İtaliyanın əsas mətbu orqanlarından olan “Formiche” qəzeti fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsinə və ölkəmizin Avropa üçün əhəmiyyətinə dair məqalə dərc edib.
Yazıda prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin səslərin 92 faizdən çoxunu toplayaraq inamlı qələbə qazandığı qeyd olunur. Bildirilir ki, rəsmi Bakının maraqları və beynəlxalq münasibətləri ilə üst-üstə düşən mühüm siyasi dövr başlayır. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Azərbaycanın strateji sabitliyini təsdiqləyir, ölkəmiz Asiya ilə Avropa arasında mühüm rol oynayır.
Məqalədə Avropada Azərbaycanın əhəmiyyətinin təbii qaz tədarükündən daha artıq olduğu, ölkəmizin illərdir “köhnə qitə” üçün önəmli tərəfdaşa çevrildiyi vurğulanır. Qeyd olunur ki, Azərbaycan 2027-ci ilədək Avropaya təbii qaz ixracını ikiqat artırmaq öhdəliyini yerinə yetirməyə hazırdır. Azərbaycan 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qaz ixracına nail olmağı qarşıya məqsəd qoyub ki, bu da 2021-ci ildə ixrac edilən 8 milyard kubmetrlə müqayisədə çox əhəmiyyətli sıçrayış deməkdir.
Bundan başqa, yazıda CIFE Avropa İnstitutunun müəllimi, İsraildəki “Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzinin və Yunanıstanın Avropa və Xarici Siyasət üzrə Fondunun əməkdaşı Corc Tsoqopulosun fikirlərinə yer verilib. O, Azərbaycanın illərdir Avropa üçün önəmli yer tutduğunu və qitənin etibarlı təbii qaz tədarükçüsü olduğunu deyib.
“Azərbaycan Qarabağ müharibəsində Ermənistana qalib gəlib. Azərbaycanın regionda əhəmiyyəti yüksəkdir və regional məsələlərdə öz hesablamalarını aparır. Rusiya ilə yaxşı münasibətləri, Türkiyə ilə isə mehriban dostluq əlaqələri var. Bundan başqa, İranla münasibətlər xüsusi diqqətə layiqdir. Qarabağ müharibəsindən sonra bu iki ölkənin münasibətlərinin inkişafını diqqətlə izləməliyik. Təbii enerji və təbii qaz isə Azərbaycan-Avropa münasibətlərində iki əsas amildir, lakin biznes imkanları da çoxdur”, - deyə C.Tsoqopulos əlavə edib.
Yunan analitik Türkiyə vasitəsilə Azərbaycanla Avropa arasında təbii qaz əlaqəsinin mövcudluğunu, bu əməkdaşlığın nəzəri deyil, reallıq olduğunu bildirib.