. Ona görə ki, istədiyini əldə edib, mövqeyi haqqa, ədalətə əsaslanıb. 

Ermənistan işğalçı ölkə imicini üzə­rindən atmalıdır. Lap keçmişə getmə­dən bildirək ki, 44 günlük müharibənin başlanmasına rəvac vermiş “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirən Paşinyandır. Üstəlik, “yeni ərazilər uğrunda yeni müharibələr” şüarını irəli sürən də məhz Nikolun rəhbərlik etdiyi hökumətin müdafiə na­ziri olmuşdu. 

Bəli, keçmişə qayıtmadan ötən döv­rün bir-iki fraqmentini yada salmaq va­cibdir. Ona görə ki, Ermənistanın baş naziri ölkəsinin vaxtilə gerçəkləşdirdiyi vandalizm aktlarını Azərbaycanın indi­ki davranışı kimi xarakterizə edir. Bu isə o deməkdir ki, rəsmi İrəvan səmimi deyil. Nəinki səmimi deyil, habelə təx­ribatçıdır.

Təxribatdan söz düşmüşkən, fevra­lın 13-dəki hərbi toqquşma zamanı ilk atəş açan məhz erməni hərbçisi olub. İrəvan hazırda elə görüntü yaradır ki, sanki, bunu edən erməni ordusu yox, hansısa könüllü dəstənin üzvüdür. Həmin dəstə üçün qəribə ad da düşü­nülüb. Necə deyərlər, eyni dalğa, eyni koordinat. 

Vaxtilə Azərbaycan torpaqlarını işğal edənləri Qarabağın erməni kö­nüllüləri kimi göstərirdilər. Nədənsə sonradan həmin “könüllülərin” hamısı Ermənistan rəhbərliyində yüksək və­zifə sahibinə çevrildilər. Biri baş nazir oldu, digəri müdafiə naziri, bir başqası isə prezident postunu tutdu... 

Amma Azərbaycan tarixin təkrar­lanmasına yol verməyəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, quş quşluğu ilə sərhədimizi keçə bilməmə­lidir və bilməyəcək. “Erməni bayquşla­rı” da, həmçinin. Fevralın 13-də məhz həmin “bayquşlardan” dördü cəhən­nəmə vasil oldu. Yeniləri peyda olsa, onları da eyni aqibət gözləyir. Paşin­yan bunu nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır. Yəni, o, Azərbaycanı ittiham etməkdənsə, tipik erməni xislə­tini bir kənara qoysa, ölkəsi üçün daha çox iş görmüş olacaq. 

***

Erməni baş nazirin fikirlərinin ək­sinə olaraq bildirək ki, Azərbaycan, heç bir halda, diqqəti Ermənistana qarşı hərbi zorakılıq siyasətinə yönəltmir. Bu ritorikanı İrəvan və onun xaricdəki ha­vadarları tirajlayırlar. Meydana elemen­tar sual çıxır: Necə olur ki, Azərbaycan zorakılıq həyata keçirmək istəyir, şərti sərhəddə silahları ilk dindirən ermə­nilərdir? Ortada böyük ziddiyyət var. Ancaq durumu bir qədər təhlil edəndə görürsən ki, ziddiyyət ilk baxışdandır. 

Əslində, N.Paşinyan ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı aqres­siv tonda danışır. O, yenə də “amplu­asına” sadiqdir. Məlum olduğu kimi, ölkəmiz hazırda Ermənistanın işğalı altında olan dörd kəndi tələb edir. Pre­zident İlham Əliyev də bununla bağlı prinsipial mövqeyini açıqlayıb. Lakin Nikolun dünənki fikirlərindən belə çıxdı ki, İrəvan haqlı istəyimizi yerinə yetir­mək fikrindən uzaqdır. Ən pisi isə bu­dur ki, erməni baş nazir bəhanə kimi Azərbaycanın, guya, Ermənistana məxsus 31 kəndi ələ keçirdiyini vurğu­layır və məsələni ölkəsinin ərazi bütöv­lüyünün və suverenliyinin pozulması kontekstində qiymətləndirir. 

Əlbəttə, Paşinyanın mövqeyi iki ölkə arasındakı normallaşma prose­sindən boyun qaçırmaqdan başqa bir şey deyil. Deməli, Ermənistan iqtida­rı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirmək niyyətindən uzaqdır. Hərçənd, rəsmi İrəvanın sö­zügedən sənədi çoxdan boykot etdiyi də vurğulanmalıdır. Nəticə belədir: Pa­şinyan öz imzasına hörmətsiz yanaşır, nəinki dörd kəndi qaytarmaq istəmir, üstəlik Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılması öhdəliyinin yerinə yetirilməsindən də yayınır. 

Ən paradoksal məqam budur ki, müxtəlif xarici qüvvələrin təhriki ilə Cə­nubi Qafqazı qan çanağına çevirmək məqsədi güdən Ermənistan Azərbay­canı hərbi eskalasiya mühiti formalaş­dırmaqda ittiham edir. O, Azərbaycanın sərhədləri dəyişdirmək üçün Ermənis­tanla genişmiqyaslı müharibəyə başla­maq niyyətinin olduğunu deyir. Belə bir siyasi gedişə baş vurmaq, ilk baxışdan, sərsəmlik kimi görünsə də, məlumdur ki, bu, xaricdəki erməni havadarlarının “sifarişidir”. 

“Sifariş” Azərbaycan torpaqlarının yenidən zəbti barədədir. Sülh prose­sindən yayınmanın, silahlanmanın məqsədi də elə budur. Ermənistan və onu qlobal oyunların məngənəsinə atan xarici qüvvələr erməni avantüra­sına fokuslanaraq, Cənubi Qafqazdakı mövcud reallıqlara meydan oxumağa çalışırlar və İrəvanı illüziya bataqlığına çəkirlər. Hazırda Paşinyanın bəyanat­ları məhz həmin illüziyaların təsir gücü­nün təzahürüdür. 

Sonda Paşinyanın hökumətin icla­sında səsləndirdiyi daha bir fikrə diqqət yetirək. Azərbaycanı işğalçılıqda, Er­mənistanın ərazi bütövlüyünə qəsddə günahlandırmağa köklənmiş baş nazir, faktiki olaraq, bildirir ki, Prezident İlham Əliyevin Ermənistan qanunvericiliyində dəyişiklik tələbi də ölkəsinin suverenli­yinin pozulmasına cəhddir. Qeyd edək ki, Nikol konstitusiya islahatlarını özü gündəmə gətirmişdi. Hətta İspaniyada­kı məşhur ənənəyə istinad edərək belə bir metaforaya baş vurmuşdu: Ermə­nistan konstitusiyası qırmızı parçadır və öküzləri özünə cəlb edir. 

Əlbəttə, hazırkı davranışı nöqte­yi-nəzərindən Paşinyanın metaforası konstitusiyanın yolverilməz mahiyyəti­nin təsdiqidir. Ona görə ki, ana qanu­nun istinad etdiyi istiqlaliyyət bəyan­naməsi həm Azərbaycanın, həm də digər qonşuların suverenliyinin və ərazi bütövlüyünün şübhə altına alınmasıdır. Belə olan halda, əlbəttə ki, ölkəmiz sənədin dəyişdirilməsini tələb etməlidir və buna tam haqqı çatır. Ermənistan isə öz növbəsində, məsələyə həssas yanaşmalıdır. Düşünməlidir ki, bir ölkə­nin əsas qanunu, yaxud onun istinad etdiyi hansısa sənəd digər ölkələrə qarşı ərazi iddiası kimi avantüranı, separatizmi və ekstremizmi nəzərdə tutmamalıdır. Bəs erməni iqtidarı bu barədə düşünürmü, görəsən? 

Ə.RÜSTƏMOV
XQ

Siyasət