Sergey Lebedev: MDB Müşahidə Missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək

post-img

MDB müşahidə missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək. Ötən həftələr ərzində missiya qərargahının rəhbərliyi ilə 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib, dairə seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin yaradılması ilə tanış olublar.

Bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev deyib.

Baş katib qeyd edib ki, müşahidə missiyası Azərbaycanda seçkiləri müşahidə etmək üçün yanvarın 17-dən etibarən fəaliyyət göstərir.

“Biz Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edirik. Həmçinin seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Dəvətə görə təşəkkür edirik. Biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu, böyük şərəf və məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir. Biz, ilk növbədə, beynəlxalq normaları və tələbləri deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki buna mütləq riayət edilməlidir. Məsələn, ABŞ-da seçki hüququ və seçki qanunları tamamilə fərqlidir, Avropa İttifaqı ölkələrində digər formadadır, hər ölkənin öz xüsusiyyətləri var. Bu səbəbdən biz MDB məkanının qanunlarını əldə rəhbər tuturuq. Müşahidələrimizə əsasən hazırlıq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir”, - deyə S.Lebedev vurğulayıb.

Siyasət