Dövlətimizə qarşı qərəzə başlayan Avropa Şurası sülhün əldə olunmamasını istəyir

post-img

Cari ilin fevralın 1-də Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə Ermənistanla və Avropa Şurası ilə münasibətlərdən danışıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Lakin bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Eyni zamanda, dövlət başçısı Avropa Şurasına xəbərdarlıq edib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Belə ki, Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan edib. Ölkəmiz həmişə sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarı olub. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan daim sülhün əldə olunmasından danışıb. Qeyd edək ki, son zamanlar sülh prosesi xeyli intensivləşib. Bu prosesə Qərb dünyasının və Rusiyanın qoşulması bu işi biraz daha cazibədar edib. Çox təəssüflər olsun ki, vasitəçi kimi prosesə müdaxilə edən güc mərkəzləri öz strateji maraqlarını güdəndə sülhün əldə olunması ləngiyir. Vasitəçi tərəflərdən biri olan Rusiya isə Ermənistana silah göndərməyə başlayıb. Yaxın günlərdə təxminən 400 milyon dollarlıq müasir silahları Ermənistana göndərib. Bundan əlavə isə, Rusiya sülh müqaviləsinin Moskva şəhərində imzalanmasını istəyir. 

Onu da vurğulayaq ki, Qərb dövlətləri, Avropa Şurası və ABŞ da Azərbaycan üçün əlverişli olmayan şərtlərdən danışırlar: “Azərbaycandan çıxmış ermənilər geri qayıtsın, onlara beynəlxalq status verilsin” və s. kimi əsassız təkliflər irəli sürürlər. Bunlar ortaya çıxanda sülh müqaviləsi ilə bağlı fikirlər tamamilə dağılır. İndi isə Azərbaycan tərəfi növbəti dəfə bəyan edir ki, sülh müqaviləsinin imzalanmasını istəyir. Yaxın zamanda Ermənistan tərəfindən hansı cavabın gələcəyini görəcəyik.

Avropa Şurası ilə Azərbaycan arasında mürəkkəb münasibətlər yaranıb. Bütün bunlardan belə görünür ki, Avropa Şurası Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra başını itirib və dövlətimizə qarşı nifrət bəsləməyə başlayıb. Biz öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra Avropa Şurasının Azərbaycana qarşı kini bir qədər də artdı. Onlar ölkəmizə qarşı müxtəlif sanksiyalar tətbiq etməyə başladılar. Həmin sanksiyalardan biri də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası tərəfindən qəbul edilməməsidir. Nəticədə, məsələ mürəkkəbləşdi.

Öz növbəsində isə Azərbaycan Avropa Şurasındakı fəaliyyətini bir illik dayandırdı. Gələcəkdə nə olacağını demək çətindir. Bu gün isə vəziyyət xoşagələn deyil.

Fərid MUSTAFAYEV, 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Siyasət