Britaniyalı jurnalist: Prezident İlham Əliyev uzaqgörən siyasətçi və hərbi lider rolunu bir daha sübut etdi

post-img

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi təkcə İkinci Qarabağ müharibəsində uğur qazanmadı, o, həm də özünü uzaqgörən siyasətçi və hərbi lider kimi göstərdi. Hesab edirəm ki, indiki mərhələdə onun növbəti bir neçə il üçün rolunun təsdiqlənməsinə ehtiyac var idi. Üstəlik, növbədənkənar prezident seçkiləri Azərbaycanın neytrallığı qoruyub saxladığına dair dünyaya siqnal oldu. Onun həm Qərb, həm də Rusiya ilə çox gözəl diplomatik münasibətləri var, bu da son dərəcə vacibdir.

Bu fikirləri  açıqlamasında britaniyalı jurnalist və ekspert Neil Vatson səsləndirib.

O qeyd edib ki, Azərbaycanda faktiki olaraq ölkə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra mövcud olmayan yeni bir quruluş yaranıb.

“Prezident seçkiləri bütün dünyanın gözü önündə və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçdi. Azərbaycan hələ 2020-ci ildə özünün ərazi bütövlüyünü bərpa edib. Lakin yalnız ötən ilin sonundan bəri o, faktiki olaraq Qarabağın özünün üzərində tam nəzarəti ələ alıb, Xankəndidə yerləşən erməni qurumunun qalıqları darmadağın edilib. Seçkilər Azərbaycanda əlbəttə ki, erməniəsilli şəxslər də daxil olmaqla, etnik mənşəyindən asılı olmayaraq, səsvermə hüququ olan hər kəs üçün şans idi. Bu çox vacibdir, çünki göstərir ki, Azərbaycan yaşamaq üçün olduqca tolerant, inklüziv bir yerdir. İndi - Azərbaycanın artıq müharibə və ya “dondurulmuş” adlandırılan münaqişə vəziyyətində olmadığı bir vaxtda onun, şübhəsiz, çox güclü qalmalı olduğuna baxmayaraq, ölkə gələcəyə baxmalıdır”, - deyə ekspert vurğulayıb.

Demək olar ki, eyni zamanda dörd ölkədə – Azərbaycan, Rusiya, İran və ABŞ-da keçirilən prezident və parlament seçkilərini şərh edən ekspert bu vəziyyəti olduqca maraqlı adlandıraraq deyib: “Bu seçkilərin səbəbləri müxtəlif olsa da, həmçinin onlar qarşılıqlı əlaqədədir. Düşünürəm ki, bu, sadəcə, təsadüf deyil. Biz bir çox sahədə dəyişiklər astanasında olan dünyanı görürük. Rusiya-Ukrayna müharibəsi başa çatmayıb, getdikcə daha çox ölkə müxtəlif xarici və ya daxili məqsədləri reallaşdırmaq üçün ya Rusiyaya, ya da Ukraynaya qoşulur. Bu, həmçinin müəyyən dərəcədə Qərblə Rusiyanın müttəfiqlərindən biri olan İran arasında vəziyyətlə bağlıdır. Beləliklə, artıq dediyim kimi, hər şey bu və ya digər formada qarşılıqlı əlaqəlidir. Bu seçkilərin bir ortaq cəhəti var – bütün bu ölkələr hazırkı prezidentlərini və ya parlamentlərini təsdiq etməyə çalışırlar”.

Rusiya haqqında danışan, britaniyalı jurnalist deyib ki, Prezident Vladimir Putin Rusiya-Ukrayna münaqişəsi fonunda rolunun təsdiqlənməsini istəyir. Baxmayaraq ki, Rusiyada bir çoxları onun (münaqişənin – red.) ilkin səbəbləri, yəni, Krımın zəbt edilməsi ilə razılaşırdılar, bu gün onlar, əlbəttə, Ukrayna ilə müharibənin bu qədər uzanması faktından məmnun deyillər. Eyni zamanda, Putin böyük Qərb ölkələri arasında ciddi nifaqa səbəb olub. Əvvəllər bütün böyük Qərb ölkələri üçün Rusiyanı deyil, Ukraynanı dəstəkləmək adi iş idi, hətta dəb halını almışdı. Lakin düşünürəm ki, indi - onlar ölkələrinin real məsrəflərini, təhlükəsizlik baxımından deyil, iqtisadi səbəblər üzündən baş verən miqrasiyanın (Ukraynadan – red.) miqyasını gördükdə getdikcə daha çox dövlət dərk edir ki, bu münaqişəyə mümkün qədər tez bir zamanda son qoymaq üçün hansısa addımlar atmaq lazımdır. Aİ-nin bəzi ölkələri Ukrayna adından müharibənin aparılmasının dəyərindən xüsusilə şikayət edirlər. Beləliklə, fikrimcə, Avropa bu vəziyyət üzündən getdikcə daha da parçalanır. Putin siyasətini inadla davam etdirərək faktiki olaraq sübut edir ki, o, getdikcə daha çox dəstək alır. Rusiya-Ukrayna münaqişəsi səbəbindən üzləşdiyi sanksiyalar və problemlərə baxmayaraq, rusiyalıların əksəriyyəti onun və onun siyasəti ətrafında birləşib, onlar vahid qüvvə təşkil edirlər, Avropa isə tam əksinə... Qərb də Ukrayna ilə bağlı siyasətində vahid mövqedə deyil.

İrana gəldikdə, N.Vatsonun fikrincə, görünür ki, tamamilə başqa vəziyyətdir. “Prezident Rəisi İranda çox populyar deyil. Lakin hər birimizə məlumdur ki, İranın siyasəti və səsvermə prosedurları dünyanın digər yerlərində tətbiq edilənlərdən tamamilə fərqlənir. Düşünürəm ki, o da rolunun təsdiqlənməsinə ümid bağlayır, lakin, əslində, bu vəzifədə onun sələfi Ruhaninin hakimiyyətə gəlməsi baş verə bilər. Buna baxmayaraq, ola bilsin ki, onun rəhbərliyi ilə İranın Yaxın Şərqdə müəyyən dairələrin olduqca böyük dəstəyini qazana bilməsi faktı Rəisiyə kömək edəcək. Beləliklə, düşünürəm ki, biz çox güman Rəisinin yenidən seçilməsini görəcəyik”, - deyə ekspert qeyd edir.

Nəhayət, Birləşmiş Ştatlardakı vəziyyət. Məsələ ondadır ki, Co Bayden bir çox münasibətlərdə layiqli olduğunu sübut etsə də, özünü çox səmərəsiz bir prezident kimi sübut etdiyi hələlik fakt olaraq qalır. Onu tam şəkildə iradəsiz liberal adlandırmaq olar. “Hazırda Birləşmiş Ştatlara məhz belə liderin lazım olduğu sual altındadır. HƏMAS və İsrail arasındakı münaqişədə o, kor-koranə tərəflərdən birini dəstəkləyir. Əlbəttə ki, onun Qarabağ ətrafındakı vəziyyətin dərk etməməsi tamamilə acınacaqlı idi. Fikrimcə, gələcək seçkilər onun üçün əsl sınaq olacaq. Onun əsas rəqibi Trampın, bildiyimizə görə, Kapitoli təpəsinə hücumla bağlı sonsuz problemləri var. Lakin bu, həm də korrupsiya ilə bağlı ittihamlar və onun prezidentliyinin müxtəlif mənfi aspektləri ilə əlaqədardır. Buna baxmayaraq, qorxuram ki, adi amerikalı seçici üçün Tramp bir çox münasibətlərdə Baydendən daha üstündür. Düşünürəm ki, Baydenin Rusiyaya, İrana ı münasibətdə güclü mövqe nümayiş etdirdiyi, İsrail tərəfdaşı olduğu əsasında yenidən seçilmək cəhdi kifayət etməyəcək. Beləliklə, ABŞ-da noyabr seçkilərindən sonra ölkədə nə olacağını təhlil etmək çox çətindir”, - deyə britaniyalı jurnalist vurğulayıb.

Siyasət